"Yatmazdan əvvəl nağıllar" silsiləsindən
   
   Ötən bazar axşamı şəhərin üç teatrında eyni vaxtda üç klassik tamaşa göstərilirdi. Bunlardan biri Musiqili Komediya Teatrının "Arşın mal alan" musiqili komediyası, biri Opera və Balet Teatrının "Düyməcik" baleti, birisə Rus Dram Teatrının "On ikinci gecə, yaxud hər nə istəsəniz" tamaşası idi. Birinci təptəzə tamaşa idi, yəni hələ premyera sayılırdı, ikinci o qədər də təzə deyildi, üçüncü isə, neçə ilin tamaşası idi. Hərçənd yaxşı tamaşa köhnəlmir, yəni balığı nə vaxt tutsan təzədir. Amma son günlər uçuş effektləri ilə teatr aləmində məşhuri-cahan olmuş yeni quruluşlu "Arşın mal alan"ı qoyub Rus Dram Teatrının "Hər nə istəsəniz" tamaşasına baxmağa tamaşa barədə əvvəldən də səslənmiş müsbət rəylər, səmt meyli, bir də yəqin ki, gülməli də olsa qəza qədər səbəb oldu.    

    "On ikinci gecə, yaxud nər nə istəsəniz" Şekspirin ən yaxşı komediyalarındandır. Daha doğrusu, faciə peşəkarından umulan ən yaxşı komediya. Əsərdə hadisələr İlliriyada cərəyan edir. İlliriya Adriatik dənizi sahilində yerləşən xəyali ölkənin adıdır. Dənizdə baş verən fırtına Viola adlı gənc qızı məmləkəti Mussolin adasından İlliriya torpağına atıb. Bir də bu azmış kimi əkiz qardaşı Sebastiyandan da xəbərsiz buraxıb. Nigarançılığına son verəcək tək təsəllisi qardaşının da onun kimi bir təsadüf nəticəsində ölümdən xilas ola bilmə ehtimalıdır. Viola əslən zadəgan qızıdır. Onun bəzəyi sadə, kübarca davranışıdır. Viola üçün İlliriya şən əyləncələr macəralar və nağıllar dünyasıdır. İndi ki, tale onu bura atıb, gərək gözlənilməzlikləri qarşılamağa hazır olsun. Sezario adı ilə oğlan paltarı geyinmiş Viola onu həyata qaytaran kapitanın köməyilə hersoqun sarayında qulluğa girir. Tez bir zaman içində Orsinonun ən sadiq qulluqçusuna çevrilir. Qulluğa başlayalı onun işi qrafinya ilə hersoq arasında qasidlik etməkdir. Qrafinyanın mərhəmətsiz qəlbini yumşaltmaq məqsədilə hersoqun sevgisindən, ona olan məhəbbətindən elə gözəl danışır ki, Oliviya oğlan paltarı geyinmiş Violaya vurulur. Viola hersoqun arvadı olmaq arzusu ilə yanıb tutuşsa da, onun Oliviyaya olan məhəbbətinə pərəstiş və xidmətdə bulunur. Oğlan paltarı geyinmək Violada qadın qisminə xas zərifliyi gizlədə bilmir. Onun gözəl, məlahətli səsi, nurlu uzu, incə davranışı Oliviyanın diqqətindən qaçmır. Çünki Qrafinya kişilərdə məhz belə keyfiyyətlərə dəyər verir. Oğlan paltarı geyməsi və hersoqdan sevgi umması, oğlan bilib ona aşiq olmuş Oliviyanın qəm-qüssə çəkməsi Violanı üzür. Amma o hər şeyi zamanın axarına buraxmaqdan başqa bir yol tapmır. Viola qrafinyanın halına acıyır, baxmayaraq ki, özünün vəziyyəti Oliviyakindən pisdir. Əsər boyu Viola bir dəfə də vəziyyətindən şikayət etmir. Yalnızca hersoqun ona olan ehtiyacını qoruyub saxlamağa çalışır. Orsinionun Oliviyaya məhəbbəti isə daha çox kişi hikkəsi, prinsip mənasına gəlir. O, oğlan paltarı geyinib, özünü Sezario adlandıran Violaya qrafinyaya olan sevgisi barədə danışır. Amma sanki o, qrafinyanı yox, özünü, öz ehtirasını və öz sevgisini sevir. Sonda bütün düyünlər açılır, yaxşı komediyalarda olduğu kimi, əhvalat yaxşıların xoşbəxt olması, pislərin gülünc vəziyyətə düşməsi ilə bitir. Pislər kimdir? Bizi ən çox güldürən Malvalio. O, qrafinya Oliviyanın nökəridir və ser Tobinin (qrafinyanın əmisi) kələyi ilə qrafinyaya evlənib yalnız o olmaq sevdasına düşüb. Bu sevda onu güulünc vəziyyətə salıb. Tobinin kələkləri onu elə biabır edir ki, finalda müəllif yalnız ona xəsislik göstərir - sevgililər cüt-cüt evlənir, osa tək qalır: Violanın əkiz qardaşı tapılır. Bu sanki Violanın oğlan variantıdır. Oliviya da məhz bu oğlan variantını sevmişdi. Bir xoşbəxt cütlük onlar, bir xoşbəxt cütlük kişi paltarını soyunub hersoqu heyran etmiş Viola və Orsino, bir xoşbəxt cütlüksə bütün tamaşa boyu arasıkəsilmədən xoşbəxt ser Tobi və onun sevgilisidir. Əsər belə əsərdir - "Hər nə istəsəniz" var (Bu arada "Arşın mal alan"la "On ikinci gecə" arasında quruluş oxşarlığı duyursan. Nə olsun ki, motivlər başqadır, hadisələrin mahiyyəti və nəticəsi ki, eynidir…)
   Tamaşasa… (quruluşçu rejissoru əməkdar artist İranə Tağızadədir) Gözəl kostyumlar, obrazları canlı və gülməli edən aktyorlar, klassika həvəsli Rus Dram Teatrının tamaşaçıları…
   Əlbəttə, XXI əsrin əvvəlində olub, yozum və atmosfer etibarilə XIX əsr üslubunda klassik tamaşaya baxmaq elə də asan olmur. Elə hey özünü kökləməyə çalışırsan, bunun üçün həmişə kömək gərək olur. Bu köməyi isə Rus Dram Teatrının aktyorları təklif edir - yaxşı oyunları ilə, komik məqamları bəzəmələri ilə, öz yumorlarını Şekspir gülüşünə qatmaları ilə. Ser Tobi - Fuad Osmanov, Malvalio- Lüdmila Duxovnaya, Orsino - Firdovsi Atakişiyev… Bir də sanki Şekspir komediyasını müziklə çevirən musiqilər (musiqi tərtibatı-Vladimir Neverov), rəqslər… Tamaşanın Şekspir komediyasına qatdığı yeniliklər bunlardır və çox güman ki, məhz bunlar tamaşaçıları zalda saxlaya bilir.
   Dekorasiya (Aleksandr Fedorov) sadədir, adidir, amma rahatdır, heç kimə mane olmur. Solda Oliviyanın qu quşu formalı ağ kürsüsüdür. Sağdasa hersoqun oturub şənləndiyi, qüssələndiyi skamya var. Viola-Sezario (Mədinə Mollayeva) ortadadır. Zatən bütün tamaşa boyu o Oliviya və Orsinonun arasında qalır.
    Firdovsi Atakişiyevin Orsinosu azacıq qüssəli, gözəl qızların əhatəsində bir qədər darıxan biridir. Bu, obraz üçün qurulan məntiqə tamamən uyğundur. Hərçənd bir aktyor kimi Firdovsi qəhrəman aşiq rolunu bu sayaq - orta keyfiyyətli, müsbət sevgili obrazı kimi yaradır. Adamlar məhz belə sevgililər arzulayırlar. Amma hətta beləsi də əziyyət verirsə…
   Ən yaxşısı Fuad Osmanovun Ser Tobisidir. O, şən, məzəli, hoqqabaz və qazdığı quyuya özü düşən biridir. Sevgili kimi ipinin üstünə odun yığmalı deyil, amma heç onun ipinin üstünə odun yığmaq lazım da deyil. Kübar nəcabətinə bir qədər məzə, kölgə salmır, heç peydərpey içdiyi şərablar da onu qadınların gözündən sala bilməz. Əksinə, hər səhnəyə çıxdığında tamaşaçılar gülüş üçün hazır vəziyyət alırlar.
   Ümumiyyətlə, Rus Dram Teatrının rus və rusdilli tamaşaçıları elə də tələbkar deyillər, sanki od püskürə-püskürə seyrçilərini gözünü-başını qarsıb təntidən televiziyadan xəbərləri yoxdur və onlarda teatra sanki anadangəlmə bir hörmət hiss olunur.
   Tamaşanın sonunda tamaşaçılara baş əyməyə çıxan aktyorları görəndə intibah və orta əsrlər dövrünün ən dəbdə olan yeganə kütləvi sənətinin - teatrın dəbdəbəli çağlarının nostaljisini yaşayırsan. Aktyorlar da bir anlığa əlçatmaz olur. Orta əsr geyimlərində, təzimə çıxarkən etdikləri jest və ədalarda. Yaşamaq üçün hər kəsə bir nağıl gərəkdi. Bir də bu nağılın əlçatmaz olduğunu hardasa hiss etmək…
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar