Bugünlərdə Badamdar Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən xalq teatrının həvəskar aktyorları gürcü yazıçısı Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsərini səhnəyə qoymuşdu. Tamaşanın rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbəsi Anar Sadıqov idi. Rolları Fidan Cabbar (nənə), İlkin Babayev (İliko), Niyaz Qasımov (İllarion), Elmin Bədəlov (Romulu və Alfez), Afaq Abbasova (Meri) və başqaları ifa edirdi.
   
   Tamaşa bir qəhrəmanın əlində kitab zaldan səhnəyə doğru gəlişi ilə başlayır. Bununla göstərmək istəyirlər ki, biz tamaşaçı ilə əlaqəni möhkəm qururuq. (Bəlkə də rejissor bunu belə fikirləşməyib.) Ciddi yerişlərlə gələn bu qəhrəman müəllifin və əsərin adını oxuyub, kitabı səhnənin ön hissəsinə qoyur. Daha sonra cibindən dəsmalını çıxarıb möhkəm fınxırır. Amma heç kim gülmür. Bəlkə də çoxları “hə, nə olsun?” deyə təəssüflənir.
   Əsas hissə Muradanın anım mərasimi ilə başlayır. Bütün qohumlar yığışıb çaxırdan içir və ağlayırlar. Hamı “rəhmətlik” Murada haqqında danışır. Onun sadiq “dost” olduğundan söhbət açırlar. İllarion isə Muradanın çox gözəl bir it olduğunu deyir. Nəhayət, bu məqamda tamaşaçılar gülür. Bu, gözəl rejissor işi olmasa da, tamaşaçı yazıçı istedadının məhsuluna gülməli olur. Axır ki, gürcü yumorunun özünəməxsusluğu görünür. Yazıçı müharibə dövründə təhsilin vəziyyətini Zurikonun xarakter və işlərində qələmə almışdır. Rejissor hadisəni lazımi səviyyədə aça bilməmişdi. Qəhrəmanı canlandıran həvəskar aktyorun da bacarıqsızlığı kənardan görünürdü. Tamaşa boyu qəhrəmanlar bir-birinə tələ qurur və didişirdilər. Bu məqamda nənə səs-küyü, hay-həşirləri ilə daha çox yadda qalırdı. O, yersiz qışqır-bağır salır, kimisə döyür-söyürdü. Hətta nənə bir dəfə səhnəyə gələndə zalda əyləşən uşaqlardan biri dedi: “Vay aman. Nənə yenə gəldi”...
   Maraqlı səhnələrdən biri də Zuriko və Merinin görüşüdür. Bir-birini sevən bu iki gəncin danışmağa sözü olmur. Zuriko “rəhmətlik” iti Murada haqqında danışır...
   Sonda nənə ölür. Nəvəsi Zurikonu dostlari İliko və İllariona tapşırır. Yazıçı bununla göstərmək istəyir ki, nə qədər dava-dalaş olsa da, insan dar gündə bir-birinin qayğısına qalmağı bacarmalıdır...
   Tamaşa bir o qədər effektli alınmasa da teatr üzvlərinin həvəslə işləməsi və əsər seçimi bizi sevindirdi. Həvəskar aktyorlar bu tamaşa üzərində üç ay işləyiblər...
   
   ELMİN







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar