“Sənət inkişaf etməlidir. Bunu unutmaq olmaz! Mən mədəniyyətin, o cümlədən teatrın inkişafı üçün daxili bir məhəbbətlə çalışmışam və özümdə daxilən güclü məsuliyyət hiss etmişəm!”
   
   Heydər Əliyev
   
   İlıq bahar fəslinin başlanğıcında, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Teatrı, görkəmli yazıçı-dramaturq, publisist Aqşin Babayevin «Xilaskar» əsərini Bakı tamaşaçılarına təqdm etdi. Qeyd etmək lazımdır ki, Sumqayıt teatrı yarandığı 40 il müddətində tələbkar Bakı tamaşaçıları qarşısında mütəmadi olaraq çıxış etmiş, onların rəğbətini qazanmışdır.
   A.Babayevin bu əsəri Sumqayıt teatrında bir neçə il öncə hazırlansa da, Bakı ictimaiyyətinə ətirli bahar çiçəkləri kimi bahar günlərində təqdim olundu.
   Tamaşa müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider və böyük siyasətçi Heydər Əliyevin 1990-1994-cü illəri əhatə edən gərgin fəaliyyətindən və Azərbaycanda siyasi şəraitin sabitləşdirilməsindən bəhs olunur.
   A.Babayevin bir yazıçı-dramaturq kimi bu mövzuya müraciəti etməsi ona görə diqqətəlayiqdir ki, əsərdə həmişə əzilən, sərvəti talanan, əsarət və müstəmləkəçilik taleyi ilə barışmayan bir xalqın mübarizə tarixini əks etdirmişdir. Müəllif eyni zamanda əsərdə xalqın ziddiyyətli tarixi mübarizəsini və bu mübarizənin mərkəzində duran, yeni tarix yaradan, tarixi şəxsiyyət Heydər Əliyevin fəaliyyətini olduğu kimi, məharətlə, incəliklə açıb göstərmişdir.
   Bütün zamanlarda yeni tarix yaradan, böyük işlər və qələbə üçün doğulan şəxsiyyətlər haqqında çox əsərlər yazılıb, bu əsərlər səhnədə və ekranlarda nümayiş etdirilib. Makedoniyalı İsgəndər, Y.Sezar, Napoleon, Çingizxan, Əmir Teymur, Stalin və başqaları. Bu gün A.Babayevin bir yazıçı-vətəndaş kimi xidməti ondadır ki, öz xalqının keşməkeşli tarixinə və bu tarixin mərkəzində dünyanın hər yerindən görünən, nəhəng, siyasi xadim Heydər Əliyev obrazını ədəbiyyata və səhnəyə gətirmişdir. Yazıçı o dövrü və o dövrdəki şəxsiyyətləri olduğu kimi, hadisələri, insanların mövqelərini bədii, əlvan və poetik boyalarla canlandırır.
   Məhz belə bir mövzuya müraciət etdiyinə görə, Sumqayıt teatrı alqışa layiqdir. Bu bir həqiqətdir ki, teatr o zaman canlı və maraqlı olur ki, o, öz tarixini, xalqının həyatını, torpağını, onun coğrafiyasını və şəxsiyyətlərini əks etdirir.
   Haşiyə: Bütün sahələrdə fenomen şəxsiyyət olan Heydər Əliyev son otuz ildə, istər sovet, istərsə də müstəqillik və keçid dövründə Azərbaycan mədəniyyətinə, teatrına böyük diqqət və qayğı göstərmişdir. Əlbəttə, bu çox geniş bir mövzunun söhbətidir. Mən bu yazımda ulu öndərin Sumqayıt teatrı haqqında fikirlərini xatırlatmaq istəyirəm. H.Əliyevin Sumqayıt teatrına xüsusi diqqət göstərməsi nöqtəbə-nöqtəsinə qədər mənim gözlərim qarşısında baş verib. İstər Bakıda, Akademik Milli Dram Teatrında Hüseyn Cavidin 100 illik yubileyində, istərsə də 1982-ci il martın 22-də Nəriman Həsənzadənin «Bütün Şərq bilsin» tamaşasında H.Əliyev düz 40 dəqiqə səhnədə Sumqayıt teatrı haqqında ətraflı söhbət açdı. Mənim və H.Mehbalıyevanın təklifini diqqətlə dinlədi, sonra teatra bina tikilməsinə göstəriş verdi. Sumqayıtın 4-cü, 5-ci və 9-cu mikrorayonları ərazisini özü təyin etdi. Həmin ərazidə məhz Sumqayıt teatrı üçün yeni bina tikildi. Bu da bir tarixdir.
   ...Sumqayıt teatrında çox maraqlı tamaşalara quruluş vermiş, teatrın baş rejissoru, respublikanın əməkdar artisti Firidun Məhərrəmov tamaşaya maraqlı bir forma tapıb. Rejissor tamaşanın səhnə quruluşunu teatrın baş rəssamı - əməkdar rəssam Mübariz Gəncəli ilə birlikdə uğurlu səhnə tərtibatı ilə həll ediblər. Səhnənin mərkəzində nəhəng və monumental obrazlı tribuna - xitabət kürsüsü, tamaşaya bir əzəmət verir, bu tribuna sanki öz nəhəng və cəsarətli sahibini gözləyir, sahibinin intizarındadır. Tribuna xalqa - millətə düzgün yol göstərməklə barəbər, demokratiya simvolu və öyüd-nəsihət, əxlaq kürsüsüdür.
   Tamaşanın mərkəzində Heydər Əliyev obrazı durur və bu nəhəng tarixi şəxsiyyətin obrazını əməkdar artist Namis Şirməmmədov yaradır. Öncə tamaşaçıda müəyyən tərəddüdlər oyanır - görəsən, H.Əliyev kimi dünya miqyaslı nəhəng bir şəxsiyyətin obrazını səhnədə yaratmaq mümkün olacaqmı?!
   Obrazın səhnəyə ilk gəlişi və görünməsi sanki zalı sehrlədi. Gurultulu alqışlar ətrafa yayıldı... Bu alqışlar sevincdən doğurdu.
   Xalq-tamaşaçı öz liderini, ölməz rəhbərini ilk dəfə teatrın səhnəsində aktyor ifasında alqışlayırdı. Bu əsl sənət qələbəsi idi. Aktyorun görünüşü, yerişi, duruşu, baxışı, nitqi, təmkinli, əzəməti və plastikası - sanki əbədi liderin özü idi. Çox sevindirici tarixdir ki, Heydər Əliyev kimi görkəmli şəxsiyyətin obrazı məhz Sumqayıt teatrında yarandı. Bu, Sumqayıt teatrının böyük qələbəsidir və Bakı teatrlarına haqlı bir mesajdır. Deməli, teatr uğurlu yaradıcılıq və axtarış yolundadır. Xatırladaq ki, bu tamaşadan sonra «Rossiya» filmində Namis Şirməmmədov ümummilli liderimiz H.Əliyevin rolunu bir daha canlandırmışdır.
   Tamaşadakı konfliktin əsasını təşkil edən obraz, xanım Şədr obrazıdır. Bu obrazı yaradan respublikanın əməkdar artisti Fəranə Musayevadır. Bu tamaşada məhz xanım Şədr rolunda biz aktrisanı kamil, ustad, sənətin texnikasına mükəmməl yiyələnmiş bir sənətkar kimi görürük. Aktrisa səhnədə dinamik və olduqca təmkinlidir. Onun səhnədə hər görünüşü, əzəməti, səhnəni dolduran sehrli aurası tamaşaçıya çox şey verir. İstər-istəməz tamaşaçı aktrisanın məharətinə heyran olur və onun cazibəsindən, sehrindən ayrıla bilmir.
   Bu tamaşada Fəranə Musayevanın sənətkarlığı mənə müqtədir sənətkarlarımız Hökümə Qurbanovanı, Şəfiqə Məmmədovanı xatırlatdı. Əgər sənətçi öz ifası ilə tamaşaçını məftun edə bilirsə, tamaşaçı ondan doymursa, gözlərini bir an ondan çəkə bilmirsə, deməli, sənətkar kamil ustaddır.
   Aparıcılar - İlahə Səfərovanı, Rauf Ağakişiyev də maraqlı və yaddaqalandırlar. Xüsusən R.Ağakişiyev məndə bu obrazın elə məhz müəllifin öz obrazı olduğu təəssüratını yaratdı. Onun şəxsiyyət kimi öz ideyası - əqidəsi uğrunda axıra qədər mübarizəsi, inadkarlığı və sonda haqq yolunda qələbəsi bizdə fərəh hissi oyadır.
   Saqqallı Həmzə sanki cilddən-cildə girən buqələmundur. Əqidəsiz, ideyasız, məsləki olmayan bu ümumiləşmiş tipi respublikanın əməkdar artisti Vidadi Məmmədov çox məharət və ustalıqla yaddaşlara həkk edir.
   Respublikanın əməkdar artisti Ulduzə Nəsirova, İraməddin Bağırov, respublikanın xalq artisti Məzahir Süleymanov və Svetlana Həkimova da yaddaqalan obrazları ilə seçilirlər.
   Tamaşada tarixi anları bir daha bizə xatırladanlar, maraqlı konflikt və hadisə yaradıcıları cənab deputatlardır. Onların hər birinin öz mövqeyində haqlı olması, tamaşaya maraq və dinamika gətirir. Tamaşada olan hadisələri sanki müəllif dəqiqliklə stenoqramdan götürüb, rejissor isə bu hadisələri cilalayıb, səhnə həllini tapıb və onu daha da baxımlı edib.
   Onu da qeyd edim ki, bəzi obrazların fiziki görünüşü bizdə çaşqınlıq və tərəddüd yaradır. Mən bəzi əlahəzrət aktyorların və rejisorun nəzərinə bir daha çatdırıram ki, karikatura, şərtilik, simvolika öz yerində, fəqət teatrda hər şey aydın olmalıdır, teatr tapmaca deyil, tapmacanı açandır. Teatr görünməyəni - görünən edən, güzgü və sənət məbədidir.
   Rejissor və teatr necə ümummilli lider Heydər Əliyevin aktyor seçimini dəqiq və düzgün, portretini olduğu kimi tapıbsa, deputatlar da qrim və parikdən dəqiq istifadə etməli idi. Obrazı oynanılan şəxsiyyətlər bizim yaddaşımızdadır, onlar tarixi insanlar və bizim ünsiyyətdə olduğumuz adamlardır.
   Onu deyim ki, tamaşa küll halında bitkindir, formaca maraqlıdır, oynaq plastikaya, dinamikaya malikdir.
   Finalda xalqı öz ətrafında birləşdirib böyük qələbələr və əbədi dövlətçilik ideyalarına qovuşduran dahi rəhbərimizin Qələbə təntənəsi zalı ayağa qaldırır və bizi işıqlı sabaha səsləyir.
   
   Əli Nur,
   Respublikanın əməkdar artisti







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar