Salatın Əhmədli

 

 

  Əvvəli ötən sayımızda
  
   «Əbləhin toyu»
  
   «Əbləhin toyu» Rəhman Əlizadənin eyniadlı pyesi əsasında. Quruluşçu rejissor Hüseynağa Atakişiyevin, tamaşasında quruluşçu rəssam Nazim Böyükkişiyev (xalq rəssamı, Dövlət Mükafatı Laureatı), bəstəkar Sərdar Fərəcov (əməkdar incəsənət xadimi) - bu dörd incəsənət xadimi gözəl, baxımlı bir əsər meydana gətirmişlər. Bu tamaşanın da mövzusu müasir həyatdan götürülmüşdür. Tamaşada göstərilən toy müasir toylarımızın bariz nümunəsidir. Gəlin - Qızxanım rolunun ifaçısı Hüsniyyə Əhmədova 29 yaşındadır. Yaşı ötmüş bu qız tezliklə ərə getmək arzusundadır. Ona görə ailəsini - atmış 45 yaşlı Saqqallı - əməkdar artist Ayşad Məmmədovla beş il gəzib dolaşdıqdan sonra bu əbləhə - Bəybalaya ərə getməli olur. Epileptika olan Bəybala əsl kişi yox, əsl əbləhdir. O hər şeyə göz yumaraq özündən də beş yaş böyük qızla evlənir. Bu izdivacın səbəbi nədir? Səbəbi - evi, maşını, pulu olan qızla evlənməklə, rahat həyat sürməkdir. Toy adamlarının hamısı, demək olar ki, meşşan təbiətlidir. Gəlinin atası Atakişi tüfeylilik üstündə işdən qovulmuş polis işçisidir. İndi saunada işləyir, vəzifəli adamları masaj edib kisələməklə pul qazanır. Atakişi rolunun ifaçısı Qədirhüseyn İsmayılov rolu çox inandırıcı oynayır. Ondakı güc, enerji bu rolu oynamağa imkan verir. Anaxanım rolu da əməkdar artist Qəmər Məmmədovanın ifasında çox uğurlu və inandırıcı alınıb. Xala - Nəsibə Eldarova nəinki bu rolun, ümumiyyətlə, digər tamaşalarda oynadığı rolların öhdəsindən müvəffəqiyyətlə gəlir.
   Bəyin babası - general rolu da Natiq Aslanın ifasında çox duzlu-məzəli alınıb. Tamaşaçı general deyəndə hündürboy, enlikürək, qartal baxışlı, iti yerişli, zəhmli bir kişinin səhnəyə çıxacağını gözləyir və əvəzində Natiq Aslanı görəndə tamaşaçıda gülüş əmələ gəlir. Natiqin səhnəyə tamaşa zalından gəlməsi tamaşaya yeni bir nəfəs gətirir. Generalın yolunu gözləyən bəyin xalası da «canısulu kişi» yox, balaca, cılız bir adamı görüb təəccüblənir.
   Tamaşa başdan-başa ibrətamiz sözlərlə doludur. Toy başdan-başa vurçatlasındır! Kim nə bacarırsa, onu etməyə çalışır. Restoranın xidmətçisi və inzibatçısından tutmuş, gəlinin cibgir qardaşı Qardaşxanacan, xalq artistindən tutmuş sənətşünasınacan - hamısı sözü, elə bil, bir yerə qoyub tüfeyli həyat sürmək eşqi ilə yaşayırlar. Gəlinin valideynləri ancaq toya salınacaq pulnan maraqlanırlar. Fürsətdən istifadə edən xala generalla, sənətşünas müxbir qızla gizlincə görüşürlər. Müəllif bu insanların hamısını haqlı olaraq «əbləh» adlandırıb. Fərqi yoxdur, bu əbləhlər cavandır, ya qoca. Bəybala deyir: «Bizdə qocala-qocala əksəriyyəti xərifləyir». Saqqallı ona cavab olaraq söyləyir: Xərifləmək-yaşa dolduqca insanın illər boyu içində cilovladığı mənəvi naqislikləri pırtlayıb üzə çıxmasıdır.
   - Əziziyəm, qocalar,
   Aşiq olub qocalar.
   Ağ, üryan buludları,
   Canan sanıb qucarlar.
   Həyatın necə dəyişdiyi, bəzi qocaların cavanlıq eşqinə düşdüyünü müəllif inzibatçının dili ilə belə təsvir edir: Bizdə hər gün toy var. Bizim şadlıq evi teatr deyil ki, ayda bir-iki dəfə tamaşa göstərək. İndi təkcə cavanlar yox, qocalar da evlənirlər. On gün əvvəl 75 yaşlı adlı-sanlı incəsənət xadimi evləndi iyirmi beş yaşlı qızla, dünən eşitdik ki, bu gün üçüdür.
   Müəllif bu pyesində həyatın bütün eybəcərliklərini səhnə dili vasitəsilə tamaşaçıya çatdırır. Tamaşanın, mən deyərdim ki, ən təsirli səhnəsi, adamı heyrətləndirən hissəsi «HMP» Həkim, Molla, Polis milli servis üçlüyünün toya təşrif gətirməsidir. Tamahkarlıq ucbatından dünənki toydan artıq qalmış yeməklərin stola düzülməsi, isti və soyuq təamların köhnə olmasından zəhərlənən və bəzən dünyalarını dəyişən, təcili yardım maşını ilə xəstəxanalara çatdırılan toy adamlarına «yerindəcə yardım etmək» məqsədilə bu üçlük toya təşrif buyurur. Molla - Rəzzaq Məmmədov dini ayinləri çox gözəl tələffüz edir. Bir anlıq özünü yas məclisində hiss edirsən. Həkim - Zümrüd Hüseynova, polis Ədalət Əbdülsəmədov da yaxşı oyunları ilə yadda qalırlar. Belə üzdəniraq üçlük üçün deyiblər: Qapıdan qovursan, bacadan gəlir. Onlar da, sırtıqcasına toyda həm oturub yeyib-içirlər, həm də axırda toy sahibindən hərəsi «on şirvan» - 20 manat pul qopardırlar.
  
   “Bir az gəlirmisiniz”
  
   Nağıllar aləmitək mənalı, gözəl axşamlarda göstərilən tamaşa böyük türk yazıçısı Əziz Nesinin iki hissəli dram əsəri olan «Bir az gəlirmisiniz» pyesi oldu. Quruluşu rejissor Sərvər Əliyevə, rəsm quruluşu Vüqar Əliyevə, musiqisi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsus olan bu səhnə əsəri də öz gözəl məziyyətləri, aktyor oyunları ilə uzun müddət teatrsevərlərin yadından çıxmayacaq. Mateh ustanın rolunu oyununa heyranlıqla tamaşa etdiyim Qurban İsmayılov ifa edirdi. Tamaşa bir türk ailəsindən bəhs edir. Ailənin başçısı Mateh supi ustasıdır. Supi tütəyə oxşar nəfəs alətidir. Usta supi düzəltməklə həm ondan böyük zövq alır, həm də beş nəfərlik ailəsinə ruzi qazanır. Ustanın böyük məharətlə qamışdan düzəltdiyi supilər heç də ailənin bütün ehtiyaclarını ödəmir. Ustanın arvadı Zani hey evdə qəndin, çayın, suyun qurtarmasından gileylənir. Oğlu Misa - Anar Səfiyev atasının düzəltdiyi supiləri bazara çıxarır, satır və əldə olunmuş cüzi pulla ailə güc-bəla ilə güzəran keçirir. Ailənin digər oğlu Şarey - Qədirhüseyn İsmayılov və qızı Çino - Hüsniyyə Əhmədova yerli-yersiz, boş-boş söhbətlərlə gün keçirir, ailəyə heç bir kömək etmirlər. Matehin arvadı Zani çətin vəziyyətdə qalıb. Nə öz əlinin əməyilə, daşdan pul çıxardan əri, oğlu Misa və ərinin şagirdi Bornoqdan, (Natiq Aslan), nə də boşboğazlığı ilə hamını bezdirən Çino və Şareydən keçə bilir.
   Bir dəfə Misa supiləri bazarda satarkən varlı bir müştərinin - Efferin (Elşən Çarhanlı) supilərdən xoşu gəlir. Onlardan, həyətindəki hasara yaraşıq vermək üçün almaq istəyir. Mateh əvvəl elə bilir ki, Efferin supini bir əl işi olaraq xoşlayıb deyə alır. Ancaq biləndə ki, supiləri baha qiymətə - 200 lirəyə alıb hasar tikəcək, onda cin atına minir. Supiləri Efferin əlindən alır və onu qovur. Belə bir epizod Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» romanında da öz əksini tapıb. Azərbaycan qadını Sona ehtiyac üzündən evinin xalçasını bazara çıxarır. Bir ingilis onu almaq istəyəndə, Sona xalçanı onun əlindən alıb deyir: «İtə ataram, yada satmaram».
   Əziz Nesinin də bu pyesində həmin detallar öz əksini tapıb. Usta Mateh nə qədər kasıb yaşasa da, sevə-sevə, böyük həvəslə düzəltdiyi supiləri pula böyük ehtiyacı olsa da belə, harınlara satmır.
   İki hissəyə ayrılmış ailə təlaş içindədir. Bir hissə məhəbbətlə supi düzəldənlər, o biri hissə supiləri baha satıb firavan yaşamaq istəyənlərdir.
   Usta Mateh kirayə etdiyi evdən, şəhərdən bezib başqa şəhərə köçməli olur. Ailənin ikinci sütunu Zani ana - Qəmər Məmmədova səhnədə iki tərəfin ortasında qalır. Usta Mateh, Misa, Bornoq səhnədən çıxmaq istəyirlər. Uşaqlar aralıqda olan anadan soruşurlar: Niyə aralıqda qaldın, ana? Zani cavab verir: - «Mateh özündən ayrılmasın, qopmasın deyə həmişə ortada olmalıyam, aranızda». Mateh onu başa düşən, anlayan və onu tək qoymayan Zanini bağrına basır. Zani, ailə ac-yalavac qalsa belə, tanımadıqları yad şəhərdə talelərinin necə olacağını yox, öz peşəsini ailəsindən, canından artıq sevən əri Matehə arxa olmağı düşünür və onunla getməyə razılaşır.
   Mateh usta öz işini o qədər sevir ki, təzə qonşusu Pinayla Aşiyaya (Ədalət Əbdülsəmədov, Gülbəniz Mustafayeva) supinin səsinin gözəlliyindən danışır. Şagirdi, bir zamanlar oğru və quldur olmuş, polislərin belə öhdəsindən gələ bilmədiyi Bornoq (Natiq Aslan) supinin səsini eşitmiş, ona aşiq olmuş və Matehin yanında köməkçi işləyir. Qarışqanı da öldürmür ki, günahdır. Daha çox öz qeydinə ya qalan - sinəsini və qollarını şişirdən oğlu Şareyə gəlincə, usta deyir ki, oğlunun qulaqları eşitsə də supinin səsi ona çatmır. Qızı Çino eşidir, bu səsi ancaq duya bilmir. Bu, bir ailənin faciəsidir.
   Varlı Effer Matehin yaşadığı şəhərə gəlib çıxır. Yenidən supilərdən almaq istəyir. Əgər Misa supinin birini bazarda 10 lirəyə satırdısa, Effer supinin birinə indi 500 lirə verir. Usta Mateh onu tanıyır, yenə də öz sözünün üstündə durub supiləri satmır. Növbəti gəlişində Effer Mateh ustanı tapança ilə hədələyib supiləri zorla almaq istəyir. Mateh ölümün gözünün içinə dik baxıb Efferə deyir: «Sən məni öldürsən də, mən yaşayacağam, səsim yaşayacaq. Mənim səsim, adım o supilərin səsinə qarışıb. Səni və sənin kimilərini isə heç kim, hətta nəvə-nəticələriniz də xatırlamayacaq. Çünki siz torpaq alıb, torpaq satanlarsınız. Effer tapançanı əlindən salır, usta Matehin qarşısında diz üstə çöküb etiraf edir: - Biz də eşitmək istərdik bu səsləri. Biz sənətimizi sevmirik, sənsə sevirsən. Alıb satsaq da, satıb alsaq da bunları könülsüz edirik, görmədən, duymadan, eşqsiz, həvəssiz edirik.
   Burada əsərin əsas ideyası kulminasiya nöqtəsinə çatır. Nə qədər varlı, dövlətli olsa da, insan övladı əsl sənət qarşısında diz çöküb baş əyir.
   Bütün bunlardan xəbər tutan, evdə ərzağın tükəndiyinə, çəkdiyi məşəqqət və ərinin supiləri 500 lirəyə belə satmaqdan imtina etdiyinə ürəyi dözməyən Zani ölür. Arvadının ölümündən sonra həyatın çətinliklərinə artıq dözməyə halı qalmayan Mateh supilərini lap ucuz qiymətə satmaq istəyir. Bu zaman Effer onu ələ salaraq supinin birini 50 quruşdan almaq istəyir. Bu zaman Misa və Bornoq supiləri satmağa razı olmurlar. Mateh ac qalan ailəsini yedizdirmək üçün gizlincə Efferə 100 lirədən 10 supi satır. Və ailə bu axşam şadyanalıqla süfrə başına oturur. Bu Mateh ustanın axırıncı şamı olur. Onu Ölüm çağırır və səhnənin qaranlığında yox olur.
   «Bir az gəlirmisiniz» həddindən artıq gərgin bir tamaşa idi. Tamaşaçılar iştirakçılarla birlikdə sanki hadisələrin içinə daxil olmuşdular.
   Mateh ustanın inadkarlığı, Efferin sırtıqlığı, Zani ananın üzüntüləri tamaşaçını düşünməyə vadar edirdi. Tamaşadakı hər bir aktyor öz rolunu böyük məharətlə ifa edirdi. Tamaşa qurtarsa da tamaşaçı onun təsirindən, cazibəsindən qurtara bilmirdi. Bütün salon aktyorları ayaq üstə alqışlayırdı.
   Mən bir həftə davam edən, bir-birindən uğurlu tamaşalara baxmaqdan böyük zövq aldım. Həftə sonu tamaşalar başa çatandan sonra belə qərara gəldim ki, bu gözəl günləri bizə bəxş edən aktyorlara, rejissorlara, müəlliflərə, bütün inzibatçı və texniki işçilərə bu yazı vasitəsilə öz minnətdarlığımı çatdıram.
   Əziz aktyorlarımız, mən və eləcə də bütün tamaşaçılar Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Yeni tamaşalar görmək ümidilə, yenidən görüşənədək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar