Müharibə uşaqlarına ithaf
   
   Kino üçün müharibə xüsusi çəkili mövzudu, silkələsən kinematoqrafiya dünyada nə qədər müharibə olubsa, yüz dəfə ondan çox bu mövzunu işləyib. Amma elə kino üçün də müharibə mövzusunun "ağır" (amma ləng yox) cazibəsi var.
   
   Teatr üçün müharibə mövzusü yükdür. Nədən ki mənim müşahidələrimə görə, teatr daim bu ağır yükün altından hara çıxmaq sualıyla əlləşir. Heç şübhəsiz ki, hər iki sahədə (kinoda və teatrda) müharibə mövzusunun bədii həlli üçün insan faktoru bir nömrəli variant olub. Məhz bu faktorla incəsənət hərb və sülh motivləri üzərində gəzişmələr edib. Elə Azərbaycan kinosu üçün də müharibə mövzusu yük olmayıb, yenə də xüsusi çəkili mövzu ub. Bu filmlər kino tariximizin incilərindəndir. İkinci Dünya müharibəsi tarixdə irimiqyaslı müharibə idi. Amma həm də insan mübarizliyinin, insan ümidinin və eyni zamanda müharibə dəhşətinin "iri çaplı" təntənəsi idi. Sözsüz ki, bu təntənə estetik detal kimi kinematoqrafiya üçün əla, vacib və lazımlı material olub. Bu sahədə teatrın bəxti az gətirmişdi. O, kinodan da çox missiya daşıyırdı. Ölkə teatrları isə ən pis halda bu mövzunu plakatvari və məhəlli çərçivədə həll edirdi. Amma insafən deyək ki. sosializm realizminin "bədii ötürmə" mexanizmindən sonra vətənpərvərlik və müharibə mövzusu "göydəndüşmə" idi. Kütləyə birbaşa təsir imkanları ilə teatr (yəni sovet teatrı) bu bəşəri-ictimai mövzunu istiqamətləndirməyi belə bacardı.
   Azərbaycanda müstəqilliyin ilk illəri Qarabağ savaşının başlanması ilə üst-üstə düşdü. Və teatr bu mühüm ictimai-siyasi mühitin içindən çıxdı. Kinoda isə dalbadal Qarabağ müharibəsi filmləri yer aldı. "Fəryad", "Ümid", "Ağ atlı oğlan", "Sarı gəlin", "Arxada qalmış gələcək", "Girov", "Yalan" filmləri Qarabağ müharibəsi barədədir. Teatr isə bu mövzunu hələm-hələm yaxın götürə bilmədi. Yeni yaranmış Gənclər Teatrının ilk tamaşası "Qətl günü" (Yusif Səmədoğlu) adlanırdı. Bu tamaşa müharibə mövzusuna toxunurdu. Tamaşanın qəhrəmanının sifətilə bir xalqın taleyi əks olunurdu. Bu, Azərbaycanda yenicə başlamış, amma kökü çox-çox əvvəldən qoyulmuş müharibənin tarixə istinad edən proqnozu oldu. Qarabağ müharibəsinin dəhşətləri elə ağır yara idi ki, sanki qaysaq bağlamamış ona toxunmaq olmazdı. Ədəbi dramaturji material elə axan zamanın içində idi və onu bədiiləşdirmək gərək deyildi. Məğlubiyyət acısını udmaq istəməyəndə gözləmək variantı yeganədir. Elə məhz bu VAXT səhnə və ekran əsərlərinə zəmin və bəzən material yaratdı. Məsələn, Rüfət Əsədovun "Arxada qalmış gələcək" filmində və İlqar Cahangirovun "İtən vaxt" tamaşasında... Amma bu vaxta qədər bu mövzudakı boşluğun yerini teatr çox vaxt tarixi dramlarla doldurdu. Fəqət "müharibə mövzulu tamaşa" və "Qarabağ müharibəsindən bəhs edən film" səslən(mə)miş tələb kimi teatr və kinoda öhdəlik yaradanda son illərin məhsulu olan bəzi maraqlı ssenari (filmlər) və dramlar (tamaşalar) meydana gəldi.
   Bir neçə il əvvəl Akademik Milli Dram Teatrında Ramiz Novruzun "Hələ sevirəm deməmişdilər" pyesi tamaşaya qoyuldu (rejissor Bəhram Osmanov) və repertuara salındı. Tamaşa bu mövzuda olan səhnə əsərləri arasında dinamikliyi ilə seçilirdi. Qəhrəmanlar adətən belə mövzulu tamaşalara xas olan pafoslu nitqlərdən imtina etmişdilər. Məzmun və süjet etibarilə əsər real və baxımlı ola bilirdi: işğalda tərk olunmuş şəhərlərin birində ruhi xəstəxananın xəstələri tibb bacısı ilə birgə düşmən əlində qalır. Ruhi xəstələr içində kontuziya almış əsgər də (Nurəddin Mehdixanlı) var. O, tibb bacısını sevir. Tamaşanı da məhz bu lirik motivlərə uyğun olaraq belə adlandırıblar-"Hələ sevirəm deməmişdilər". Hərçənd ki, Ramiz Novruzun pyesinin əsas maraqlı cəhəti həm də o idi ki, bütün qəhrəmanlar eyni dərəcədə maraqlı və baxımlı idi və baş qəhrəmanlar bölgüsü şərti xarakterliydi. Düşmənlər xəstəxanaya hücum edirlər. "Sevimli və məzəli" dəlilər (Əliabbas Qədirov, Əjdər Həmidov, Ələsgər Məmmədoğlu və başqaları) situasiyaya uyğun olaraq anbaan mübarizədədirlər. Onların çoxu qorxu hissini, hamısı ağlını itirib, amma heç kəs heysiyyatını itirməyib. İtiriləsi təkcə həyatları qalıb. Və təqdim edir dəlilər: işğalçıya qarşı maraqlı məntiq oyunu... Doğrudur, bizim aktyorların təqdimində ermənilər xeyli insani və rəhmli görünür. Sözsüz ki, dəliləri güllələyirlər, amma buna qədər özlərindən də bir-ikisi qırılacaq. Baş qəhrəman -kontuziya almış əsgər ölür- "sevirəm" demədən. Bu məqam ağı deyən arvadlar üçün əla faktdır. Neyləmək olar, bizim teatrlar və tamaşaçılar belə lirik-kövrək motivlərdən hələm-hələm imtina etməzlər.
   "İtən vaxt" Bakı Kamera Teatrının tamaşasıdır. Bu tamaşa da "Arxada qalmış gələcək" filmi kimi VAXTA həsr olunub. Bizi müharibədən ayıran vaxta, əmin- amanlıq vaxtına. Və bunu da qəbul edin-məğlubiyyət vaxtına... Bu vaxt "Arxada qalmış gələcək" filmində müharibənin içində olan döyüşçüləri şoka salacaq. Qarabağ müharibəsi mövzusunda bədii əsərlər üçün bu VAXT çox əsas detaldır. Təkcə ona görə ki, bu VAXT var. "Arxada qalmış gələcək" filmi bu zaman kəsiklərindən təsirli bir süjet-kollaj düzəltdi. Bakı Kamera Teatrının illər əvvəl oynadığı "İtən vaxt" tamaşası nə demək istədisə, adından bəllidi.
   Bir vaxtlar “Yuğ” Teatrında gürcü rejissoru David Sakverelidzenin hazırladığı "İlan dərisi" tamaşası bütövlükdə müharibədən bəhs edirdi. Müharibə müharibədi. Nə fərqi var, ya Bosniyada, ya burda. Bu əhvalat müharibə qurbanlarına kədərli, dəhşətli yuğlama idi.
   Müharibə mövzusuna ən humanist-fəlsəfi yanaşma realist mənzərə yaratmaqdı. Zira, müharibədə qalib olmur. Müharibədə olan yeganə şey qurbanlardır...
   Orta əsr rəssamlarının tabloları arasında tez-tez beləsi rastımıza çıxır: Nizələrlə az əvvəl döyüş gedən torpaqlara sancılmış cəsədlər. Buludsuz səmada dolaşan quzğunlar… və əsrlərdir rəngini dəyişməyən qan qırmızı...
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar