Bu üçbucağın bir tərəfində ulduz, digər bucağında sevgi, qarşısında isə şampan şərabı durur. Rus Dram Teatrında xalq yazıçısı Elçinin əsəri əsasında qoyulan tamaşa (“Ulduz,sevgi və şampan”) özündə bu üç nüansı birləşdirməyi bacardı. Öncə deyim ki, yazıçının bu əsəri dünyanın bir çox teatrları tərəfindən səhnələşdirilib. Yaxın keçmişdə həmyerlimiz Məlahət Abbasova tərəfindən “Ulduzlar altında cinayət” tamaşası azərbaycanlı seyrçilərə təqdim olunmuşdu. Etiraf edək ki, bu əsərin təsir gücü çox yüksəkdir. Qastrol tamaşası nə dərəcədə emosional gücə malik idisə, Rus Dram Teatrının hazırladığı tamaşa da müxtəlif rakursda, lakin eyni təsiri yarada bildi.
   
   Səhnədə ulduzların altında bir qadının başına gələn həyat hadisəsi təsvir olunur. Rita Əmirbəyovanın ifa etdiyi bu qadın tənha ömür sürür. Ulduzların arasından onun öz ulduzu bu tənha qadının sirrini, dərdini, hisslərini bölüşə biləcəyi yeganə həmsöhbətidir. Göydəki ulduzun səhnədəki təsviri, aktrisanın (Elmira Aslanova) balerinaya bənzər ifası özündə bir neçə funksiyanı birləşdirirdi. Müxtəlif sürətli jestlərlə, üzündəki qrimin ifadəsi ilə bütün tamaşanı seyrçiyə izah edir və hadisələrə öncədən zəmin hazırlayırdı. Tamaşanın digər qəhrəmanı, qadının illərlə gözlədiyi personaj (xalq artisti Səfa Mirzəhəsənov) əslində fırıldaqçı, yalançı, keçmişini məharətlə gizlədə bilən maskalanmış bir şəxsdir. Köməksiz qadının həssas tərəfini bilib, onun sevgisindən, insani keyfiyyətlərindən sui-istifadə edir. Lakin aktyor bu maskanı jestlərində və xarici görünüşündə lazımınca nümayiş etdirir.
   Son zamanlar Rus Dram Teatrında ənənəyə çevrilən açıq-saçıq səhnələr, aktyorların soyunması bu tamaşadan da yan keçmədi. Əvvəlcə “Sarı gəlin” xalq mahnısının sədası altında ifa, sonra isə ərəb rəqsinin müşayiəti ilə çılpaq bədənin nümayişi. Bu səhnənin göstərilməsinin lüzumu yox idi. Məşədi İbad demişkən, heç hənanın yeridi?!
   Səhnənin mərkəzində qoyulmuş güzgü sevgi münasibətlərinin izahı, kölgənin yaradılması baxımından yaxşı düşünülmüşdü. Tamaşanın digər iki cütlüyü - qonşular (Elmira Aslanova, Ömür Nağıyev) rejissor tərəfindən qadının ən yaxın dostları olaraq göstərilsə də, sonucda tüfeyli həyat tərzi keçirən iki şəxslə tanış oluruq. Necə deyərlər, belə qonşuların olmasındansa, olmaması yaxşıdır. Tamaşanın rejissoru (xalq artisti Aleksandr Şarovskiy) son olaraq qadının qələbəsini, onun həyatını məhv edən insanın ölümünü əsərdə olduğu kimi, heç bir detal əlavə etmədən təsvir edir.
   Müasir mövzulu bu tamaşa çağdaş teatr prinsiplərinə yetərincə cavab verirdi.
   
   Aygün Süleymanova,
   tələbə-teatrşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar