Aydın Talıbzadə 

 

 

  (varolmanın parametrləri)
   
   “Yeni teatr” Respublika Festivalından gəlirəm, ulu Nizaminin məqbərə cənnətini gəzib gəlirəm, şairlərin “Allah” saydıqlarına dua qılıb gəlirəm, ay camaat, Gəncədən gəlirəm, deməli, yüküm sözdür. Onu da yazmasam, olmaz.
   Düzü, əvvəl-əvvəl ayaqlarımdan sanki daş asılmışdı, heç getmək istəmirdim bu festivala. Çünki festivala təqdim olunan tamaşaların əksəriyyətini görmüşdüm, nəyi də görməmişdimsə, halından xəbərdardım.. Bunu təkcə mən belə düşünmürdüm... yəqin. Əslində, hamı bilirdi ki, bu festivaldan teatr hadisəsi ummağına və ya gözləməyinə dəyməz. Amma onu da hamı bilirdi ki, FESTİVAL Azərbaycan teatr mədəniyyətinə hava və su kimi lazım olan bir şeydir. Niyəsini mən Sizə deyim.
   Birinci: Bu gün bütün dünya teatrı üçün festival hərəkatı aktualdır. Belə ki, festival həm bayramdır, həm işdir, həm də bazar (reytinq, gündəm və alver). Əgər XIX-XX yüzillərdə teatr qastrollarla “dolanıb”, qazanıb, məşhurlaşıb özünü qastrollarda təsdiqləyirdisə, indi tamam ayrı bir zamandır, ayrı bir əyyamdır. Teatr sənəti festivallarla, festivallarda və festivallara görə yaşayır. Bu, XXI əsrin teatr sənətinin varolma prinsiplərindən biridir və ola da bilsin ki, birincisidir. FESTİVAL bu gün teatrlardan ötrü maqnetik cazibə çənbəridir və alternativsiz bir olaydır. Çağdaş dövrümüzdə peşəkar teatr sənətçiləri bir qayda olaraq prestijli festivallara tələsirlər. Məqsədləri də birdir: özünü, öz teatr düşüncəsini, dünya ilə ilişkili fikirlərini, dünyanı qavrama tərzini, öz teatr modelini digər sənətçilərə göstərmək və satmaq, özünü başqa peşəkarların gözündə görmək, tanımaq, tanınmaq, dərk etmək, digər rejissorların, aktyorların səhnədə necə, teatrda nə üçün işlədiyinə baxmaq, festivalın energetik aurasında bulunmaq, yeni sənət ideyalarının, formalarının, dəblərinin “barterində” aktiv iştirak etmək. Bunun başqa bir səbəbi də odur ki, şou-biznes daha çox kütləviləşdikcə, daha çox pırpızlaşdıqca, daha çox ucuzlaşdıqca, daha çox tirajlandıqca, teatr daha çox peşəkarlaşır, daha çox “bahalaşır”, daha çox elitarlaşır və hər cür nüsxələnməyə qısqanclıqla yanaşır. Ona görə də Azərbaycan teatrının festival hərəkatına intensiv şəkildə qoşulması, müxtəlif festivallara qatılması gerçəkliyin müasir sənət tələbidir. Mənə elə gəlir ki, Azərbaycan teatrı çağdaş dünyamızda normal sənət həyatı yaşamaq üçün təzə inyeksiyaları məhz bu festivallardan ala bilər. Nədən ki, yaşanan indimizdə teatr sənətinin gəlişməsindən ötrü festivalların akkumulyativ rolu böyükdür.
   İkinci: Teatrı TEATR eləyən lokal məkanda mövcud sənət atmosferi, sənət mühitidir. Ən qutlu ideyalar, ən baxımlı tamaşalar teatr mühiti olmayanda, yetərincə tez cəng atıb lazımsızlaşır. Bu aspektdə lokal və beynəlxalq festivallar Azərbaycanın teatr həyatına rəng qata bilər, teatr sənətçilərinin aktivliyini şərtləndirər, müəyyən sənət mühitinin yaranmasına yardımçı olar. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Teatr şöbəsinin müdiri Naidə xanım İsmayılzadə ilə söhbətimiz zamanı o mənim diqqətimi çəkən bir fikir söylədi. Dedi ki, bu gün teatr üçün, teatrın naminə görülən hər hansı bir iş, qəribədir, sanki gedib quyunun dibinə düşür. Tamamilə doğrudur. Sən nə edirsənsə elə, necə yazırsansa yaz, nə cür tamaşa hazırlayırsansa, hazırla, fərq eləməz, rezonans, əks-səda yoxdur: əgər varsa da, piar xarakterlidir. Araba isə heç cür yerindən tərpənib irəliləmir ki, irəliləmir. Halbuki hamı buna çalışır, hamı bunu arzulayır və hamı bu haqda ağız dolusu, ürək dolusu danışır. Düşünürəm ki, bəlkə də səhvən, amma düşünürəm, respublikada teatr mühitinin formalaşmasına festivallar əməllicə pozitiv təsir göstərə bilər.
   Üçüncü: Teatr sənətçiləri arasında sanki yaratmaq şövqü, yarışmaq ehtirası tükənib, hərə öz məişət problemlərinin içində mütiləşib qalıb və heç bir dirçəlişə inanmır. Teatrda işləyə-işləyə teatrdan uzaq olmaq, teatra yalnız bir dolanışıq yeri kimi yanaşmaq, teatr dünyasında gerçəkləşən hər hansı bir proyektə münasibətdə laqeyd qalmaq Azərbaycanda müasir sənət psixolojisinin simptomatik əlamətidir. Bu, hamıya aid olmasa da, əksəriyyət üçün xarakterikdir. Deyirəm ki, bəlkə festivallar buna bir əncam qıla, teatr sənətçilərinin əlavə marağına səbəb ola, onların gündəlik həyatını və çabalarını bir az daha mənalandıra. Axı “mən də varam” devizi (mümkün ki, tendensiyası) permanent şəkildə bütün festivalların əsas leytmotividir.
   Mənim fikirlərimdə müəyyən həqiqət nişanələri görən kimsələr Mədəniyyət və Turizm Nazirliyinin Teatr Şöbəsinin “Yeni Teatr” adı altında qədim Gəncə şəhərində gerçəkləşdirdiyi festivalı alqışlayacaqlar. Bunu festivalın qonağı olduğum üçün söyləmirəm., şəxsi qənaətim belədir. Ən azından ona görə ki, iki il bundan sonrakı festivalı artıq gözləməyinə dəyər. Bu isə məqsədyönlü, kompleks çalışmaların, intensiv məşqlərin, axtarışların labüdlüyünü gündəmə gətirir.
   Soruşulur: Bəs Gəncə festivalının nəticələri? Konkret heç bir nəticə yoxdur. HADISƏ DƏ, MƏRAM DA, NƏTİCƏ DƏ ELƏ FESTİVALIN ÖZÜDÜR. Odur ki, bütün teatrlara, birini o birindən fərqləndirmədən, diplomlar, xatirə hədiyyələri əta edildi, təbii ki, teatr törənində iştirak etdiklərinə görə və təbii ki, festival formatını pozmamaq üçün... Lakin bununla yanaşı festival bizim özümüzə oxşayırdı, Azərbaycan teatr mədəniyyətinin çağdaş durumunun ümumi kontekstində “oxunurdu” və bizlərə bəlli partituranı sərgiləyirdi. Azərbaycan teatrı bu gün necə varsa, necə mövcudsa, festival da eləcə zühura gəlmişdi, eləcə də tamamlandı və respublikadakı teatr situasiyasını qədərincə dəqiq panoramlaşdırdı. Festival əyani şəkildə hamıya bəyan elədi ki, milli teatr mədəniyyətində yuxarılar ciddi reformalara, respublikadakı teatrların vəziyyətini koordinal şəkildə dəyişməyə hazırdırlar və Azərbaycan Respublikası Prezidentinin milli teatr sənətinin 10 illik inkişaf perspektivləri haqqında imzaladığı sərəncam buna sübutdur. Elə festivalın özü də prezident sərəncamına operativ reaksiyadır. Ol səbəbdən festivalın təşkilat komitəsinin çox qısa zaman intervalında gördüyü iş “əla” qiymətləndirilməlidir və bu, təşkilat komitəsinin hər bir üzvünə, istisnasız aiddir.
   Festival onu da göstərdi ki, teatr sənətçiləri hələ reformaları qarşılamağa, dəyərləndirməyə və cavablamağa, bədii-estetik düşüncənin yeni mərhələsinə adlamağa tam hazır deyillər və Azərbaycan teatrı hələ də keçən əsrin teatr dolanbaclarında ilişib qalıb. Amma bundan heç də faciə düzəltməyinə dəyməz. Nədən ki, mən türkdilli xalqların ənənəvi “Nəuruz” (Kazan şəhəri) teatr festivalında da təqribən belə bir vəziyyətlə üzləşdim. Burada çuvaş, tatar, başqırd, xakas və hətta mənim bəyəndiyim türkmən teatrları yalnız XX əsr teatrının müxtəlif zaman kəsimlərindəki şəkil və ovqatını reprezentasiya eləyirdilər və aydın görünürdü ki, XXI yüzil hələ bu teatrların qapılarını döyməyib, hələ bu teatrların səhnəsinə çıxmayıb. Qəribədir, Azərbaycanda da təqribən eyni situasiyadır: hərçənd oralarda peşəkar səviyyə daha yüksəkdir. Əvəzində bizimkilər dünyaya daha həssasdırlar, daha açıqdırlar və sovetizmdən daha çox uzaqlaşıblar. Digər önəmli bir məqam. Kazan festivalı ilə Gəncə festivalı bədii-estetik mündəricə baxımından da bir-birilə kəsişdi. Hansı aspektdə? Festival proqramlarında yer almış tamaşalar, təəccüblü olsa da bu, faktdır, böyük mənada cəmi ikicə teatr türünü (növünü) təmsil edirdi: ölü teatrı və bir də meydan teatrını, başqa sözlə, kobud teatrı, əlbəttə ki, müxtəlif modifikasiyalarda. Kazan festivalında da mən təqribən belə bir vəziyyətlə qarşılaşmışdım. Ya “sistem” quruyub qaxac olub, ya onunla işləyə bilmirlər, ya bu, sadəcə, bezikdiricidir, yorucudur, ya da meydan teatrının təqdim etdiyi epik hüdudsuzluq, familyar sərbəstlik şirnikdiricidir, cəlbedicidir. Gəncə ilə müqayisədə Kazan festivalında bu tendensiya daha qabarıq ifadə olunmuşdu. Bundan əlavə, hər iki teatr festivalı onu aydınlatdı ki, teatr sənətində bədii imitasiyalar dövrü çoxdan qurtarıb və imitasiya tam maraqsızdır. Çünki İnternet, hörümçək-şəbəkə, bir göz qırpımında hamının əlini “uzadıb” orijinala çatdırır. Bu da o deməkdir ki, teatr sənəti kontekstində özündən (vətən və dünya şkalasında düzənlənən “öz”lər cəmi) özgürcəsinə və özəl bədii dildə danışmağın vaxtı çatmışdır. Əks təqdirdə, biz hamımız çox sürətlə köhnəlirik. Bunu qəbul etmək üçün ətrafa ötəri belə nəzər salmaq, bədii kinoda, bədii gimnastikada, fiqurlu konkisürmə performanslarında, bilgisayar oyunlarında, dünyanın sirk və idman arenalarında və hətta turizm sektorunda nələrin və necə baş verdiyini görmək kifayətdir. Dünya bir tərəfdən daha çox zalımlaşır, amansızlaşır, digər tərəfdən isə daha çox teatrallaşır, tamaşalaşır, forma qəşəngliyinə iddialı olur. Müasir gerçəklik “teatr” və “tamaşa” anlayışlarının çərçivələrini də artıq rahatca vurub sındırır, onların mənalarını da yüngül manipulyasiyalarla və eleqantcasına dəyişir.
   Nə isə... çözdükcə çözüləsi bir problemin içinə vardım, dönək üzü festivala. Festivalın gündəliyində sıralanmış tamaşaları bir-bir təhlilə çəkmək və ya tənqid eləmək fikrim yoxdur: onların sayı on dörddür (çəhardəh məsumə fenomeni) və bu on dördün tən yarısı ümumiyyətlə tənqidə tablamır. Səbəbi də məlumdur: bu teatrları artıq tarixin, sovetizmin tozu basıb və onlar peşəkar teatr əlifbasını unudub “həvəskar teatrlar” dönəminə qayıdıblar. Bir qisim teatrların tamaşalarında isə hələ də canlı fraqmentlər, dolğun, bədii aktyor ifaları gözə dəyir. Yəni danışmaq üçün, müqayisələr aparmaq üçün, cıbırığı ləpədən ayırmaq üçün material tapılır. Ayrı bir qisim teatrlar isə öz xalturaları (bu sözə görə hamıdan üzr istəyirəm) və ədaları içində boğulurlar. Bəzilərində isə epataj xarakterli sadəlövh primitivizm adamı lap bıkdırır. “Yuğ” və Pantomima teatrları isə tamam fərqli bir səviyyənin söhbət obyektidir. Hərçənd, düzünə qalsa, heç bunları da deməzdim. Deyirəm ona görə ki, festivalın bir daha bu tutumda, bu qayədə, bu biçimdə, bu mündəricədə təkrarlanması mümkünsüzdür: əgər təkrarlanarsa, festivalı nüfuzdan salacaq və onun urvatlı bir sənət törəninə çevrilməsini əngəlləyəcək. Odur ki, Azərbaycan teatrlarının növbəti festivalını indidən planlaşdırmaq gərək. Əsas məsələ festivalın bədii-estetik mündəricəsi məsələsidir, yəni tamaşalar sırasıdır, onların müəyyən əlifba (peşəkarlıq) standartlarına uyğunlaşdırılması və zamanın tələbinə, dəbinə, dünyanın müasir qavrama tərzinə adekvatlığıdır. Festivalda münsiflər heyətinin də, tənqidçilər kollegiyasının (cavan teatr yazarlarının iştirakı ilə) da fəaliyyəti son dərəcə mühüm amildir. Tamaşaların müzakirəsi, fikir mübadiləsi və həqiqi dəyərləndirmə olmayanda, festival parada çevrilir. Mükafatlandırma (ədalətli və haqqına) sistemi də festivalın renomesi üçün vacib şərtdir. Yadınıza salın dünyanın nüfuzlu kino və teatr festivallarını. Canlı diskussiyalar, tənqid, nominasiyalar üzrə təltif sistemi olmayanda festivala qarşı bir biganəlik, laqeydlik və etibarsızlıq sindromu əmələ gəlir. Bir də ki festival zamanı teatr öz tamaşası barədə “isti-isti” söylənilən operativ rəylər, fikirlər müxtəlifliyilə qarşılaşır, buna alışır və bundan fayda götürür. Hər halda mənim xatırlatdığım məqamlar öz tipinə görə ismarış xarakterlidir və “Yeni teatr” festivalının gələcəyinə ünvanlanıb. Həqiqətdə isə əsas məsələ budur ki, ruslar demişkən, buz yerindən tərpəndi. Yəni bizim də, yalnız bizim özümüz üçün, yalnız Azərbaycan teatrının inkişafını hədəfləmiş öz milli teatr festivalımız var və onu ən yüksək meyarlara uyğun bir səviyyədə təşkil etməyə qüvvəmiz çatır. Bu kontekstdə Azərbaycan Teatr Xadimləri İttifaqının keçən əsrin 90-cı illərində keçirdiyi festivalların təcrübəsindən, onların ənənəvi və prestijli teatr törəninə çevrilməməsinin səbəblərini araşdırıb öyrənmək şərtilə, faydalanmağına dəyər. Allah amanında!







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar