Ramil Qasımov:
   «İstəyirəm şou-biznes kimi, teatr sənəti də inkişaf etsin»
  
   Müsahibimiz bu yaxınlarda Gənclər və İdman Nazirliyinin 2008-ci ildə teatr sahəsində qazandığı uğurlarına görə mükafata layiq görülən, Musiqili Komediya Teatrının istedadlı gənc aktyor-vokalçı Ramil Qasımovdur.
  

   Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhəri üzrə keçirilmiş məktəblərarası müsabiqənin diplomantı, 1996-cı ildə “Pöhrə”, 1999-cu ildə isə Respublika Gənc Vokalçılar müsabiqəsinin qalibi, 2001-ci ildə hərbi-vətənpərvərlik mahnısına görə ilin vətənpərvər ifaçısı adını qazanıb. 2005-ci ildə Mədəniyyət və İncəsənət Universitetində “solo oxuma” ixtisası üzrə kamera və opera müğənnisi ixtisasına yiyələnib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Teatrın səhnəsində “Qızıl toy” (Azər), “Bir saatlıq xəlifəlik” (Malik), “Hələlik” (Mürsəl), “O olmasın, bu olsun” (Sərvər), ”Qısqanc ürəklər” (Telman), “Şeytanın taleyi” (Akif), “Milyonçunun dilənçi oğlu” (Yetim), “Aldın payını, çağır dayını” tamaşalarında uğurla çıxış edib. Hazırda isə dünya klassikasından İ.Kalmanın “İddialı qaraçı” əsərində Pali Rac rolu üzərində işləyir.
   - Öncə sizi mükafat almağınız münasibəti ilə təbrik edirik. Gözləyirdinizmi?
  
- Qətiyyən. Amma çox sevindim. Təqdimat Teatr Xadimləri İttifaqından gedib. Ona görə başda Azərpaşa Nemətov olmaqla hamıya dərin təşəkkürümü bildirirəm. Bundan başqa, Səbail rayonunda təşkilati işlərimə görə də mükafat almışam.
   - Səhnə fəaliyyətinə nə vaxt başlamısınız?
  
- On bir yaşım var idi. “Bəxtiyar” filminə baxdıqdan sonra məndə M.Müşfiq adına 18 saylı orta məktəbin özfəaliyyət xorunda oxumağa həvəs yarandı. Musiqi müəlliməm Şəfiqə Həsənova səsimin fərqliliyini görüb mənə solo oxumağı təklif etdi. Bir gün dostum, adaşım Ramil məni Dövlət Uşaq Filarmoniyasında vokal müəllliminin yanına apardı. Onu görəndə gözlərimə inanmadım. Bu Mobil Əhmədov idi. O, səsimə qulaq asıb bəyəndi və 15 yaşımda Musiqili Komediya Teatrına solist düzəltdi. İlk rolum “Qızıl toy” tamaşasında Azər oldu.
   - Bildiyim qədər, ixtisasca vokalçısınız, amma teatrda çalışırsınız. Sizin yaşıdlarınızın çoxu isə şou-biznesdə məşhurlaşmaq haqda düşünür.
  
- Düz deyirsiniz, mən əslində vokalçıyam, artist deyiləm. Amma teatr sənət ocağıdır. 15 yaşımdan səhnədəyəm. Mənim üçün səhnə müqəddəs yerdir. Səhnəni, onun pərdələrini, qoxusunu sevirəm. Nə qədər ictimai fəaliyyətim artsa da, səhnəyə çıxıb Koroğlunun ariyasını ifa edəndə və tamaşaçını özümə cəlb edəndə, sevinirəm. Bu hissi heç nəyə dəyişmərəm. Səmimi deyim, bir ara ruh düşkünlüyünə qapılmışdım. Çox uzağa getməyəcəm...ötən həftənin bazar günü “Milyonçunun dilənçi oğlu” əsərini oynayırdım. Tamaşa vaxtı öz ifama vuruldum. Bu məndə çox nadir hallarda baş verir. Çünki özümə qarşı daha çox mühafizəkaram. Mən həmin ifamın qarşılığında tamam başqa reaksiya gözləyirdim. Amma tamaşaçılar sanki candərdi əl çaldılar. Teatr axı canlı sənətdir. Burada tək mənə yox, Süleyman Ələsgərovun ruhuna, tamaşaya əl çalırlar.
   Bilirsinizmi, mən də şou-biznesə gedə bilərəm, amma Ramiz Mirişli ilə bir- iki estrada mahnısı yazmışam. Amma mənim ən ümdə məqsədim milli musiqini qorumaq, milli vokal antologiyasını yaratmaqdır. Bu yaxınlarda vətənpərvərlik mahnılarından ibarət albomum işıq üzü görəcək. Mən vətənpərvər insanam. Vətənimi, millətimi sevirəm.
   Uzun müddət radioda “Klassik musiqi xəzinəmizdən” adlı verilişin müəllifi və aparıcısı olmuşam. Bu illər ərzində Azərbaycan mədəniyyətinin simalarını təbliğ etmişəm. Amma deyə bilərsiniz ki, gündəmdə yoxam. Bəli gündəmdə yoxam, çünki efirə çıxmaq üçün kanallar məndən pul istəyir. Özü də mən tək deyiləm, mənim kimi nezə istedadlı gənclər var - Samir Cəfərov, Ülvi Qılınc, Fərid Əliyev, Zaur Əmiraslanov və başqaları.
   Rusiyada vokal sənəti də inkişaf edir, şou-biznes də, caz da və s. Amma bizdə ancaq şou-biznes. Şou-biznes çiçəkləndiyi kimi teatr sənəti də inkişaf etməlidir.
   - Belə başa düşdüm ki, ruh düşkünlüyünüz hələ də davam edir...
  
- Yox, teatrımızda yaradıcı heyət üçün hər cür şərait yaradılıb. Teatrımız tez-tez xarici səfərlərdə Azərbaycan mədəniyyətini təmsil edir. Bu yaxınlarda teatrımız Yekaterinburqda təşkil olunan “Dünya operettası bu gün” adlı festivaldan qayıdıb. İnarə Babayeva ilə Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasından Sərvərlə Gülnazın bir partiyasını ifa etdik. Çıxışlarımızı böyük rəğbətlə qarşıladılar.
   - Teatr əlindən gələni edirsə, çatışmayan nədir?
  
- Təbliğat güclü olmalıdır. Efirdə teatrların pulsuz anonsları getməlidir. Teleradio Şurasının buna nəzarəti olmalıdır. Hər gün efirdə şou-biznes adamlarını görən tamaşaçı əlbəttə ki, özünün dahi sənətkarlarını Ü.Hacıbəyovu, R.Behbudovu və b. tanımayacaqlar. Gənc nəsil mədəniyyətimizin sütünlarından xəbərsiz böyüyəcək. Mən həm də teatrda vokal müəllimi işləyirəm. Çox istəyirəm ki, tələbələrim Bülbül məktəbinin layiqli davamçıları olsunlar. Bir şeyə təəssüflənirəm ki, musiqi mərkəzlərində təhsil alan tələbələrin repertuarında Avropa bəstəkarlarının əsərlərinin hamısı var. Nəyə görə dünya səviyyəli vokalçıların repertuarında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqiləri yer almasın? Deməli, biz hələ layiqincə musiqilərimizi təbliğ etmirik.
   - Yəqin arzusunda olduğun obraz var...
  
- Opera və Balet Teatrında Koroğlunu, Musiqili Komediya Teatrında isə Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” operettasında oynamaq istəyirəm.
   - Opera Balet Teatrı demişkən, sizi ora dəvət etməyiblər ki?
  
- Hələ ki, yox. Amma düzünü desəm, daha ürəyim sınıb.
   - Musiqidən, teatr məşqlərindən, təşkilati işlərdən vaxt tapanda nəylə məşğul olursunuz?
  
- Mütaliə etməyi sevirəm, bir az rəssamlığım da var. Hərdən bir də tələbələrimlə oturub diskussiya edirik.
  
   Hazırladı: Aylin






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar