Uşaq olasan...
   ...xəyallar qurasan...
   ...xəyallarında çaşıb Allah olasan...
    Bir də “Sehrli çarıqlar”ın ola, səni gizli aləmlərdə gəzdirə...
   Ancaq həyatımız xaosun və naməlum boşluqların burulğanında ikən, nə sehrli çarıqlar tapmaq mümkün, nə də çaşıb Allah olmaq...
   Hörmətli, oxucular! Hərdən adamın qəlbindən, bax belə qəribə nə isələr etmək keçir... Sizə Bakı Uşaq Teatrının “Sehrli çarıqlar”ından danışacağam.
   Taxta stullarından tutmuş, dərinliyi qaranlıqda bitən səhnəsinə kimi adamın üzünə durub deyir ki, “Görmürsən necə yerdə sənət eşqi ilə nələr yaradırıq?” Mən biçarə teatrşünas da kirimişcə durub bütün qeyri-normal problemləri özlüyümdə normallaşdırıb gülümsünürəm.
   Bu gün neçənci dəfəsə teatr ölübdür. Bu ölümlər onun yenidən doğuluşuna, yeni həyata qovuşmasına rəvac verəcək. Uşaq teatrı isə canbəsər olmuş bu sənəti bütün varlığı ilə, uşaq paklığı və məsumluğu ilə dartıb ayaq üstə qoymaq istəyir. Araz (Elnur Əliyev) öz şıltaq qəlbini, çevik plastikasını və bütün məsuliyyətini bu yolda fəda edir.
   Ssenarisi və musiqi tərtibatını Salman Qaraçöpün hazırladığı “Sehrli çarıqlar” məndə sadəcə xoş duyğular ... oyatdı demək, teatr yazarı üçün ən pis ifadə olduğuna görə, bu xoş və gözəl duyğuların yaranma səbəblərini gilə-gilə çözələmək və nəticəyə gəlmək lazımdır...
   Nağıl ilə XXI əsrin reallığının sintezini yaratmış olduqları tamaşanın ruhunu musiqi açırdı... Salman Qaraçöp uşaq teatrının estetikasını, uşaq psixologiyasını yaxşı bildiyindən, nəinki uşaqlar, yeniyetmə və bizdən də böyüklər oturub uşaq kimi sevinir, Arazın macəralarına qoşulub özümüzü onunla identikləşdirirdik...
   Teatr rəssamlığı mənim üçün həmişə ən qəribə sahə olub. Çünki bu elə bir peşədir ki, rəssam səhnədə həyatı, tamaşanın canlılığını və səhnəni doldura biləcək rənglər verməlidir. Atalarımızın “adamı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar” kəlamı bu məqamda yada düşür. Tamaşaçı da ilk baxışda tamaşanı dekorasiyaya, rəssamın işinə görə qəbul edib, aktyor oyununa, rejissorun quruluşuna, musiqiyə və dramaturqun qoyduğu problemin maraqlılığına görə yola salır... Burda isə hər şey çox dolğun idi... ancaq dolğunluq gözəllik vermirdi... Səhnəni o qədər doldurmuşdular ki, tamaşanın az qala süjet xəttinin qavranılmasında belə xaotiklik yaradırdı...
   Sevda xanım “Sehrli çarıqların” çölünü də, içini də buqələmun rənglərlə boyamışdı ki, məkanı təsəvvürə gətirmək olmurdu...
   
   “Sehrli çarıqlar”da
   sevdiyim üç qəhrəman...
   
   Gənc və istedadlı aktyor Elnur Əliyevin oyunlarını Azərbaycan teatr tarixinə sübbontları ilə maraqlı səhifələrdən birini yazmış məşhur və mərhum teatr rejissoru Hüseynağa Atakişiyevin teatrında izləmişdim... Həmin vaxt böyük sənətkarımız bu gənc aktyora öz ampluasında uğurlu yaradıcılıq imkanları verən maraqlı rollarda çıxış etməyə sövq edirdi... Elnur Əliyevin “Herostratı unudun” tamaşasındakı rolu isə mənim həmişə böyük sevinc və maraqla izlədiyim oyunlarından idi...
   Araz nağıllar aləminə düşmüş və orada öz sevgilisini axtaran, bu uğurda Migel de Servantesin “Lamançlı Don Kixotu” qədər absurd və qeyri-təbii müharibələr aparan müasir azərbaycanlı gəncdir... Tamaşada Elnur Əliyevin missiyası sözləri taparaq sevdiyi qıza qovuşmaqdan da yüksəkdədir. Burada tapılan sözlər; “ana”, “vətən” və s. çox əzablı və böyük vuruşmalardan sonra əldə olunur...
   ...dəyərlərimizi qiymətləndirmək, onlara layiq olduqları dəyəri vermək üçün mütləq həmin nəsnələr qeyri-rahat situasiyada və acınacaqlı vəziyyətdə, məhv olmaq səviyyəsində olmalıdırlar. Nəzərə alsaq ki, sivilizasiyaların böyüklüyündən, onların dünyada işləmə mexanizmindən, nüfuzundan asılı olaraq dünyada xalqların imici formalaşır... Deməli, bu gün biz öz dəyərlərimizdən, öz mənliyimizi təsdiq edən, onun formalaşdıran nəsnələrdən daha möhkəm yapışmalı və bu uğurda bütün səylərimizi nümayiş etdirməliyik...
   Bu uğurda bir cəhdi də Bakı Uşaq Teatrı etdi. Uşaq teatrının vətənpərvərlik, azərbaycanlılıq və sağlam vətəndaşlıq hisslərinin formalaşmasına, inkişafına gözəl təkan verən konsepsiyası var.
   Asya Atakişiyeva- onu səhnədə baxımlı edən, tamaşaçılarda ona qarşı əvəzsiz sevgi yaradan və həmişə çox mübhəm duyğularla oyununu izlədiyim bir qızın sirri, sehri çarığında yox məsumiyyətində, paklığındadır...
   Asyanın Laləsi sizin parta yoldaşınız, qızınız və ən əziziniz ola bilər...
   O, tamaşada həm Xan qızı, həm də Arazın sevgilisidir... Nədənsə mən daha çox Arazın sevgilisi kimi onun oyununa vuruldum. Bəlkə də, bu son səhnədə onun rəngli əlbisəsindəki pak işıq və sifətindəki məsum gülüş tamaşanın ideyasını, strukturunu və ali məqsədini geridə qoyub hər şeyi özünə cəlb etdiyindən irəli gəlir. Asyanın oyunlarını çox izləmişəm... Bu oyunların hamısında pak, səmimi və məsum bir qız görmüşəm. Hətta hərdən «əslində Asyanın aktyorluğunu kölgədə qoyan onun məsum və pak görsənməsidir» deyə düşünürdüm. Ancaq elə oyunlar olur ki, ounun gətirdiyi öhdəliklərdən çıxış edərək öz paklığını və məsumluğunu aktyor olmaq, obraz yaratmaq uğrundakı mübarizədə qurban verməli olur... Nə edəsən(?) O da bu səhnənin bir gözəl rəngidir və bu rəngin gətirdiyi əlvanlığı ki, heç kim və heç nə verə bilməz...
   Çubuş... Cavanşir Məhərrəmovun plastikasını, aktyorluq sənətinə olan tükənməz məhəbbətini, səhnəyə həyatını qoymuş adamlar kimi şövqlü oyununu sevməmək mümkün deyil... Mimikası... jestləri... bütünlüklə plastikasına heyran olduğum aktyorlardan biridir... Onun tamaşadakı roluna gəldikdə isə bu balaca, itaətkar küçük Cadu Xanımın (Könül Şahbazova) əmrlərini yerinə yetirir, onun iradəsinə tabe olur, hərdən də bundan imtina edib öz bildiklərini edir... Ancaq onun itaətdən boyun qaçırması heç vaxt uğurlu nəticələnmir.
   Nəhayət onlar...
   ...səhnənin dərinliyində itənlər...
   Və ya işığa düşməyənlər... Mənim üçün aşağıda adlarını çəkəcəyim aktyorlar və obrazlar ümumi fonda itdilər... Onlar tamaşaçının yaddaşında qalacaq yüksək səviyyəli performans nümayiş etdirə bilmədilər...
   Ancaq uğurlar arzulamaq, bütün mənəvi dəyərlərimizin itdiyi...dəyişdiyi dövrdə onların məhrumiyyətlərlə dolu sənət eşqini alqışlamaq lazımdır...
   Sonda Ayaz yuxudan oyandı... nağıl bitdi... Sehrli çarıqlar isə heç vaxt gərçək olmayacaq nağıl aləminə düşdü... tamaşaçılar salonu boşaltdı…
   
   Ziyad Quluzadə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar