Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Bakı I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bilet satışı üzrə məsul şəxsi Miryam Bogataj ilə görüşüb. Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Avropa Oyunları üçün turizm şirkətləri vasitəsilə bilet satışının həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətləri və BAOƏK arasında dəyirmi masanın təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb. Turizm şirkətləri tərəfindən ekskursiyaların təşkili də müzakirə olunub.
Qeyd olunub ki, BAOƏK tərəfindən bilet satışı ilə bağlı yaradılmış yeni sayt Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edən CNN, Euronews və digər xarici televiziya kanalları vasitəsilə reklam olunacaq.
Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgilərində BAOƏK tərəfindən bilet satışının həyata keçirilməsi üçün müvafiq lövhənin quraşdırılması ilə bağlı təklif irəli sürülüb.
Söhbət əsnasında BAOƏK tərəfindən Bakıda quraşdırılacaq informasiya məntəqələrində turizm xarakterli məlumatların da yer alması müzakirə olunub.
Qeyd edək ki, hazırda Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsində, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, “Qala” qoruğunda və İçərişəhərdə turizm informasiya mərkəzləri mövcuddur.