İyulun 12-də Dövlət Musiqili Komediya Teatrı növbəti 99-cu mövsümünü başa vurub. Elə məhz bununla əlaqədar, həmin gün teatrsevərlər Dövlət Musiqili Komediya Teatrının qonağı olublar. Öncə qonaqları salamlayan teatrşünas Məryəm Əlizadə son vaxtlar ölkəmizdə teatra dövlət qayğısından danışaraq, bunu yüksək qiymətləndirdiyini bildirib. M.Əlizadə həmçinin növbəti mövsümdə teatrın tamamilə yeni quruluşda pərəstişkarlarının görüşünə gələcəyini qeyd edib. Belə ki, yeni mövsümdə teatrın səhnəsində dahi Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettası həm rus, həm də Azərbaycan dillərində tamaşaya qoyulacaq.
   Bundan başqa, növbəti mövsümdə Moskva, Sankt-Peterburq teatrları Musiqili Komediya Teatrının qonağı olacaqlar. Teatrşünas onu da qeyd edib ki, teatr yeni mövsümdə özünün yüzillik yubileyini qeyd edəcək ki, bu da teatrsevərlər üçün əsl sənət bayramı olacaq. Daha sonra mövsümün sonuncu tamaşası olan «Məşədi İbad» tamaşaçıların ixtiyarına verildi. Quruluşçu rejissoru Cənnət Səlimova, rəssamı İsmayıl Məmmədov olan tamaşada baş rolları Afaq Bəşirqızı, Ramiz Məmmədov, Nərgiz Kərimova, Arif Quliyev kimi aktyorlar ifa ediblər. Bir-birindən maraqlı aktyor ifaları ilə yadda qalan tamaşa seyrçilər tərəfindən böyük hərarətlə qarşılandı. Demək olar ki, zalda boş yer qalmamışdı. Bu, olduqca sevindirici bir haldır. Çünki teatra marağın azaldığı bir dövrdə, bunu yüksək qiymətləndirməmək düz olmazdı.

   Sənubər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar