Ayin və oyun
   
   XXI əsrə möcüzə kimi daxil olan incəsənət növlərindən birincisi çox güman ki, teatr olacaq. Səbəbi aydın və üzdədir: teatr incəsənətin canlı növüdür və tamaşa «burada və indi» baş verən aktdır - Oyun zamanla gizli bir müqavilədir. Deməli, teatr zaman kimi ən nəhəng fəlsəfi məfhumla ittifaqdadır. Bəlkə elə buna görə bütün zamanların ən cazibədar və mistik məkanı teatrdır. Ötən il peşəkar Azərbaycan teatrı 135 yaşını qeyd etdi. Xalqın milli oyun mədəniyyətinin yaşı isə bundan on dəfələrlə çoxdur. Açıq havada oynanılan mərasim tamaşaları, etno-mədəni oyunlar, dini-mistik xarakterli şəbeh tamaşaları tarixi qədimlərə gedib çıxan meydan teatrına aiddir. Meydan teatrının bir başqa adı «Orta oyunu»dur. Meydan teatrında oyunçuları dövrələmiş tamaşaçılar oyuna qoşula bilir və tərəfə çevrilmədən (klassik peşəkar teatr modeli tamaşaçını tərəf kimi görür və üzbəüz əyləşdirirdi) tamaşaçı-oyunçu-tamaşaçı ünsiyyət aktına qoşulurdu. Bu da bütün XX yüzil boyunca rejissorların, teatr adamlarının axtardığı «tamaşaçı ilə üzvi əlaqə» idi.
   Dünyanın ən qədim elmi qaynaqlarında türk dilində işlənən “oyun”, «oyun babası” sözlərinə rast gəlinir. Oyun və oyunbabası sözləri bu günümüzə «tamaşa» və «rejissor» kimi transfer olunur. «Ayin»sə mərasim, ritual deməkdir.
   Meydan teatrının bir qolu olan mərasim tamaşalarına «Qodu-Qodu» (əkinə ziyanlı leysan yağışlarının kəsilməsi üçün xalq inancı əsasında oynanılan mərasim-tamaşa), «Kəvsəc» (uzun çəkən və sərt keçən qışı qorxutmaq üçün keçirilən şənlik), «Güdül» (yağışı çağırmaq məqsədi ilə keçirilən mərasim) kimi oyun tamaşalar aiddir ki, bu ayin-tamaşalarda müxtəlif obrazlar canlanırdı. Bunların içində indiyə qədər oynanılan «Novruz» tamaşaları da xüsusi yer tutur. Yazı və qışı obrazlaşdıran Kosa və Keçəl xalqın sevimli qəhrəmanlarıdır.
   Meydan teatrını janrlara görə ayırsaq, İslamdan çox öncə keçirilən yuğ mərasimləri (ölmüş igid xatırlanır, onun həyatından qəhrəmanlıq səhnələri oynanılır və ud çalıb ağı söylənilirdi), İslamdan sonra oynanılan şəbeh tamaşaları (Şəbehlərdə imam Hüseynin tərəfdarları ilə Yezidin adamları arasındakı mübarizə təsvir olunur, imamların qətli və şəhid olması təsvir olunurdu) faciə janrında peşəkarlaşmış ilk tamaşalar idi. Məsxərələr, qaravəllilər və başqa komik janrlı oyunlarda isə maskalardan da istifadə olunurdu və bu tamaşaların bəlli xarakterli qəhrəmanları vardı. Onlar komediya janrında ilk tamaşalar idi.
   
   135 yaşlı milli teatr və yeniyetmə teatrlar
   
   Mütəşəkkillik və peşəkarlıq halına keçid dövründə Azərbaycan teatrı Avropada və Rusiyada təhsil almış yerli ziyalıların, maarifçilərin sayəsində Avropa teatr modelini qəbul etdi və maarifçi missiyasında peşəkarlaşdı. 1908-ci ildə Şərqdə ilk opera olan «Leyli və Məcnun» yazıldı. Və elə əsrin əvvəllərində, neft bumunun Bakını şöhrətləndirdiyi bir zamanda, Bakı milyonçuları şəhərdə gözəl teatr binaları tikdirdilər. Opera teatrı (indiki Opera və Balet Teatrı), Tağıyev teatrı (indiki Musiqili Komediya Teatrı) o illərin yadigarıdır. Peşəkarlığa qədəm qoyduğu vaxtlardan (1873-cü ildən) ta sovet hakimiyyətinin süqut tarixinədək teatrımız klassik rus teatrının ənənələrini mənimsədi və yalnız bəzi məqamlarda milli oyun estetikasının cizgilərini göstərə bildi (Akademik Milli Dram Teatrının, Musiqili Komediya Teatrının, Şəki Dövlət Dram Teatrının və Kukla Teatrının simasında). Yalnız ötən əsrin sonlarında teatr prosesində (ictimai-siyasi proseslərə adekvat olaraq) yeni istiqamətlər yarandı. Yeni istiqamətlər təzə estetik meyarlar demək idi və bu istiqamətlərdə milli oyun estetikasının ayrı-ayrı təzahürləri yarandı. Məhz bu illərdə ölkədə yeni teatrlar, janrlar yarandı ki, bu gün bu teatrlar yeniyetmə yaşdadılar. Bunlardan biri paytaxtda yerləşən Dövlət Pantomima Teatrıdır.
   Teatr forması kimi peşəkar pantomima XX əsrin əvvəllərində Fransada yarandı. Pantomima (Phantomimos) yunan sözü olub, “hər şeyi ifadə edə bilmək bacarığı”- deməkdir.
   Peşəkar Azərbaycan pantomiması 15 illik dövrü əhatə edir. Teatrımızın tarixində ilk pantomim tamaşasını Bəxtiyar Xanızadə 1993-cü ildə hazırladı - «Bir aktyor üçün him-cim oyunu» (Semuel Bekket). Sonralar bu tamaşanı «Ümid» adlandırdılar. Bu Azərbaycan teatrı üçün yeni sənət hadisəsi, ilk sözsüz tamaşa idi. 1994-cü ilin mayında «Dəli yığıncağı» pantomim studiyası yarandı. Qısa zaman içində Azərbaycan Teatr Xadimləri İttifaqının və «Dəli yığıncağı» pantomim studiyasının təşəbbüsü ilə Bakıda «Him-cim» adlı I və II Beynəlxalq pantomim festivalları keçirildi. Azərbaycan pantomiması «Gəldim ki, olam qəmin hərifi» (Füzuli), «Zibillik pərvanələri» (B.Xanızadə), «Kesa və Marito» (Akutaqava), «Kublar», «Dulusçu» tamaşaları, pantomima nömrələri ilə bir çox beynəlxalq teatr festivallarında iştirak edib mükafatlar qazanmışlar. Sözsüz ki, milli oyun mədəniyyətimizdə pantomima janrının qaynaqları var. Hələ İslamdan çox əvvəl Azərbaycanda kökü şamanlıqla bağlı olan yuğ mərasimləri keçirilib. Bu mərasimlərdə dünyadan getmiş igidi xatırlayır, vəsf edir və ağlayırdılar. Onlar mərhumun qəhrəmanlıqlarından pantomim süjetlər göstərirdilər. Yuğçu rəqqasların hərəkət elementləri sonralar «Lal oyunu» adlanan meydan tamaşalarında təcəssüm taparaq bu dəfə yeni mənalar kəsb etdi. «Lal oyunu» adından göründüyü kimi, him-cimlə həm plastik, həm də zərif bədən hərəkətləri ilə, söz işlətmədən göstərilirmiş.
   Milli teatr poetikasında bədahətçiliyə əsaslanan «Hoqqa» tamaşalarında klounluq, janqlyorluq, gözbağlıca və s. birləşirdi. Bu tamaşalar jest və him-cimlə zəngin olurdu. Hoqqabazlıq min cür kələkli, gülməli ifaçılıq deməkdir. Hoqqabaz him-cim üslubuna xas olan bütün işarələrlə danışmaq məharətini də özündə birləşdirir. Bu, bir növ yunan miflərinə bənzəyir.
   «Kaftarküs», «Kor döyüşü», «Kar toyu» oyun-tamaşalar da pantomimadan ibarətdir. Əlbəttə, bunlar hələ professional şəkildə deyildi və bu tamaşaları peşəkar pantomimalarla müqayisə etmək yersizdir. Əslində «Lal oyunu» primitiv, arxaik pantomimadır, təqribi plastik dəqiqliyə malik etüddür, çünki burada başlıca məqsəd süjeti hərəkətlərin vasitəsi ilə dinməzcə «danışmaqdır», vəziyyəti bədənin köməyi ilə məkanda aktuallaşdırmaqdır. Heç şübhəsiz, pantomima da mətndir; vizual səhnə mətnidir. Amma «Lal oyunu»ndan fərqli olaraq pantomima hiperboladır, xalis şişirtmədir, qroteskdir, eyhamlar sənətidir».
   Çağdaş peşəkar Azərbaycan pantomiması milli poetik ənənələri, xalq teatrı estetikasını, bu janrın yeni nailiyyətlərini və özəl üslub xüsusiyyətlərini özündə birləşdirir. Sirk klounadasını, akrobatikanı, komediya aktyorluğunu özündə təcəssüm etdirən meydan teatrından və bəzi başqa teatral mərasimlərdən (məs. yuğ) kökünü götürən pantomima janrı peşəkar formaya keçidində daha da cilalandı və mükəmməl mövqe tutdu.
   Çağdaş pantomimada bəzi mövzuların ən müxtəlif səhnə təfsirində ironiya, məsxərə və qabardılmış kinayə var ki, bunlar da xalq oyun poetikasında məsxərə tipli məqamlarla bol olan meydan tamaşaları ilə üzvi əlaqəsi bağlıdı.
   Dövlət “Yuğ” Teatrının «yuğ» kimi qədim türk ritualının poetik sakral səciyyələrini özündə birləşdirməsi ənənəvi teatr modelindən çıxış üçün yeni bir forma yaratdı. Yuğ teatr studiyası 1989-cu ildə Azərbaycan Akademik Milli Dram Teatrının nəzdində yaradıldı. 1990-cı ilin yanvarın 9-da teatr-studiya olaraq “Yuğ” ilk dəfə tamaşaçılarla «Salam»laşdı. Bu ilk tamaşalarla “Yuğ” Teatrının rəhbəri və rejissoru milli teatr poetikasına təcrübi bir məqam kimi yanaşdı. Rejissorun klassik əsərlərə verdiyi konseptual yozumlar məhz bu poetikanın imkanlarıyla ortaya çıxırdı.
   “Yuğ” Teatrında teatrın estetik meyarlarına, psixosof poetikasının prinsip-tələblərinə uyğun olaraq tamamilə başqa istiqamətli aktyor ifa texnikası müəyyənləşdi. Bu texnikanı iki əsas məsələ həll edirdi: (yuğ mərasimlərindən gələn) etno-mədəni kult (türk-azəri) və müasir, stilizə olunmuş forma. Bunu uzaqları görmək üçün bünövrə - pyedestal adlandırmaq mümkündü. Teatrın poetika xüsusiyyətlərində yaradıcı metod olaraq psixosofun rolu böyükdür. «Gəl gedək», «Səma», «Yuxu», «Dad», «Adam uşağı», «Bir, iki, bizimki», «Canımda can» tamaşalarında “Yuğ” Teatrı tamaşaçılarla üzbəüz zikr, vird məqamları yaşadı.
   Ötən əsrin 90-cı illərində yaranmış teatrlardan biri də Bakı Kamera Teatrıdır. Yaradıcısı bir vaxtlar Rus Dram Teatrında işləmiş rejissor Cənnət Səlimovadır. Bakı Kamera Teatrının estetikası yığcam bir realist-psixoloji ənənələrə köklənir. Forma etibarı ilə kamera teatrı sanki XXI yüz ilin klassik teatr modelidir. Şəraitin bağışladığı forma Bakı Kamera Teatrının estetikasını tamamlayan ən maraqlı məqamdır; səhnə aşağıdadır (qədim yunan teatrosundakı kimi), zal kiçik və yığcamdır. Rejissor Cənnət Səlimova üçün tamaşaçı çox önəmlidir və yuxarı başda oturan tamaşaçı barədə onun öz fikirləri var. Məsələn, belə: «Tamaşaçı həmişə haqlıdır». Tamaşaçını zala daxil olan andan klassikaya və teatra böyük sevgi müşayiət edir. Cənnət Səlimova klassik rus teatrının ənənələrini böyük məhəbbətlə teatra ötürür. Kamera teatrının ən səciyyəvi xüsusiyyətləri bunlardır - zövqlə seçilmiş repertuar, formalaşmış və oturuşmuş truppa, üstəgəl daimi tamaşaçı.
   Bakı Kamera Teatrının ilk tamaşası Cənnət Səlimovanın 1991-ci ildə «Danabaş kəndinin əhvalatları» (Cəlil Məmmədquluzadə) povestinin motivləri əsasında hazırladığı «Məkkəyə yol» tamaşası oldu. Bu tarixdən üzü belə Bakı Kamera Teatrında milli və dünya klassikası mükəmməl quruluşlarla «möhkəmləndi» - «Otello» (Şekspir), «Sən məni atmazsan ki?» (C.Steynbek), «Hekayəti-xırs quldurbasan» (M.F.Axundov), «Skapyenin kələkləri» (Molyer), «Qodo həsrətində» (S.Bekket), «Şeyx Sənan» (H.Cavid), «Aydın» (C.Cabbarlı).…
   Dövlət Gənclər Teatrı da ötən əsrin 90-cı illərində yaranıb. Yaradıcısı və keçmiş bədii rəhbəri, əvəllər Şəki Dövlət Dram Teatrında rejissor kimi məşhurlaşmış mərhum Hüseynağa Atakişiyevin tamaşaları sayəsində şöhrətlənib və özünə bəlli bir truppa yığıb. Teatrı 18 illik tarixində «Ölülər» (C.Məmmədquluzadə), «Hamlet» (Şekspir), «Adamın Adamı» (Anar), «Herostratı unudun» (Qriqori Qorin) və digər yeni konseptual əsərlər kimi səciyyələndirilən tamaşalar var.
   Azərbaycanın bölgələrində, şəhərlərindəki teatrlar mədəni mühitin tərkib hissəsi olmaqla bərabər, həm də bu şəhərlərin qədim milli oyun mədəniyyətindən xəbər verir. Naxçıvan Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı belələrindəndir. Bu teatrların paytaxt (mədəni mərkəz kimi) teatrı ilə ayaqlaşmaq cəhdlərinin içində bəzən çox spesifik bir məqamlar, çalarlar özünü göstərir.
   
   Didərgin teatrlar(?) - absurd deyil, həqiqətdir
   
   Paytaxtda müvəqqəti sığınacaq tapmış qaçqın teatrlarsa - Şuşa Musiqili Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, İrəvan Dövlət Dram Teatrı - illərdir fəaliyyətlərini bərpa etməklə məşğuldular (bu teatrlar öz məkanlarından, tamaşaçılarından ayrı düşdülər, teatr kimi zərif bir «mədəni qurum» üçün adaptasiya və bərpa prosesinin çətinliyini anlatmağa ehtiyac yoxdur). Bu teatrlar repertuarlarını yerli müəlliflərin, dünya klassik dramaturgiyasının əsasında qurur, paytaxtın mədəni həyat ritmi ilə ayaqlaşmağa çalışırlar.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar