Milli teatrımızın inkişafı üçün nə işlər görülür?

   Mədəniyyət və Turizm Nazirliyinin «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının icrası ilə bağlı iclası keçirildi
   
   Qeyd edək ki, sözügedən dövlət proqramı prezidentin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq olunub. Proqram Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirir. Proqram çərçivəsində artıq teatrlarda müəyyən səmərəli islahatlar aparılmışdır.
   Məruzə ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Nazir ölkə başçısının mədəniyyətə diqqətindən, bu sahədəki mühüm reformalardan danışmaqla iclasa giriş verdi. Mədəniyyət sahəsində üç sektorda - kitabxana işində, kinoda və teatrda islahatların aparıldığını və bu sahədəki inkişaf proqramının təsdiq olunduğunu söylədi. «Teatr mədəniyyətimizdə, cəmiyyətimizdə əsas, bəlkə də prioritet sahədir, onun inkişafı üçün hər cür tədbirlər görülür» -deyən Əbülfəs Qarayev bu sektorda müsbət irəliləyişləri əyani görmək üçün bəzi rəqəmlərə də istinad etdi: «Teatr və teatr fəaliyyəti haqqında qanun» 2006-cı ildə qəbul olundu. Bu qanuna uyğun olaraq teatrın inkişaf proqramı da təsdiq olunub. Artıq proqram çərçivəsində tamamlanmış işlər var. Məsələn, A.Şaiq adına Dövlət Kukla teatrı, S.Vurğun adına Rus Dram teatrı və Gənc Tamaşaçılar Teatrının binaları təmir olunub və lazımi avadanlıqlarla təchiz edilib. Akademik Milli Dram Teatrında təmir-bərpa işləri gedir, növbəti mərhələdə Opera və Balet Teatrının, müstəqil binaları olan İrəvan teatrının, Pantomima Teatrının, habelə, Şəki, Qazax teatrlarının binalarında təmir bərpa işləri nəzərdə tutulur.
   Dövlət tərəfindən teatra ayrılan vəsaitin inkişaf tempi yüksəlib. Üç il müddətində dövlətin teatra maliyyə dəstəyi xeyli artımla ifadə olunur. Maaşlar da qalxıb. Son üç ildə respublikada büdcə təşkilatından məvacib alan insanların maaşının qaldırılması haqda üç dəfə sərəncam imzalanıb. Səhiyyə, təhsil, mədəniyyət sahələrində işləyən insanların orta aylıq əmək haqqı eyniləşdirilib. Qanuna uyğun olaraq xüsusi dotasiyalar da ayrıldı. Opera və Balet Teatrının işçilərinin maaşı 100% artırıldı. Son üç ildə dövlət sifarişi ilə 80 yeni tamaşa hazırlanıb. Əgər vaxtilə dövlət sifarişi ilə tamaşaların hazırlanmasına iki min, üç min manat məbləğində vəsait ayrılırdısa, indi, on beş, iyirmi min manat, hətta elə tamaşalar var ki, 100 min manat vəsait verilib. Teatr fəaliyyətini dəstəkləmək üçün dövlət tərəfindən yalnız maliyyə və maddi-texniki baza sahəsində deyil, həm də yaradıcılıq sahəsində işlər aparılır, peşəkarlara şərait yaradılır». Nazir öz çıxışında gənc rejissor kadrlarının yetişdirilməsinin vacibliyini vurğuladı və tədbirlər planında bu istiqamətdə işlər nəzərdə tutulduğunu söylədi. Görüləcək işlər çərçivəsinə həmçinin teatr-studiyaların yaradılması da daxildir. Əlbəttə ki, məhz bu tədbirlər yaradıcı prosesdə mühüm irəliləyişləri təmin edir. Ölkə teatrlarının beynəlxalq miqyasda milli mədəniyyətimizi təmsil və təbliğinə gəldikdə, nazir son üç ildə Milli Dram Teatrı, Dövlət Pantomima Teatrı, Gənc Tamaşaçılar Teatrı, Opera və Balet Teatrı, Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Musiqili Komediya Teatrı və digər teatrların Almaniya, Türkiyə, Tatarıstan, Finlandiya, Belarus, Gürcüstan, Ukrayna, Mərakeş, Fransa, Estoniyada beynəlxalq tədbirlərdə iştirak etdiyi barədə məlumat verdi. «Kim məhsulunu beynəlxalq səviyyədə təqdim etməyə özündə güc tapırsa, ona kömək edirik. Dövlət teatrların beynəlxalq hüdudlara çıxmasına dəstək verir. Musiqili Komediya Teatrı Beynəlxalq Musiqili Teatrlar Assosiasiyasına üzv oldu. Ölkəmizin beynəlxalq nüfuzunun artdığını görən cənab prezident mədəniyyətimizin təbliğinə böyük əhəmiyyət verir. Biz bunu daha geniş şəkildə və daha müasir formada həyata keçirməliyik».
   Nazir Əbülfəs Qarayev Dövlət Proqramı əsasında görülən işlərlə yanaşı, perspektiv işlər barədə də məlumat verdi. Milli teatrın dünya mədəniyyətinə inteqrasiya prosesində festivalların əhəmiyyətini vurğulamağa ehtiyac yoxdur. Nazirin çıxışında bu məqam diqqətdən kənarda qalmadı. Ötən ay Gəncədə keçirilmiş Respublika Teatr Festivalını xatırladan nazir, gələn il Çexov adına Beynəlxalq Teatr Festivalının bir mərhələsinin Bakıda keçiriləcəyini söylədi. Daha sonra nazirin sualları əsasında teatr rəhbərləri çıxış etdi.

   Aliyə