Mədəniyyət-forum - 2
   
   
   «Teatrda xırda heç nə yoxdur, teatr xırdalıqlardan ibarətdir». Bəxtiyar Xanızadənin bu sözlərini hər teatrın məşq zalından asmaq gərəkdir. Söhbət teatrın «mətbəx»indən gedirsə, burda ən əsas qayda budur. Teatr nəinki işıqdan, səsdən, dekordan, rəngdən, aktyordan, rejissordan, hətta tamaşaçının əhvalından da asılıdır. Az qala teatrda texniki heç nə yoxdur, teatrda hər şey bədiidir.
   
   Əlbəttə, hər bir sənətdə olduğu kimi, teatrda da uğur konkret yaradıcı şəxslə bağlıdır. Amma bu həqiqət də qəbul edilməlidir: artıq XXI əsrdir. Texnika sürətlə inkişaf edir. Bu texniki nailiyyətlərin içində yaşayan tamaşaçını köhnə texniki formalarla razı salmaq mümkün deyil.
   Bu yerdə «şərait» istəyən teatr adamlarına XX əsrin texniki imkanları ilə göstərilmiş uğurlu tamaşaları misal gətirmək düzgün deyil. Adama deyərlər ki, sən də get həmin tamaşaçıları yığ gətir. O tamaşaçıları ki, İnternet nədir bilmir. O tamaşaçıları ki, mobil telefonu yoxdur. O tamaşaçıları ki, idarəetmə pultuna əlləri dəyməmişdi…
   Virtual-vizual sənətlərlə rəqabətdə ayaqda dayanmaq üçün teatra elə məhz bu vizual-virtual sənətlərin ən yeni nailiyyətlərindən yararlanmaq bacarığı lazımdır. Gec də olsa, bu texniki imkanlar bizim teatrlara da ayaq açır. Artıq tamaşalarda proyeksiya lövhəsi görmək təəccüblü deyil. Teatrlarımızdan artıq bir neçəsi (Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Musiqili Komediya Teatrı) təmir və lazımi avadanlıqla təchiz olunub. Görəsən, bu tamaşaların keyfiyyətinə təsir edibmi, ümumiyyətlə, teatrlarımızda texniki imkanlar, onlardan istifadə tamaşaçılar qane edirmi?
    Gənclər, orta yaşlılar və mütəxəssislər arasında apardığımız sorğusa bunun hələ çox az olduğunu göstərdi.
   Ziyad (tələbə, teatrşünas)
   Bir çox teatrlarda texniki imkanlar minimumdur. Belə imkanları olan teatrlar da bundan lazımınca yararlana bilmirlər. Məsələn, Teatr Xadimləri İttifaqının tamaşa zalında belə imkanlardan şou səviyyəsində istifadə olunur. Bizə bu işi mükəmməl bilən adamlar lazımdır.
   
   Fatma (tibb işçisi)
   Bir qədər əvvəl Dövlət Pantomim Teatrının «Eşq» tamaşasına baxdım. Oradakı işıqlar məni heyran elədi. Bunu necə etdiklərini, hansı avadanlığın gərək olduğunu bilmirəm. Onların tamaşa göstərdikləri zal şəraitsizdir. Amma tamaşa xoşuma gəldi. Başqa heç nə deyə bilmərəm.
   
   Teymur
   Tələbə olanda (bir neçə il əvvəl) tamaşalara çox getmişəm. Məni bu tamaşalarda, xüsusən sevgi etirafı səhnələrində aktyorların səhnədən gələn ayaq səsləri qıcıqlandırır. Bir də balet oynayan balerinaların tullanarkən tappıltıları tamaşanın keyfiyyətini öldürür. Heç olmasa balerinalar gərək quş kimi yüngül olsunlar.
   
   Səriyyə (VVAQ işçisi)
   Teatrda hər şey gözəl olmalıdır. Bu bir mədəniyyətdir. Televizorda Gənc Tamaşaçılar Teatrının yenicə təmir olunduğunu gördüm. Tamaşaya baxmaqdan çox oranı görmək həvəsindəyəm. Bayırdan (fasadı) çox gözəl görünür. Mütləq ora gedəcəyəm.
   
   Əli (aktyor)
   Təmirdən sonra texniki imkanlar yüksələcək. Amma məncə, bizim teatrlar bundan yararlana bilmirlər. 
   
   Aydın Talıbzadə (teatrşünas-alim)
   Bu suala bir-iki ildən sonra cavab vermək istəyərdim. Yalnız teatrlardakı təmir prosesi bitdikdən sonra nəsə demək olar. Deyilənə görə, texniki imkanlar Avropa teatrlarının səviyyəsində olacaq. Amma bu, hələ o demək deyil ki, burada yüksək səviyyəli tamaşalar görəcəyik.
   
   Aliyə, Sabutay

   Forumumuzun növbəti müzakirə mövzusu turizimlə bağlı olacaq. Görək, bir turist olaraq biz vətənimizin hansı guşəsində istirahət etməyə hazırlaşırıq? Ümumiyyətlə, turizim obyektlərinin işi qaneedicidirmi, bu sahədə nələrin olması daha yaxşı istirahətə təminat verərdi? Turizim obyektlərində mədəni həyat, mədəniyyət müəssələrinin işi çağdaş tələblərə cavab verirmi? Fikirlərinizi yazın və ünvanımıza göndərin: Medeniyyet-forum@list.ru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar