(nağıl-süita)

Desəm ki, kukla teatrı üzrə mütəxəssisəm, yalan danışaram.
Desəm ki, bu tamaşa məni valeh elədi, yenə yalan söyləmiş olaram.
Amma desəm ki, mən bizim doğma kukla teatrımızda çoxdandı belə zövqlü tamaşa, belə maraqlı kuklalar, belə suggestiv işıqlandırma görməmişdim, sadəcə, öz həqiqətimi dilə gətirərəm. Kamran Şahmərdan balacaboy, sanki dördkünc bir adamdır, görkəmcə Hollivudun komediya ulduzu Deni Devitonu xatırladır. Di gəl ki, dam dolusu toyu var, kuklalarla min bir oyunu var və səhnəni eleqant miniatürə çevirmək üçün Tanrıdan istedad kuponu var. 

Onun tamaşası adlanır “Ağ və Qara”. Yox, nə şahmatla ilişiklidir bu ad, nə rəssamlıqla, nə də irqi diskriminasiya problemilə. Qədərincə simvolikdir, vəssalam. Mən anlayanı burada Ağ işığı (Günəşi) bildirir, Qara - korluğu. Hərçənd... işıq da adamı kor eləmək gücünə malikdir. Yəni görmə spektrinin ağ və qara qütblərində mahiyyət eyniləşir; korluq olur: həyat öz möcüzəli rənglərilə bu iki qütbün arasındadır. Burdan ora və ordan bura düşmək üçün iynə ucu boyda addım atmaq gərək. Qısası, tamaşa kontekstində “Ağ və Qara”nın mənasını mən bu sayaq “oxuyub” çözdüm. Yeri gəlmişkən, onu da bəyan edim ki, Kamran Şahmərdan bir Finlandiya sənətçisi. Orada bu kişi bir kukla teatrının bədii rəhbəri. Bax, həmən o kukla teatrının da adı “Ağ və Qara”... Beləliklə, şəcərə aydın və məlum...
... qap-qaranlıq səhnə fəzasıdır, bir də ağ libasa bürünmüş qadın. Ana uşaq doğub - kor. Vay, bəlli bir motiv. Vay, melodram üçün başlanğıc. Vay, hind filmindən kinokadr. Hələ bu harasıdır? Uşaq ana qucağında. Ana qucağı nənni kimi də, beşik kimi də yozula bilir. Nədən ki, vizual qavrayış birmənalı deyil. Bəlkə də “beşik, ana, körpə” üçbucağı doğum aktının imitasiyası. Çünki tamaşada rəssam beşiyi (nənnini) elə “quraşdırıb” ki, beşik körpənin gəldiyi bətn yolunu xatırladır.

Ana (Lina Məmmədova) uşağı beşikdən alıb səhnə döşəməsinə qoyanda körpə dönüb olur ipli kukla - kor Cırtdan. Və elə bu məqamda Ananı ölüm haqlayır, “əcəl alır, yer gizləyir”. Vay, vay, bu nə yazıq, nə bədbəxt Oğlan - kor, anasız. Ağlamalı kukla oyunu.
Tamaşanın bu hissəsi çox statik və yorucudur; bir az da üzücüdür: kor, yetim Cırtdan... Əgər göy də guruldayıb yağış yağsa, yeddi namə tamam olar. Hətta nağılı danışan Aqil M.Quliyevin baritonal səsi də, sakit intonasiyaları da vəziyyəti xilas eləmir. Kukla oyunu lap yavaş-yavaş epik aləmdən “süzülüb” ritmə düşür, məkan içrə canlanır.

Əslində, tamaşa küləyin - ağ, uzunsaç maska-kuklanın səhnəyə çıxarılması ilə başlayır. Balaca “pistolet” projektorların “aqressiv” işığında külək sədəf rənginə boyanır və əla baxılır. O, cırtdan balanın havadarı, himayəçisidir: tamaşanın əvvəlində külək (kuklaçı Cavidan Hüseynzadə) belə təqdim edilir. Ancaq sonradan... onun bu missiyası unudulur. Qoca küləyin huşsuzluğu?!. Hm... amneziya?!. Xülasə, axırı nə tövrsə, uşaq küləyin yadından çıxır: külək passivləşir və yalnız tamaşanın ötəri epizodu, qəşəng bir fraqmenti kimi qavranılır. Sözümün canı bu ki, rejissor Kamran Şahmərdan səhnələşdirmənin müəllifi Kamran Şahmərdana obyektivcəsinə, tələbkarcasına yanaşmayıb. Nəticədə, səhnələşdirmə əhvalat hüdudlarını adlayıb keçə bilməyib, dialoqlar səviyyəsində qalıb, pyesə çevrilməyib. Lakin... kukla teatrı üçün dramaturji mükəmməllik və söz heç vaxt bir elə də önəmli sayılmayıb. Əsas görüntüdür, nağılın vizual gerçəkliyidir, fantaziya əlvanlığıdır.    

Bax, Şahmərdan Kamranı da, mənim fikrimcə, ilgiləndirən məhz budur: müxtəlif təbii stixiyaları və dünyanı kuklalar vasitəsilə obrazlaşdırmaq, onlara rəng vurub qəşəng plastik formalar vermək, həmin formaları işıq altında ləzzətlə gəzdirmək və uşaqlara göstərmək, uşaqlara zövq aşılamaq. Tamaşanın dəyəri, sanıram ki, bundadır: nağıl, süjet bəhanədir. Ol səbəbdən də Kamranı pyes müəllifi statusunda müzakirə predmeti eləmək düzgün olmaz: o, sadəcə, mətn tərtibçisidir, həvəskar nağılçıdır.

Kor Oğlan (kuklaçı Rəhim Rəhimov) səhnənin qara anturajında qara geyimdədir: odur ki, işıq kuklanın bədənini və iplərini “öldürür”. Bu üzdən də səhnə fəzasında, səhnə boşluğunda təkcə maska, əllər və ayaqlar görsənir. Sadəcə, bu kukla tamaşasının estetikasını quruluşçu rejissor Şahmərdan belə müəyyənləşdirib. Kuklaçılar da təpədən dırnağa kimi qara əbaya bürünüblər. Onların fiqurları da qapqara səhnə içində sezilə, ya sezilməyə. Kuklalar səhnəyə gələndə bilirsən ki, onları kimsə gətirdi. Sonra kuklaçılar nə tövr olursa, qaranlıqda “əriyir”lər və məkanda yalnız kuklalar qalır. Bunun səbəbi odur ki, tamaşanın işıqları əla qurulub: işıq kuklalara fantastik dünyanın ruhunu, hüsnünü verir. Digər tərəfdən kuklaları (quruluşçu rəssam Tatyana Melnikova) yaraşıqlı, cəzbedici və diqqətçəkən düzəldiblər. Bu kuklalar sanki nağıl, sehr dünyası ilə gerçəklik arasında mövqelənib. Mən əminəm ki, uşaqlar Hacıleyləyə, Balığa (kuklaçı Cavidan Hüseynzadə), İlbizə (kuklaçı Afət Zülfüqarova) əfsunlanmış kimi baxacaqlar.

Hacıleylək -  dünyanın ən iri, kök Hacıleyləyi; qədərincə doğruçu, böyük. Hollandiyada nağıl təsəvvürünə görə körpələri guya Hacıleylək “bağışlayır” ailələrə. Bura isə Bakıdır və bizim kukla teatrında bu mif dağıdılır; Hacıleylək imkansızdır və kimsəsiz kor Oğlana yiyə dura bilmir, onu özüylə apara bilmir və pırr eləyib uçur. Halbuki Hacıleyləyin kuklası Oğlandan xeyli zorbadır və o, Şarl Perronun məşhur nağılında Martin adlı qazın hünərini təkrarlamaq iqtidarındadır. O da mümkündür ki, quruluşçu rejissor və rəssam kukla personajları bizə balaca Oğlanın gördüyü kimi, qavradığı kimi göstərirlər.

Zəif dramaturji material həmişə melodramaya meyil edir. Odur ki, Şahmərdanın qəhrəmanı bütün bədbəxtlikləri maqnit kimi çəkib özünə “hopdurur”. Onun yaşadığı dünya apriori bədbəxt dünyadır.
Cırtdan Oğlanı (kuklaçı Rəhim Rəhimov) cəmiyyət də qəbul etmir; qovur. Xatırlayın, “Çirkin ördək balası” cizgi filmini: quş həyəti kifir ördək cücəsində qu quşunu tanımadı, onu “özgəsi” adı ilə “damğalayıb”  bayıra tulladı. Eləcə də Aşxana sahibi, Keşiş, Polis, Şəhər meri bu zavallı kor kimsəsizə öz cərgələrində yer tapa bilmirlər. Bəlkə də bu səbəbdəndir ki, rejissor Kamran Şahmərdan onları div kimi, div (və ya əntər) maskasında öz seyrçilərinə görükdürür! Buradan isə assosiativ cərgəni (ya da yozumlar silsiləsini) hara desən, ora da aparıb çıxarmaq olar.

Toplum Oğlanı gölə atır və rejissor səhnəyə su stixiyasının obrazını proyeksiya edir. Səhnə sanki “su ilə dolur”. Bu stixiyanın “qəhrəmanı” isə iri naqqa balığıdır: elə Hacıleylək boyda olar. Naqqanın da kuklası çox qəşəngdir: həm də elastikdir, manevrlidir. Göl ona məxsusdur və bu balıq necə istəsə, hara istəsə üzür. Məhz bu balıq kor cırtdanı boğulmağa qoymur, sudan xilas edir və ona İlbizə olan sevgisindən danışır.
Bu da sevgili İlbiz, daha doğrusu, içində mirvari bəsləyən balıqqulağı. Quruluşçu rəssam Tatyana Melnikova uzun qadın kipriklərinə oxşadıb qəmzəli İlbizi. Sən bir işə bax ki, kor Cırtdan da bu “gözəl”in səsinə vurulur və onu sevir. Bu sevgidən oğlanın gözləri açılır. Amma dünyada gözün sevəsi o qədər şey var ki... Onlardan biri də Günəş... Bu gözəllikdən doymaq olarmı? Əsla. Balaca Günəşə doğru “cumur”, onun şüaları içinə girir... və yenidən kor olur...

Bədbəxt yaratmışdır səni kuklaçı Kamran!!!
Ancaq bu “bədbəxtlik” sistemində son dərəcə effektli bir Günəş imitasiyası var səhnədə... Seyrçi səhnədə Günəşi görür və onun varlığına, gözəlliyinə sevinir. Hərçənd gözəl Günəş kor da eləyə bilir insanı. Çünki Günəşin özü də heç nəyin fərqinə varmır: yəni o da bir növ kordur. Elə buradaca Kamran Şahmərdan bədbəxt kor cırtdanbala haqqında nağılını bitirir.

Nağıl kimi nağıl deyil, fəlsəfə kimi - fəlsəfə: amma tamaşa səni yormur, çiyrindirmir. Hərdən hətta rejissorun dəqiqliyinə, səliqəsinə, tamaşanın bütövlüyünə görə ona ürəyində bir “əhsən” də deyirsən. Bu dəfə kukla teatrında kuklaların səsləndirilməsi də çox uğurludur: şit, həyasız məişət nidalarını, ciyiltiləri eşitmirsən. Hacıleyləkdən tutmuş İlbizə qədər hamı normal, anlaşıqlı dildə danışır. Biz məişəti, küçəni nağıla gətirəndə nağıl dünyasını  “zibilləyirik”, dağıdırıq.

Nə isə... Demə, kukla teatrı barədə yazmağa həvəsim varmış... bu tamaşa bəhanə düşdü. O ki qaldı Kamran Şahmərdanın “Ağ və Qara” kukla oyununa, tamaşa nə çox yaxşıdır, nə də çox pis. Buna baxmayaraq mən onu kukla teatrımız üçün lokal uğur, gərəkli qan köçürməsi, yeniləşmənin startı hesab edirəm. Həqiqətən, kukla teatrında işıq-kölgə effektindən yararlanıb kuklaları uşaqlar üçün möcüzəyə çevirmək olar.

“Möcüzə” demişkən... Mən tamaşanın proqramından oxudum ki, quruluşçu rəssam Tatyana Melnikova üç dəfə Rusiyanın ən ali teatr mükafatının, - “Qızıl maska”nın, - sahibidir. Bir az inanmadım, bir az təəccübləndim. İnformasiyanı “dünya hörümçəyi” də təsdiqləmədi. Bəs, görəsən, Finlandiyada “əməkdar incəsənət xadimi” fəxri adı neçənci ildən qüvvəyə minib? Orada belə bir fərqləndirmə sistemi varmı? Əgər varsa, niyə mən indiyəcən bilməmişəm? Əgər yoxsa, onda Kamran Şahmərdan necə Finlandiyanın əməkdar incəsənət xadimi fəxri adını alıb? Məsələni əlüstü dəqiqləşdirdim. Həqiqətən, Finlandiyada “əməkdar incəsənət xadimi” kimi fəxri ad yoxdur. Amma o doğrudur ki, Kamran 2008-ci ildə Finlandiyada “ilin sənətçisi” kimi dəyərləndirilib. Bu oldu ayrı söhbət... İndi səhvdi də, düşüb proqrama...  Ağ və Qara... simptomatik bir hal... və həmişə yanaşı...

P.S. Yadıma gəlir, amerikalı müğənni Din Rid, yəqin indiyə qalmaz, ölər, oxuyardı ki, “Ağla Qara birlikdə olacaq bir gün”. Heç, sadəcə, assosiasiyadır, mətləbə dəxli yoxdur.

Aydın TalıbzadƏ