Məlumdur ki, üç teatrın birləşməsi haqqında verilən qərarın ətrafında neçə vaxtdır yaman söz-söhbətlər dolaşır. Bu üç teatra baş rejissor kimi təyin olunmuş Cənnət Səlimovanın bu yaxında «Reytinq» qəzetinin 21 iyun tarixli sayında qəzetlərə verdiyi müsahibə, xüsusilə də Gənc Tamaşaçılar Teatrına ünvanladığı sərt ittihamlar teatr heyətinin ciddi narazılığına səbəb olub.
   Təbii ki, “Mədəniyyət” qəzeti olaraq, Gənc Tamaşaçılar Teatrının etirazını nəzərə alıb məsələyə yenidən aydınlıq gətirməli olduq.
   Cənnət xanımın müsahibəsinə münasibət isə belə oldu:
   
   Yasin Qarayev: “Düzü, mən Cənnət xanımın müsahibəsini oxudum, bir az pəjmürdə oldum. Əvvəla, təzəcə baş rejissor təyin olunmuş Cənnət xanım müsahibəni “Mədəniyyət” qəzetinə yox, o qəzetə verib. 63 yaşlı bir aktyor kimi 40 ildən çox səhnə fəaliyyəti olan bir insan kimi bu müsahibə mənə tənqid kimi yox, təhqir kimi göründü! Bilirsiniz, birləşmək, güclənmək qələbə çalmaq deməkdir. Biz birləşmirik, bizə gəlirlər. Çox gözəl, gəlsinlər. Amma dədə-babadan çox gözəl adət-ənənə var. Getdiyin yerin ab-havasına alışmamış istək və arzularını diktə etmək yaxşı əlamət deyil. Kamera Teatrının yaradıcı heyətini peşəkar, Gənc Tamaşaçılar Teatrını isə qeyri-peşəkar adlandıran Cənnət Səlimova bilməlidir ki, müstəqillik əldə etdiyimiz dövrdən üzü bu yana yaranmış yeni teatrlar arasında ən üz ağardanı Pantomim və Amaliya Pənahovanın yaratdığı Bələdiyyə teatrı olub. Bu fikir Teatr Xadimləri İttifaqının konfransında da söylənildi. Çox təəssüf ki, Kamera Teatrınıın ünvanına bu sözlər söylənilmədi. Təcrübəli hörmətli rejissorumuzun yaradıcılıq qabiliyyətinə şübhəmiz yoxdur. Lakin ayrı-seçkilik kimə lazım? Kamera Teatrının nə qədər ki, bizimlə birləşmək əmri verilməyib, Cənnət xanım bizə cəhənnəm əzabı verəcək (hətta ola bilsin birləşmə əmrindən sonra da). Açıqcasına hiss olunur ki, Cənnət xanımın fikri-zikri qurub yaratdığı Kamera Teatrının yanında qalıb. Əslinə qalsa, bu, özlüyündə yaxşı keyfiyyətdir. Lakin Gənc Tamaşaçılar Teatrının da təəssübünü çəkənlər az deyil. Ömrünün gənclik illərini bu teatrın inkişafına sərf edən insanlar bu gün də bu teatrı göz bəbəyi kimi qorumağa hazırdılar. Çünki 80 illik şərəfli sənət yolu keçmiş teatrımızın özünəməxsus adət-ənənəsi, estetik tələbləri var”.
   Tariyel Qasımov: “Cənnət xanım gözəl sənətkardı, bəyəndiyim rejissorlardan biridir. Amma onun müsahibəsi, açığı, böyük təəssüf doğurur. Böyük sənətkarlar yetirən bizim teatr haqqında Cənnət xanımın dedikləri hardasa düz deyil. Yəqin o, bizim tamaşalara baxmayıb, səhnədə, ekranda bizim sənətkarları görməyib. Bu müsahibədə məqsəd? Bilirsiniz ki, onun öz teatrı var. Teatrının kollektivi haqda narahatdır ki, birdən onlar burada sıxıla bilər. Lakin belə bir şey yoxdur. Bütün aktyorlar bizə əziz və doğmadır. Gənclər teatrı da bizə birləşib, inandırım sizi, elə bil illərdir bir yerdə işləyirik”.
   Ağaxan Salmanlı: “Mən o müsahibəni oxudum. Əvvəla, onu deyim ki, Cənnət xanıma mənim hörmətim var. Aktyor kimi emosionaldır, rejissor kimi çox ağıllıdır. Mən onu qiymətləndirirəm. Müsahibəsində bir səmimiyyət də var. Bilirsiz, son illər o, Kamera Teatrı ilə məşğul olub. Oranın da məkanı dar, tamaşaçısı az, aktyor sayı da az. Belə bir şəraitdə işləyibdir və onun müsahibəsində də bu, hiss olunur. İndi isə 3 teatr birləşib və 90 nəfərlik aktyor heyəti və iki o qədər də texniki-inzibati işçilər. Müsahibəsində o həyəcan hiss olunur, bu da təbiidir. Bir də o, vurğulayıb ki, guya bizim teatrın repertuarı mənim estetik baxışıma uyğun gəlmir. Halbuki Gənc Tamaşaçılar Teatrında baş rejissor işləməyə razılıq verilibdir ona. Deməli, hardasa özünün işini təzədən qurmalıdır. Özündə elə bir qüvvə tapmalıdır ki, daha geniş məkanda, daha geniş kollektivdə, daha geniş repertuarla işləməyə hazır olsun. Dövlət, məncə, çox dəyərli iş görüb. Təsəvvür edin ki, dövlət 3 teatrı yalnız Gənc Tamaşaçılar Teatrının adı altında birləşdirib. 80 ildir ki, bizim teatr yetişməkdə olan gənc nəslə xidmət edir. Artıq onun mürəkkəbliyi, ideya istiqaməti də məlumdur. Cənnət xanımın deməyi ki, Gənc Tamaşaçılar Teatrının repertuarı zəifdir, məncə, o, repertuarla tam mənasında tanış deyil. Gənc Tamaşaçılar Teatrında illərlə repertuarda olan çox dəyərli tamaşalar olubdur. Məsələn, “Mənim ağ göyərçinim” 7-8 ildir ki, həm açılışda, həm bağlanışda hər dəfə oynanılır. Tamaşaçı da çox böyük zövq alır. Cənnət xanım istəyir ki, teatrın repertuarında klassik əsərlər olsun. O, gələcək teatrı belə görmək istəyir. Belə tamaşalar da bizdə çoxdur. Amma o, nədənsə tamaşaların adını çəkəndə, öz Kamera Teatrının tamaşalarının adını deyir. Halbuki belə klassik əsərlər bizdə də, Gənclər Teatrında da və digər teatrlarda da var. Məncə, burda bir qədər ətraflı yanaşmaq lazımdır. Artıq Kamera Teatrının əhatəsindən bir qədər çıxıb uzağa baxmaq lazımdır. Bir də ki, teatrın adı ilə bağlı məsələyə də toxunub. Əvvəla, teatrın adını dəyişmək, 80 illik ənənəyə son qoymaq deməkdir. Amma madam ki, dövlət bu teatrları Gənc Tamaşaçılar Teatrı adı altında birləşdirib, bu teatrın yetişməkdə olan gənc nəslin tərbiyəsiylə məşğul olmasında dövlət maraqlıdısa, adın dəyişməsi məsələsi uyğun gələ bilər”.
   Nicat Kazımov: “80 illik tarixə, korifey sənətkarlara malik olan teatr haqda belə danışmaq doğru deyil. Əgər söhbət professionallıqdan gedirsə, mən əminliklə deyə bilərəm ki, bizim teatr peşəkar teatrdır və bu gün də burada peşəkarlar çalışır. Əgər Cənnət xanımın dediyi kimi, biz qeyri-peşəkarıqsa, niyə bizim teatrımız iki il dalbadal “Zirvə” mükafatını alıb? Niyə Tatarıstanın Kazan şəhərində Türkdilli xalqların Novruz festivalında “Pəri cadu” tamaşası böyük uğurla qarşılandı? Hələ demirəm ki, illərdir repertuardan düşməyən tamaşalarımız var! “Ana laylası” 32 il, “Çal, oyna” 27 il, “Ələddinin sehirli çırağı” 11 il, “Xeyir və Şər” 7 ildir ki, repertuardadır. “Cənnətin üç alması” tamaşası isə iki min dəfədən çox səhnədə oynanılıb. “Ana qaz” tamaşası yeganə Azərbaycan tamaşasıdır ki, Rusiyanın Pantomima Assosiasiyasının videotekasında dərs vəsaiti kimi saxlanılır.
   
   Söhbəti qələmə aldı:
   Yeganə CANSAİL







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar