Gənclər Teatrının çağırışına
   
   «Ölüm gələr, ölərik…»
   (Aktyor Hamlet Qurbanovun bir müsahibəsindən)
   
   Elə məhz bu sayaq Gənclər Teatrı tamaşaçılarını öz premyerasına dəvət etdi: «Bir az gəlirmisin?» (Ə.Nesin). Teatrın öz gurultulu pafosu ilə küsdürdüyü tamaşaçılar da teatra bir az gəlir, bir az yox… Amma hər nə isə, yubiley ərəfəsidir (Gənclər Teatrı 20 yaşını qeyd etdi), Aktyorlar Evinin tamaşa zalı doludur. Gənclər Teatrının «Bir az gəlirmisin?» çağırışına bir az yox, çox gəliblər.
    «Bir az gəlirmisin?» bunu əvvəlcə Əziz Nesin soruşub, pyesin müəllifi odur. Tamaşanın rejissoru Sərvər Əliyevdir, qəhrəmanısa Mate adlı sufi ustası. Bir arvadı, bir oğlu, bir qızı, bir şagirdi və illərlə üstündə əlləşib, əzizlədiyi sufiləri var. Amma iş belə asan olsaydı nə vardı ki? Sufi ustası olmaq çətin məsələdir. Bu aləti düzlətmək bir ayrı dünyagörüş, bir ayrı düşüncə, bir ayrı sevgi, bir ayrı tərk-dünyalıq tələb edər. Yəni, sufi ustasına sözün əsl mənasında sənətkar demək olar. Amma sufi dünyasının işləri bu dünyanın haqq-hesabları ilə uyğun gəlmir. Demək, onlar da şair kimi bir şeydilər. Heç kimə gərək deyillər və kiməsə çox lazımdırlar. Mate ustanı Qurban İsmayılov oynayır. Gənclər Teatrının elə bu Mate ustasayağı bu dünya və o dünya arasında çabalarını xatırlayıram son vaxtlar. Mate ustasa səs axtarışındadır. Sufi deyilən bu ilahi musiqi alətindən o səsləri tapıb çıxarmaq üçün ömrünü sərf edir. Deməyəsən, axtardığı səs onu ölümə səsləyəcəkmiş. «İnsanı özünə, insanı ölümə» çağıran odur - «Mate usta, bir az gəlirmisin?» Mate ustanın vaxt qazanmaq üçün səyləri boşuna… - dünyanın hər yerində bir gün ömrü iyirmi dörd saatdır. Ölüm zəhrimar da elədir ki, hər yerə gedə bilir. Hər kəs şeiri duymadığı kimi, hər kəs Mate ustanın düzəltdiyi sufilərin səsini eşidə bilmir. Mate ustasa səsi tapmalıdır, alətin pərdəsini yerinə qoymalıdır. Bu ustanın qayğılarıdır. Ailənin qayğıları tamam başqadır. Bu qayğılar pul məsələsində üst-üstə düşür. Sufi almaq istəyənsə yox.
   Elə şeylər var ki, onu pula almaq olmur. Elə ona görə də ustanın ailəsi maddi ehtiyac içindədir. Və Mate ustanın vəziyyəti də teatr adamlarının çoxuna tanışdır. Bəlkə, elə Mateni oynayan Qurban İsmayılovun özünə də. Amma bu işlər elə bir ürək istər ki, elə bir sevgi istər ki, «nə üçün?», «kimin üçün?», «nədən ötrü?» sualıyla çabalamadan özünü büsbütün ona həsr edəsən - səsə, rəngə, sözə, daha nələrə…
   Ədəbiyyatda, kinoda, müxtəlif rakurslardan yanaşılmış mövzuya teatrda ən ortaq bir rakursdan baxılır. İş burasındadır ki, sənətkara - onun həyatına iki rakursdan yanaşmaq olar: bir var, ona yaratdıqlarının içindən baxmaq: məsələn, bu adam sufi ustası idi, onun dünyasında olan səslər filan özəlliyi ilə fərqlənirdi. Onun dünyası iki yerə sufidən anlayanlara və anlamayanlara bölünürdü, arvadı, oğlu və qızı vardı, maddi ehtiyac keçirdi, işi üçün zaman qazanmaq istədi və s. Bir də var ona gerçək həyatın içindən baxmaq. Bu yaxşı bir kişi idi, yaxşı ailəsi vardı, sufi düzəldib satardı, nə qədər sıxıntılar keçirdi, işinə aludə birisi idi. Bəzi qəribəlikləri də vardı. Ölüm aldı apardı.
    Tamaşa Əziz Nesinin bu əsərinə, sözügedən məşhur mövzuya (sənətkarın həyatı) deyilənlər kontekstində ən orta rakursdan yanaşır. Səhnədə ölüm mələyi də görünə bilir, adi yemək-içmək dəsgahı da. Bu dözülməz paradoksu baxımlı etmək aktyorların istedadından asılıdır. Və Qurban İsmayılov bütün peşəkarlığı, aktyor xarizmatikliyi ilə səhnədə hakimi-mütləqdir.
   Tamaşanın konsepsiyası sistemli, sxematik deyil, amma görünəndir. Gerçəkliyin diktə etdiyi qaçhaqaçlı həyat çabalarında sirlə reallıq arasında yenə qarışıq, ziddiyyətli həqiqətlər tökümü. Yaradıcılığın əsas qanunu: heç nəyə baxmadan, heç bir sual vermədən, nə üçün, kimin üçün, nədən ötrü etdiyini düşünmədən yaratmaq, yaratmaq, yaratmaq... Bəlkə, bu da özünəməxsus bir özünəqəsddir və yaratmaq, yaratmaq, yaratmaq dediyimizin yerinə öldürmək sözünü üç dəfə təkrarlamaq lazımdır. Mate ustanın dediyi kimi - ölümün harada olduğunu nə bilmək olar? Bəlkə də Mate ustanın ölümü düzəltdiyi sufilərdədir? Bəlkə doğrudan da, Mate ustanın arvadının ölümü ehtiyacında olduğu bir stəkan sudadır? Bəlkə, Mate ustanın qızının da ölümü durmadan dəyişdiyi qərarlardan gələcək? Ölüm hardan gələcək? Bunu bilməyəcəyik. Bilməyə-bilməyə davam edəcəyik, yaşamağa davam, ölməyə davam, seyrə davam…
   
   Aliyə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar