Talıblı-30, mənzil 26-da qəlbində böyük bir tarix yaşadan yaşlı, yorğun, keçmişini heç vaxt unutmayan ağ saçlı bir ana yaşayır. Bu qadının unutmadığı keçmiş acı səhifələrlə doludur. Dünya müharibəsi, repressiyalar... Bir xalqın azadlığı uğrunda mübarizədə dağılan yüzlərlə azərbaycanlı ziyalı ailələri...
Bəlkə kimsə, nə vaxtsa M.Topçubaşovun və ölkənin ən sayılıb-seçilən adamlarının balaları ilə bir partada oturan, bir məktəbdə oxuyan bu qadının bu gününü heç vaxt düşünməmişdi. Ancaq həyat bizi qabağına salıb istədiyi yerə apara bilərmiş...
Onun düşüncəsində indi ilişib qalan böyük aktyorlar, dramaturqlar, rəssamlar və “gecə döyülən qapılar»ın ardındakı naməlum tanışlar hərdən evin hansısa küncündə peyda olub, Dilarə xanımı keçmişinə qaytarırlar.
Bu qadın milli düşüncəmizin, əxlaqımızın, ən ülvi duyğularımızın formalaşmasında müstəsna rolu olan teatr sənətini Azərbaycanda inkişaf etdirən böyük sənətkarlardan birinin - Hacıağa Abbasovun qızıdır.
Hacıağa Abbasovun qızı “atamın heykəlini yuyanda elə bilirəm o, ağlayır” deyirdi... Mən sizə Dilarə xanım haqqında yox, Hacıağa Abbasov haqqında danışacağam...
Dünya Allahın qəzəbinə uğramışdı... Səfeh ideologiyalar və böyük imperiyaların siyası oyunlarının burulğanında kiçik xalqlar məhv olub gedir. Ancaq o xalqlar qalib gəlib əsrdən-əsrə, tarixdən-tarixə keçə bilir ki, o xalqın düşünən beyni, həyata və millətinə normal, sağlam zehinlə baxan ziyalıları olur. Nə yaxşı ki, bizim də Hacıağa Abbasov kimi təəssübkeş, xalqı uğrunda hər cür əzab-əziyyətə qatlaşa bilən ziyalı vətənpərvərlərimiz var idi. Onlar bu gün də var...
Öncə onun haqqında Vikipediada gedən ensiklopedik informasiyanı çatdırım, sonra Dilarə xanımın dediklərindən, öz oxuduqlarımdan...
“Komik aktyor, fərasətli teatr təşkilatçısı və rəhbəri, ictimai xadim, məlumatlı ziyalı kimi tanınıb-sevilən Hacıağa Mütəllib oğlu Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kənddəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906-1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda Müsəlman Artistləri Cəmiyyətinin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb. Həyat və sənət dostu Mirzağa Əliyevlə birgə 1921-ci il noyabrın 13-də Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. Həmin sənət ocağı bu iki aktyorun adı ilə bağlı olduğuna görə tamaşaçılar arasında "Hacımirz" teatrı kimi tanınıb-sevilirdi. 1925-ci ildə Hacıağa Abbasov akademik teatra direktor təyin olunub. Bakı Teatr Məktəbində direktor işləyib (1929-1937). Repressiya illərində təqib olunduğuna görə bir müddət Orta Asiya respublikalarında yaşayıb. Səksən yeddi yaşında Bakıda dünyasını dəyişib və doğma kəndində torpağa tapşırılıb. Əsas rolları: Şeyx Nəsrullah ("Ölülər", C.Məmmədquluzadə), Mirzə Mehdi xan, Şamdan bəy ("Nadir şah" və "Şamdan bəy", N.Nərimanov), Ağa Kərim xan, Hacı Qəmbər ("Ağa Kərim xan Ərdəbili" və "Hacı Qəmbər", N.Vəzirov), Molla İbrahimxəlil ("Molla İbrahimxəlil kimyagər", M.F.Axundzadə), Qubad ("Dəmirçi Gavə", Ş.Sami), Osip ("Müfəttiş", Qoqol), Moisey ("Yəhudilər", Y.Çireov). Aktyor Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını müxtəlif quruluşlarda dəfələrlə və uğurla oynayıb. Sənətdə qazandığı nailiyyətlərə və teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Hacıağa Abbasova xalq artisti fəxri adı verilib (1932). Hacıağa Abbasov 7 may 1975-ci ildə Bakıda vəfat edib”.
Faciələrin arasında gülən adam...
Bəlkə də elə müharibənin ortasında, bu qeyri-bərabər güclərin arasında Azərbaycan xalqını hər iki tərəfin faciəsinə güldürməklə qalibiyyətə aparmaq mümkün idi. Dünyanın böyük inqilabi çevirilişləri zamanında bu balaca ölkədə - az qala Allahın belə unutduğu bu diyarda Hacıağa Abbasov ziyalı dostları ilə birgə xalqını yaşatmaq, onun milli düşüncəsini və şüurunu daim yüksək tutmaq uğrunda mübarizə aparırdı.
O, Şeyx Nəsrullahların simasında vuruşurdu...
Ancaq... kiçik ölkənin qəhrəmanları da «kiçik» olur. Onlar öz nöqtə boyda vətənini qorumağa çalışarkən böyük imperiyaların oyununun, bir parçası olduğunu unudurlar. Əfsus ki, Hacıağa Abbasov da xalqını bu imperiyaların oyunlarından kənara çəkə bilmədi. Biz də Allahın qəzəbinə uğradıq və müharibədə yüzlərlə şəhid verdik...
Sürgünlük...
Atılmışlıq...
“Gecə döyülən qapılar”...
Təqiblər. Hacıağa Abbasovun mənzilindən də yan keçmədi. Bütün düşünən beyinləri yox etməyi qarşısına məqsəd qoymuş ideologiya onun da evinə soyuq Sibir küləkləri xəbərini gətirməli oldu. Hacıağa Abbasovu sürgün etdilər. Onun həyat yoldaşını isə Bayıl türməsində bir neçə ay saxladılar... Beləcə, sənətkarın əzab dolu, acınacaqlı həyatı başladı...
Bəlkə Qaliley kimi o da tövbə edə bilərdi... Ancaq o, öz niyyətindən dönmədi və xalqının azadlıq uğrundakı mübarizəsində onun şüurunun, düşüncəsinin gerçəkləri görməsinə yardımçı olduğuna görə peşmançılıq hissi keçirmədi. Sonralar Lenin onu bağışladı...
Allah bütün dünyanı unudub?..
İnsanlar yanındakı insanı unudub?..
Biz hamımız keçmişimizi unuduruq?..
Zaman hər şeyi unutdura bilər. Ancaq qanla yazılmış tarixi unutmağın adı “tale” yox “manqurt”luqdur. Dəyərlərin dəyişildiyi, dünyanın postmodernizmə keçdiyi, sərhədlərin itdiyi bir vaxtda varlığımız, mədəniyyətimiz, keçmişimiz qloballaşan dünyanın xaosunda itməzmi? Böyük hadisələr, itkilər, bəzən, çox xırda şeylərdən başlamırmı? Bu başlamın qarşısını almaq üçün bəlkə elə qədir-qiymətləndirməyə Hacıağa Abbasovdan başlamalı?.. Onun adına adi bir küçəni adlandırmaq olmazdımı? Evinin qarşısına balaca bir yazı lövhəsi necə? O küçədən keçən sevgililər, qocalar, qarılar bugünkü əmin-amanlığın, sənət səviyyəmizin mənbəyində Hacıağa Abbasovların da durduqlarını bilsəydilər, nolardı, əcəba?..
Dünənki tariximizi, milli keçmişimizi qorumağın nümunəsini yaradaq ki, qarşıdan gələn daha güclü və bir az da təbii xaos fırtınasında bizi də qoruyanlar yaransın. Yaşadaq ki, yaşatsınlar...
Ziyad Quluzadə
Oozeworld@hotmail.com