(Əvvəli ötən sayımızda)
   
   Bu surətin ədəbi ləyaqətləri barədə ədəbiyyatşünaslıqda geniş təhlillər aparılmış, onun xarakterik məziyyətləri, konfliktin inkişafındakı mövqeyi və əhəmiyyəti yetərincə dəyərləndirilmişdir. Amma təcəssüm prosesində Qurbana ayrılan bədii pay, hadisələr xətti boyu realizə edəcəyi funksiya rejissor tərəfindən fərqləndirilmiş, ideya-estetik vurğuların yeri dürüst müəyyənləşdirilmişdir. Müəllifə görə, “qurban” olan Qurban surəti (dolaşıqlığa görə oxucu bağışlasın) doğrudanmı “qurban”dır. Rejissor əmin edir ki, yox.Yaxud o qədər də yox. Başqa sözlə desək, Allahın verdiyi qismətə qarşı nankorluq edən Qurban, sanki macəra axtarır. Və həmin macəranın sonu onun acınacaqlı aqibətini labüdləşdirir.
   Bu surətin ifaçısı Rəhim Qocayev bütövlükdə öz qəhrəmanını dürüst anlayır, yozumunun, eləcə də bu yozumun təqdimi olaraq plastik səhnə həllini bədii aktyor vasitələri ilə anlaşıqlı çatdıra bilir. Amma aktyorun bütün tamaşa boyu ifasını izlədikcə, bəzi məqamlarda diqqəti çəkən qüsurlar səhnə obrazının bütövlüyünə xələl gətirir. Yəni aktyorun Səlimə və Şamama Cadu ilə olan səhnələrdə təklif edilmiş şəraitə uyğun məqsədli oyunundan fərqli olaraq, Hafizə, Əmrah və Pəri ilə olan səhnələrdə aşkar süstlük, əsas hədəfdən yayınan, yozumun məntiqinə uyğun gəlməyən oyun görürük.
   Halbuki istər rejissorun yozumuna, istər təcəssümün bədii-estetik prinsiplərinə görə, həmin surətin mahiyyətcə puç olması həqiqəti hadisədən-hadisəyə, səhnədən-səhnəyə inkişafda verilməli idi. Elə bil ki, ifaçı aktyor bayaq qeyd etdiyimiz səhnələrdə, öz qəhrəmanının məzmun potensialını tam büruzə verərək onu tükətmiş, sonrakı səhnələrdə yalnız təsviri cizgilərin qayğısına qalmışdır. Əlbəttə, buna inanmaq istəməzdik, çünki Rəhim Qocayev istedadlıdır, böyük yaradıcılıq imkanlarına malik olan, daha mürəkkəb səhnə obrazları yaratmaq bacarığı ilə seçilən aktyordur.
   Tamaşanın tərtibat prinsipləri, xüsusən geyim elementləri barədə mülahizələrimiz (geyim üzrə modelçi Elman Rəşidovdur) alınan təsərrüfatlardan doğur. Buradakı geyimlərin bir qismi etnoqrafik süslənmələrlə bağlıdırsa, başqaları, o cümlədən İblisin, Şamama Cadunun, Pəri Cadunun, əcinnələrin və s. geyimləri rəmzi mücərrədliyin bədii-tətbiqi ifadəsi kimi verilmişdir. Əsas olan budur ki, bu sayaq geyim tərtibatı əcaib suallar yaratmır, surətlərin təqdim edilən yozum prinsiplərinə uyğundur, ifaçı aktyorların səhnədə sərbəst davranışına tam imkan verir. Yeri gəlmişkən, öz geyimlərində yetərincə sərbəst davranan, ifadəli plastik oyunları ilə diqqət çəkən aktyorlar (Rəşad Rüstəmov, Laçın Abbasov, Əlgüşad Rəhimov)-əcinnə obrazlarının ifaçıları, özünəməxsus şuxluq, estetik ahəngdarlıq nümayiş etdirirlər.Tamaşanın bir məqamında iki əcinnənin ifa etdiyi pantomim oyun özünün orqanikliyi, aktyor texnikası, məharət səviyyəsi ilə təsirli və yaddaqalandır.
   “Pəri Cadu” tamaşasının poetika göstəriciləri quruluşçu rejissorun təcəssüm prosesindəki özünüifadə tərzində, pyesin səhnə həllində bədii təzahürünü tapır. Burada irili-xırdalı səhnə tapıntıları effektli aktyor texnikası ilə mənalanır. Rejissor üstünlüyü təsviri zənginliyə yox, səhnədə canlı oyun vasitəsilə əyaniləşən ideya-estetik mərama, insan “məni”nin hadisələr boyu açılmasına vermişdir. Ayrı-ayrı səhnələrin dinamikasının sabit inkişafı, məntiqi bədii vurğuların dürüst oyun prinsipləri ilə işarələnməsi rejissorun başlıca yaradıcılıq qayğısı olaraq öz uğurlu bəhrəsini vermişdir.
   Tamaşanın ideya-estetik konsepsiyasının bədii realizəsinin tərkib elementləri olan janrı, konflikti, hadisələr xətti rejissorun məharətli səyi nəticəsində dürüst tətbiqi həllini tapır, konkret səhnə məqsədləri və aktyor oyunu vasitəsilə aşkarlanır. Bu zaman bəzi səhnələrdə müşahidə etdiyimiz əməl xəttinin ətalətini, təklif edilən janra yad oyun üslubunu, ayrı-ayrı aktyorların yozuma uyğun olmayan “sərbəst” ifa tərzini istisna etsək, bir küll halında “Pəri Cadu” tamaşası, həm rejissor Mirbala Səlimlinin, həm də Şəki teatrının yaradıcılıq bioqrafiyasında uğurlu tamaşa kimi, klassik əsərin çağdaş dövrün mədəni-estetik tələbləri səviyyəsində təqdimatı baxımdan olduqca dəyərli səhnə işidir.
   Bu tamaşa ilə Şəki teatrı özünün ilk fəaliyyət illərindəki canlı yaradıcılıq ənənələrinə sadiq olduğunu təsdiq etməklə, milli klassikadan bəhrələnmənin uğurlu nəticəsinə imza atmışdır.
   
   İsrafil İsrafilov,
   sənətşünaslıq doktoru, professor







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar