Son illər milli teatrın həyatında baş verən canlanmalar yalnızca təmir-bərpa-yenilənmə işləri, islahatlarla əlaqədar deyil. Teatrların nüfuzlu beynəlxalq festivallara qatılması intensiv xarakter alıb. Əlbəttə bunlar teatrda yaradıcı prosesə stimul verən şərtlərdir. Mədəniyyət və Turizm Nazirliyinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova ilə söhbətimiz teatrın inkişafı istiqamətində Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş milli teatrın 10 illik inkişaf proqramı haqqında vacib sənəddən irəli gələn tədbirlər, görülən və görüləcək işlər haqqında idi. Söhbətə festivallardan başladıq. Qeyd edək ki, Vəfa xanım ötən ay Bolqarıstanda keçirilən Beynəlxalq Marionet Teatrları Festivalından qayıdıb.
   
   - Bu, Plovdiv şəhərində keçirilən Marionet Teatrları Festivalı idi. 15-ə yaxın teatr iştirak edirdi. Burada Kanadadan, İsraildən, Ermənistandan gəlmiş teatr truppaları var idi. Festivalın təşkilat komitəsinin məktubuna əsasən ölkəmizdən ora Gəncə Dövlət Kukla Teatrı dəvət olunmuşdu. Festivalın ekzotik bir adı vardı - "İkidən artıq, üçdən az". Əlbəttə, bu festivalın şərti və ya prinsipi deyildi, hərçənd bunu şərt kimi qəbul edən teatrlar var idi. Hətta, onlardan biri festivalın adını iştirakçı reqlamenti kimi anlamışdı. Artıq 18-ci ildir ki, bu festival keçirilir. Maraqlı tamaşalar var idi, ümumiyyətlə, festival gözəl təşkil olunmuşdu. Gəncə Kukla Teatrı festivala Əli Səmədlinin "Artıq tamah baş yarar" pyesinin tamaşası ilə qatıldı. Sentyabrın üçündən yeddisinədək keçirilən festivalın bağlanış günündə Gəncə teatrının tamaşası göstərildi.
   - Vəfa xanım, bu festivalda hər hansı nominasiyalar vardımı?
   - Nominasiyalar yox idi, amma diplomlar verildi.
   -Fərqlənmə oldumu?
   - Sırf bolqar teatrlarına üstünlük verdilər. Qonaqları isə diplomlarla təltif etdilər, bolqar teatrları isə festivalın laureatı adını qazandı.
   - Bizim kukla teatrlarının tamaşalarının əksəriyyəti uşaqlar üçün nəzərdə tutulub. Elə o cümlədən Gəncə teatrının festivala apardığı "Artıq tamah baş yarar" tamaşası da. Bəs orada böyüklər üçün kukla tamaşaları vardımı?
   - Orada da tamaşalar sırf uşaqlar üçün nəzərdə tutulmuşdu. Amma görüb-götürəsi çox şeylər vardı. İndi festivallar zamanıdır. Dünyada bir növ festival hərəkatı yaranıb. Festivalların gözəl xüsusiyyəti təcrübəni paylaşmaq, görüb-götürməkdir.
   -Qarşıda daha bir festival səfəri varmı?
   - Oktyabrın 10-dan 20-dək Misirdə eksperimental tamaşalar festivalı keçiriləcək. Hər il ənənəvi keçirilən bu festivalda artıq bizim Dövlət Pantomima Teatrı, Akademik Milli Dram Teatrı dəfələrlə iştirak edib. Bu dəfə ora "Yuğ" Dövlət Teatrı gedəcək.
   - Teatrşünasların beynəlxalq festivallara qatılmaq imkanları olmur. Keçirilən festivallara yalnız teatr heyəti gedir. Mütəxəssislərsə kənarda qalır. Onlar dünyada gedən proseslərdən əyani surətdə xəbər tuta bilmirlər...
   - Artıq müəyyən addımlar var və yəqin ki, teatrşünasların da beynəlxalq festivallara görüşlərə qatılması ənənəyə çevriləcək. Baxın, teatrşünas-alimimiz Aydın Talıbzadə bayaq adını çəkdiyimiz "Yuğ" teatrının kollektivi ilə Misirdə keçiriləcək festivalda iştirak edəcək. Bu, irimiqyaslı bir festivaldır. Yeri gəlmişkən, indi sözügedən teatr "Tbilisi İnterational" adlı beynəlxalq teatr festivalında iştirak edir.
   -Çexov festivalının bir qolunun Bakıda keçiriləcəyi nəzərdə tutulur. Bu hansı formada reallaşacaq?
   - Festivalın baş direktoru Şadrinlə danışıqlar aparılır. Festival bu il, hətta keçən il keçirilməli idi. Amma İslam mədəniyyətinin paytaxtı mədəni layihəsi çərçivəsində tədbirlər çox olduğundan festivalı gələn ilə saxladıq. Bu, Bakıda keçiriləcək beynəlxalq statuslu festival olacaq. Çox güman ki, bu festival gələn ilin oktyabr, noyabr aylarından birində reallaşacaq.
   - Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrının inkişaf proqramı - 2009-2019-cu illər" çərçivəsində nəzərdə tutulan tədbirlər planında teatrların inkişafı istiqamətində hansı prinsiplər əsas götürülüb?
   - Bu proqramda teatrların maddi texniki bazasının yenilənməsindən tutmuş, yaradıcı prosesin canlanmasına qədər teatrın inkişafı istiqamətində böyük islahatlar, layihələr nəzərdə tutulub. Bura festivallar da, kadr yetişdirilməsi də daxildir. Artıq bir neçə teatrımız təmir olunub və maddi-texniki bazası təzələnib. Akademik Milli Dram Teatrında təmir gedir, "Yuğ" teatrında isə təmir artıq bitmək üzrədir. Mingəçevir teatrı təmir olunur. Opera teatrının təmiri nəzərdə tutulur. Bunlar irimiqyaslı işlərdir.
   - Vəfa xanım, sözügedən proqram çərçivəsində teatr haqqında nəşrlər nəzərdə tutulurmu?
   - Bizim teatrşünaslarımızın kitabları çap olnub. Məsələn, Məryəm xanımın (Əlizadə) rejissor Tofiq Kazımov haqqında monoqrafiyası bu il nəşr olunub. Aydın Talıbzadənin rejissor Mehdi Məmmədov haqqında məzmunlu bir kitabı yenicə nəşr olunub. İlham Rəhimlinin Opera və Balet Teatrının yüzilliyi ilə bağlı bir kitabı nəşr olunub. Monoqrafiyalar çap olunur. Yubileyləri qeyd olunan Gənc Tamaşaçılar və Musiqili Komediya teatrlarının yaradıcılıq yoldu barədə kitablar nəşr olunur.
   - Teatrlarda texniki-yaradıcı peşələr var ki, bizdə bu sahədə qıtlıqdan şikayətlənirlər. İşıqçılar, qrimçilər, kuklaçılar vəs. Bu kadrların hazırlanması işi problemlidir.
   - Bu tədrisə aid olan məsələdir. Bizim İncəsənət Universitetində kuklaçı-rəssam adlı fakültə yoxdur. Qrim dərsləri keçirilir, amma işıq rəssamı qrimçi hazırlayan bir fakültə yoxdur. Planımızda başqa ölkələrə bu işi öyrənmək üçün adamlar göndərək.
   Aktyor potensialı pis-yaxşı var. Rejissorlarımız çox azdır. Sözügedən proqramdan irəli gələrək nazirin göstərişi ilə gənc nəslin yaradıcı inkişafı üçün başqa ölkələrdə təcrübə keçməsi nəzərdə tutulub. "Yuğ" teatrının rejissoru Tural Mustafayev Polşanın Krakov şəhərinə, Krakov Milli Teatrına təcrübə keçməyə göndərilib. Nazirlik onu ora altı aylıq kursa göndərir. "Yuğ" teatrının digər bir rejissoru Günay Səttarova da nazirliyin dəstəyi ilə İstanbul teatrlarından birində altı aylıq təcrübə keçəcək. O, həmin teatrda rejissor assistenti kimi çalışacaq. Onlara hətta sertifikat da veriləcək. Keçən ilsə gənc teatr rəssamı Umay Həsənova Düsseldorf şəhərinin opera teatrına təcrübə keçməyə göndərilmişdi. Perspektivdə də çox işlər var.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar