Gənclər Teatrının yubileyinə
  
   Gənclər Teatrı... Komfort, təntənəli premyeralar, işıqlı, qəşəng zallar tanımayan, daim ümidli teatr dəstəsi… Hüseynağa Atakişiyev... Aktyor evinin o zamankı soyuq zalı, sınıq-salxaq skamyaları, soyuqda danışarkən aktyorların ağzından buxarla bir yerdə çıxan sözlər «unudun», deyir, «Herostratı unudun». Mənsə unuda bilmirəm. Soyuqdan və həyəcandan əsə-əsə danışdırdığım ilk müsahibim olan Hüseynağa Atakişiyevin işıqlı üzünü. «Yaradıcılığınızda…» demişdim, sözümü kəsib, «Yaradıcılığım var mənim?» deyib gülmüşdü. O gülüşün mənə - ütülü, kraxmallı sual vermək istəyən debütant jurnalistə yox, teatrda can qoyduğu bütöv bir illərə, özünə, dəxli olan hər kəsə yönəlmiş, istehzasını, acısını anladınızmı?
  
   Bir belə aktyorları, müəllifləri, rejissorları varkən Gənclər Teatrı həmişə «Hüseynağa Atakişiyevin teatrı» kimi ilə xatırlanır. Sanki müəyyən bir zaman kəsiyinə sığışdırmaq üçün, pis-yaxşı demədən, bir-birinin ardınca hazırladığı tamaşalar...
   Ötən həftə Dövlət Gənclər Teatrı köhnə məkanlarında - əvvəllər yerləşdikləri Teatr Xadimləri İttifaqının tamaşa zalında 20 illik yubileyləri münasibətilə teatrın ən yaxşı tamaşalarını göstərdilər - «Kişi və qadın», «Herostratı unudun», «Əbləhlərin toyu», «Dünyanın sonu»...
  
   Tarix
  
   Dövlət Gənclər Teatrı da ötən əsrin 90-cı illərində yaranıb. Daha doğrusu, teatrın ilk premyerası 1989-cu ildə Yusif Səmədoğlunun «Qətl günü» əsəri əsasında hazırlanmış tamaşa ilə keçirilib. Dövlət Gənclər Teatrı yaradıcısı və keçmiş bədii rəhbəri, əvvəllər Şəki Dövlət Dram Teatrında rejissor kimi məşhurlaşmış mərhum Hüseynağa Atakişiyevin tamaşaları sayəsində şöhrətlənib və özünə bəlli bir truppa yığıb. Teatrın 18 illik tarixində «Ölülər» (C.Məmmədquluzadə), «Hamlet» (Şekspir), «Adamın adamı» (Anar), «Herostratı unudun» (Qriqori Qorin) və digər yeni konseptual əsərlər kimi səciyyələndirilən tamaşalar var.
  
   «Herostratı unudun!»
  
   Gənclər Teatrının 20 yaşının tamamında Hüseynağa müəllimin illər öncə hazırladığı «Herostratı unudun!» (Qriqori Qorin) tamaşası tamaşadan da əvvəl xatirədir.
   Herostratsa dünyada tayı olmayan, maraqlı bir əhvalatdır. Əsəri Elçin Hüseynbəyli tərcümə edib. Bu antik dövrün məhsulu olan unikal süjet özü-özlüyündə min cür yozuma yer qoyur: Herostrat adlı bir bazar alverçisi dünyada yeddi möcüzədən birini-Artemida məbədini yandırır. Səbəb? Şöhrət? Ad-san? Məşhurluq? Onun təhtəlşüurunda uyumuş gizlin təəşşüqləri elə öz həmtaylarına hesablanıb. Təxminən belə: İndi hünəriniz var məni unudun. Şərq motivlərində «meymunu yada salma» əhvalatı. Amma burda məsələ daha dərin, daha çoxyozumludur. Bir anda məşhurluq. Əhvalatı səhnənin bir küncündə oturmuş salnaməçi (Ayşad Məmmədov) nəql edir. Elə o da rejissor istehzasına (ya da elə tarixin öz istehzasına) məruz qalıb-beli bükülmüş, hər şeyə burun soxan əbləh imicindədir. Arada dünyanı yola salmış müdrik bir görkəm də alır. Herostratı (Qurban İsmayılov) həbs edirlər. Qurban İsmayılov öz qəhrəmanını şöhrət iddiasında olan sərsəm bazar adamı kimi oynayır. Bütün Efes ona nifrət edir. Amma o özü alverçi məntiqi ilə hər şeyi öz yoluna qoyacaq. Əvvəlcə əlyazmalarını şəhərə yayacaq. Sonra iş daha da böyüyəcək. İşə şəhər əmiri necə münasibətdədir? Sözsüz, o da insandır və marağının yaddaşının öhdəsindən gələ bilməyəcək. Onda tədbirə qarşı tədbir: əgər Herostrat məbədi məşhur olmaq üçün yandırıbsa onu elə bundan məhrum etmək lazımdır. Amma absurd bir şey. Hər kəs öz fantaziya və maraqlarına uyğun bunu edə bilməyəcək. Üstəlik, bura qadın fantaziyası qarışır. Şəhər əmirinin arvadının fantaziyalarına baxın: bəlkə Herostrat məbədi qadına görə, yəni məhəbbət yolunda yandırıb? Əgər bu belədirsə, bu qadının şəhər əmirinin gözəl göyçək arvadı Klementinadan nəyi artıqdır ki? Klementina Herostratla həbsxanada görüşür. Özünəməxsus bir razılaşma. Burda Herostratın alverçi istedadı aşkara çıxır. Şöhrət, ad-san alverində hər ikisi iddialıdır. İşə min cür hiylə qarışır. Sadə bir şəkildə məsələ həll olunur. Krissip (Ədalət Əbdülsəmədov) Herostratı öldürür. Məsələ bitir. Onda abdal tarixçi yaxınlaşıb bu məbədi kimin tikdiyini soruşacaq. Heç bir ad qalmayıb. Herostrat əbədiləşib tarixdə qalacaq. Tarixin yumor hissi var. Heç olmasa o, ironiyadan məhrum deyil. Yoxsa əbləh imicli tarixçi ritorik tonla «xatırla, bir nəfərin də olsa adını xatırla, məbədi kimlər tikmişdi?» sualını verməzdi. Günahı tarixin boynuna atıb “tarixin ədalət hissi yoxdur” demək özü bir ədalətsizlikdir. Şübhəsiz ki, «hər şey bizdən gəldi» və Herostratın əhvalatında tarixin təqsiri yoxdur. Məgər kriminal avtoritetlərə həsr olunmuş tarixçələr satış reytinqinə görə lamançlı don Kixotun əhvalatını gülünc etmirmi? Məgər pisliyi xatırlayıb, yaxşılığı unutmağa pərgar deyilikmi? İnsan xislətinin dərinliklərində eşələnməli olsaq, Herostratdan min qat betər əhvalatlar çıxaracağıq.
   Bu tamaşa reallığa, cəmiyyətə, kütlə xislətinə həsr olunmuş səhnə pritçası olduğundan Hüseynağa Atakişiyev üçün növbəti ismarış idi. Eyni biganəliyin qarşısında bütün bu etdiklərindən sonra nə sözü qalır Hüseynağa Atakişiyevin? «Unudun!», deyir, «Herostratı unudun!» Bu, küskünlük deyil, son söz yerinə deyilmiş bir kəlmədir - «Unudun!»
  
   «Əbləhlərin toyu»
  
   «Əbləhlərin toyu». Gənclər Teatrının yubiley ərəfəsində təqdim etdiyi digər tamaşa belə adlanırdı. Təxminən üç ilin tamaşasıdır. Pyesin müəllifi Kukla Teatrının rejissoru və bədii rəhbəri Rəhman Əlizadədir. Tamaşaya isə Dövlət Gənclər Teatrının rejissoru və bədii rəhbəri, respublikanın əməkdar artisti mərhum rejissor Huseynağa Atakişiyev quruluş verib. Bu sınıq-salxaq və şəraitsiz məkanda onun yorulub bezmədən tamaşa qoymaq həvəsi, enerjisi hardandı? Yəqin bu da bir sirri-xudadı və yalnız sənət aşiqləri bu sirdən agahdırlar. Qaldı «Əbləhlərin toyu»na, bu tamaşanın estetik parametrlərinə toxunmazdan əvvəl, deyəsən, yenə oxuculara onun mövzusu və məzmununu nəql etməli olacam. Deməli, elə tərtibatdan da görünür ki, bura Bakının tipik şadlıq saraylarından birinin vestibülüdü. Toy zalı isə şəffaf dekorasiyadan ikinci planda görünür. Görünür ki, burada bir toy, bir vur-çatlasın, bir həngamə olacaq ki, gəl görəsən. Yəni hər şey bizim- toyxana əhlinin heç cür adiləşib gözdən düşməyən vəhşiyanə arzu və istəklərini nəzərə alıb. Bir sözlə, az qala gündəlik, bayağılaşmış, yeknəsəq toylar mövsümündə toyxana əhlinə hədiyyə - «Əbləhlərin toyu». Deyəsən, teatrımızda ilk milli və rəsmi əbləh obrazı elə budu ki, var. Və bu əsl dəqiq diaqnozdu. Ərə gedən qızınsa kasıb və «mənalı» sevgilisi var ki, (Ayşad Məmmədov) onu tamaşa boyu qəhrəman edəcəklər. Zəlzələ ilə yekunlaşan toyun sonunda bu nakəs bəy gəlini toyda qoyub qaçacaq. Beləliklə, bayağı bir ab-havada tamaşa bitir. Tamaşada cızılmış məxsusi xətt var ki, bir çox məqamlarda hiss olunur. Amma yenə də dəfələrlə gəldiyim nəticə qənaətlərimi tamamlayır. Yazıda da, dramaturgiyada da azacıq da olsa mövzu-məqsəd varsa, o, heç cürə uğursuzluqdan sığortalana bilməz. Burada da adıçəkilən məqsəd özünü gözgörəti bəlli edir. Beləliklə, «milli psixologiyamızın dərinliklərindəki» bəzi əbləh qatlar ayrı-ayrı personajların, qəhrəmanların sifətində zühur edir.
   Gənclər Teatrının bu tamaşası toy kimi etnomədəni hadisəyə səsli-hərəkətli karikaturadır. Öz janrında baxımlıdır.
   Yubiley tamaşaları içində bir tamaşa da göstərildi - «Kişi və qadın» (Ə.Əmirli). Bu komediyadan isə yazmaqla iş bitmir, ona baxmaq lazımdır. Baxmaq, gülmək və zövq almaq...
   20 ən poetik, romantik, bir az fanatik yaşdı. Gənclər Teatrısa bu fanatizmdən, romantikadan çoxdan keçib. Odur ki, yubiley münasibətilə teatrın kollektivinə yaradıcılıq uğurları, gözəl tamaşa zalı və bol-bol, güllü-çiçəkli tamaşaçı arzulayıram. Ad gününüz mübarək!
  
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar