Teatr elə incəsənət sahəsidir ki, burada fərdin deyil, bütün kollektivin birgə işi nəzərə çarpır. Vaxtilə teatr səhnəmizdə möhtəşəm rollar yaratmış Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Sidqi Ruhulla, Rza Təhmasib kimi aktyorlarımız teatr tarixində elə bir iz qoyublar ki, zaman-zaman unudulası deyillər.
   
   Müasir dövrümüzdə də klassik Azərbaycan teatrının ənənələri yaşadılır, teatrın mütərəqqi prinsiplərindən məharətlə istifadə olunur.
   Manaf Dadaşov sənətə yüksək dəyərlərlə yanaşan gənc aktyorlardandır. Gənc Tamaşaçılar Teatrında çalışan Manaf Məcid oğlu Dadaşov 1981-ci il noyabr ayının 21-də Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu fakültəsini, Qəmər Məmmədovanın kursunu bitirib (2002-2006). Aktyorun kurs rəhbəri Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev olub. 2002-ci il fevral ayından Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərən Manafın teatra gəlməsində Ramiz Məmmədovun və Anar Heybətovun böyük rolu olub.
   Teatrda müxtəlif səpkili tamaşalarda əsas və epizodik rollarda oynayan aktyor daxilən komik və dramatik janra daha çox meyillidir. Manaf Dadaşov teatrın səhnəsində yaratdığı əsas obrazları sırasına Əsgər (“Hacı Qara”), Həbəş (“Ezop”), Çoban (“Pəri cadu”), MT işçisi (“Ağ dəvə”), Şirməmməd (“Cənnətin üç alması”), Qaston (“Kabuslar”) kimi maraqlı surətlər daxildir.
   Aktyor həmçinin Ramiz Fətəliyevin quruluşu əsasında “Hökmdarın taleyi” tarixi filmində İsrafil rolunda çəkilib. Bundan başqa, o, Rusiyanın NTV kanalının çəkdiyi “Russkiy perevod” serialında Master rolunda çıxış edib.
   Manaf Dadaşov müasir tamaşaçıların daha çox gülməyə üstünlük verdiyini qeyd etdi: “Aktyor, tamaşaçını mənalı güldürməli, obrazının əməli ilə düşündürməli, ona əsl sənət nümunəsi təqdim etməlidir. Keçmiş nəsilə aid sənətkarların sənət baxımından köhnə adət-ənənələr ilə yaşamağa çalışması müasir dövrün sənətini geridə qoyur. Müasir dövrdə güclü rejissor və müəllif olmalıdır ki, o, teatrı qabağa çəksin, əks təqdirdə, teatr bugünkü acınacaqlı vəziyyətindən çıxa bilməyərək, tənəzzülə uğrayacaq. Bəzi rejissorlar aktyorların yaxşı işləməsi üçün rahat şərait yaratmırlar. Hazırda teatrın güclü rejissora və müasir pyeslərə ehtiyacı var”.
    Əgər incəsənət aləminə diqqətlə nəzər yetirsək, teatrın inkişafına əngəl törədən səbəblərin ən mühümü kimi müasir pyeslərin yoxluğu, istedadlı rejissorların qıtlığı və incəsənətin daha çox “şou-biznes”ə yuvarlanmasıdır.
   Biz gənc və istedadlı aktyorlarımızın gələcəyinə inanır və ümid edirik ki, teatrımız bir vaxtlar olduğu kimi, yenə də ən çox müraciət edilən incəsənət mərkəzlərindən birinə çevriləcək.

   Tamilla YAĞMUR,
   ADMİU-nun tələbəsi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar