Sumqayıt teatrının yozumunda
   
   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı ictimai-siyasi döngələrdə, uzun illər «olum, ya ölüm» dilemmasının gərdişlərində zillətlər çəksə də, bu gün yaradıcı heyəti çox optimist əhvaldadır.
   
   Teatrın baş rejissoru, respublikanın əməkdar artisti Firudin Məhərrəmov dünya dramaturgiyasına müraciət edib. Nobel mükafatı laureatı Yudcin O Nilin «Qaraağaclar altında məhəbbət» psixoloji dramı rejissorun yozumunda öz yeni səhnə həyatını yaşadı.
   Bəri başdan deyək ki, monumentlal süjet xəttinə malik pyes rejissorun traktovkasında kamera teatrı prinsiplərinə uyğunlaşdırılıb. Qəddar atanın yalnız bir oğlu ilə ünsiyyəti saxlanılıb, digər övladlarının iştirakı rejissor tərəfindən ixtisara düşüb. Amma mövcud ixtisar ali məqsəd və ideyaya xələl gətirmir, əksinə, qoyulan mövzunun, ümumbəşəri düşüncənin daha tez və rahat qavranılmasına imkan verir. Lirik-psixoloji ovqatda ərsəyə gələn tamaşa atalar və oğullar problemini gundəmə gətirir.
   Efroim Kebot ferma sahibi, mal-mülk yiyəsi, üç oğul atasıdır. Fəqət, evdə hökmranlığı əldən vermək istəmir, övladlarını adam yerinə saymır. Arvadlarını çərlədib öldürdükdən sonra gənc xanıma aşiq olur. Onu evinə gətirir.
   Efroim - əməkdar artist Məzahir Süleymanovun təqdimatında ləyaqəti qəddarlıqda görən, bütün hallarda üstünlüyü ağla, təmkinə yox, zora və qışqırtıya verən hegemon ailə başçısıdır. O, arvadı və oğlu tərəfindən aldadılıb maymaq yerinə qoyulanda da, qonaqlıqdakı gənclərin ironiya oxlarına tuş gələndə də özünü güclü və qalib kimi aparır. Fəqət, fakt zalımdır. Nəticədə tamaşaçı yalnız mənasız, məzmunsuz şərə xidmət üçün yararlı olan gücün faciəsini görür. Özünü hamıdan üstün, qoçaq, söz yiyəsi sayan despotun ikrah və gülüş doğuran acı taleyini Məzahir Süleymaov ən incə detallar, xüsusi mizanlar və səhnə texnikası ilə ortaya qoya bilir.
   Elbin - anasının ruhunu hiss etməklə toxtaqlıq tapan, atasının əndazədən çıxmış özbaşınalığından bezmiş, zəhmətkeş, qəlbi təmiz bir gəncdir.
   Atasının yeni arvad gətirməyi onu təbdən çıxarır, qaysaq bağlamış yarasını qoparır.
   Amma... düşmən kimi, anasının ruhuna hörmətsizlik rəmzi kimi qarşılanan Abbi isə elə ilk baxışda onun qəlbini əsir edir.
   Saatyarımlıq zaman içində gənc istedadlı aktyor Rauf Ağakişiyev Ebbinin böyük, saf məhəbbət qarşısında əriməsini, dəyişməsini, ikiləşməsini zərrə-zərrə, xarakterik cizgilərlə verir. Sadəlövhlük və təmizlik, cəsarət və xəyanət, ana sevgisi və ehtiras, ata qorxusu və məhəbbət təşnəsi - bütövlükdə Elbinin qəlbini təbəddülatlar girincliyində karıxdıran bu məqamları aktyor parlaq rənglərlə təqdim edir. Bütün bu çalpaşıq, dolaşıq duyğular Elbini sıxır, incidir, haldan-hala salır. Rauf Ağakişiyevin lirik-psixoloji üsluba uyğun oyun tərzi obrazı tamamlamağa imkan verir.
   Abbi - kimsəsiz, kasıb, zavallı, qulluqçu olsa da, Efroimə rast gələndə əbədi səadətə qovuşduğunu zənn edir. O, hiyləgərdir, məkrlidir. Amma bu məkr xislətdən doğmur, qorxudan, güc-bəla ilə çatdığı rahatlığı itirmək xofundan formalaşır. Efroimə uşaq doğacağı halda mülkə yiyə çıxmaq sevdası onu yüz cür hiyləyə sövq edir. Elbindən oğul doğmaq naminə istifadə etsə də, finalda məqsədli məhəbbətinin əsl sevgiyə çevrildiyini görür və iztirab çəkir. Aktrisa Xatirə Süleymanova məkrdən məhəbbətə gələn yolun səhnə trayektoriyasını apaydın cıza bilib.
   Quruluşçu rejissor müəllif ideyası ilə əməkdar rəssam Mübariz Gəncəlinin bədii tərtibatını öz yozumu ilə daha aydın spektrdə gerçəkləşdirə bilib.
   Elbinin mübarizə taktikası düzgün seçilməyib, sevgi nəğməsini əxlaqsızlıq üstündə pıçıldayıb. Abbi onu həyatın dibindən çəkib işıqlığa çıxaran ərinə xəyanət edib. Ona görə də bu sevgi məhvə məhkumdur.
   Səhnə-zal münasibəti, tamaşaçı ilə ünsiyyət, xüsusilə finaldakı müraciətlər rejissor tərəfindən elə qurulub ki, sanki hadisələri izləyib mənəviyyatsızlığa «yox» deyən tamaşaçı özü hökm çıxardır, qəhrəmanları cəzalandırır.
   Ümumiyyətlə, qaraağaclar altında yaranan məhəbbət barsızlığın rəmzini ehtiva edir. Elbinin anasının ruhu dolaşan otaq keçmişdirsə, oğru sevgidən bic doğulan uşaq gələcəkdir. Fəqət, uşaq ölür - bu məhəbbətin sabahı yoxdur, bu sevgi yaşamaq haqqından məhrumdur.
   Müəllifin və ona həmfikir çıxan rejissorun cəzası sərtdir. Həyatının mənasını hegemonluqda görən ata işgəncə tabutunda çabalayır, tənhalıq hücrəsinə çəkilir.
   Xəyanətkar Abbi əxlaqsızlığının acısını dadır, zindan həyatına doğru addımlayır.
   Keçmişinin nostalgiyası ilə yaşayan Elbin gələcəyindən də əl üzür.
   Kütləvi səhnələrdə sezilən karnaval estetikası da əsərə xüsusi gözəllik verir.
   Zənnimizcə, Səxavət Məmmədovun tərcümə etdiyi bu əsərin səhnə həlli də çox aktual alınıb.
   
   Hafiz İmamnəzərli,
   Sumqayıt 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar