Və ya gecikmiş təbrik
   
   18 oktyabr. Bu tarix çoxlarımız üçün müstəqilliyimizin ad günüdür. Amma “Yuğ”çu rejissorlar, aktyorlar və tamaşaçılar üçün bu tarix bir başqa cəhəti ilə ad önəmlidir. Hər il mövsümü bayram övqatı ilə oktyabrın 18-i açırlar. Çünki, oktyabrın 18-i həm “Yuğ” teatrının, həm də teatrın rəhbəri, rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu ilsə, bu tarixin önəmini “Yuğ”dakı bayram-açılış törəni yox, “Yuğ”çu rejissor Günay Səttarova xatırlatdı. Unutduğun bir şeyi xatırladanda həm itki təəssüfü (unutmaq), həm də tapmaq sevinci (xatırlamaq) bir-birinə qarışır. Bu il “Yuğ” teatrı təmir olunur və bu təmir məhz yubiley məqamına düşür - “Yuğ” teatrının 20, əvvəlinci yuğçunun (Vaqif İbrahimoğlu) 60 yaşı tamam olur.
   Bir təbrik yazısı nəyi xatırladır? Biz son iyirmi ili və xüsusən bu zaman kəsiyinin əvvəlini, Azərbaycanda adamların «qarışıqlıq» deyə xatırladığı bir ictimai-mənəvi prosesin bütün əhval çalarlaını “Yuğ”un tamaşaları ilə xatırlaya bilirik - bizim nəsil Ramiz Rövşən şeirləri, Dədə Qorqud kəlamları ilə «qaranlıqda gizlənən» tamaşalara yazılmış, artıq səhifələri saralmış resenziyalardan, əvvəlkilərsə yaddaşdan… «Yuğ» teatrı 20 illik bir zamanın, yaşamın ruh halını tutan bir məkan oldu.
   «Yuğ» o teatrdır ki, çoxlarına divarları çərçivəsində intellekt kompleksləri yaşadıb, amma çoxlarına da bu intellektual, ruhsal mövcudluq anından zövq hiss etdirib. 20 ildə nə qədər tamaşa - nə qədər işıq, nə qədər söz, nə qədər göz, neçə qat yozum, nə qədər baxış, nə qədər alqış…
   Qısası, “Yuğ”çular, seyrçilərinə sakral arınma anını da yaşada bilib, naqolay məzə komfortunu (bəzilərinə diskomfortunu) da. Qalstukda, kostyumda ağıllı-ağıllı (abırlı-abırlı) oturub tamaşaya baxanları qabağında «oynatmaq»dan da vaz keçməyib. Yəni, təsir-əks təsirə bərabərdir. Yəni, gəlin bir-birimizə gülək, gəlin bir-birimizə ağlayaq. Yəni, ağacın iki başı var. Bunlar da elə-belə deyil. «Yuğ» teatrının binası keçmişdə hamam olub. Ümumi hamamda paklanmaq da olur, bir-birinin ayıbına gülmək də. «Hamam hamam içində…» deyib yuğsayağı yozumları bir-birinin ardınca düzənləmək olar, amma təbrik yazısına yaraşmaz.
   İllərdən sonra «dadı damaqda qalan», unudulmayan «Sən həmişə mənimləsən», «O susurdu», «Can üstə», «O məni sevir», «Albalı bağı»… Bir də ən son «Mən Məhəmməd Füzuli…» səhnə divanı… «Yuğ» teatrı… Vaqif İbrahimoğlunun söhbətlərini dumanlayan siqaret tüstüsü ilə bol dar otaqda oksigen çatışmazlığı… Bu otaqda bütün boğulanlar adından, şərti olaraq seyrçi kürsüsündə oturanlar adından (başqalarına haqqım çatmaz) «Yuğ» teatrının kollektivini və baş rejissorunu yubiley münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq!







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar