Bugünlərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gürcüstanın Tiflis şəhərində qastrolda olub. Səfər zamanı kollektiv sənətsevərlər qarşısında Aqşin Babayevin “Xilaskar” və İsi Məlikzadənin “Subaylarınızdan görəsiz” komediyası ilə çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər barədə təəssüratlarını bölüşən rejissor Oruc Qurbanov, səhnə əsərinin böyük maraqla qarşılandığını bildirdi.
- “Xilaskar” tamaşası noyabr ayının 26-da Tiflisin məşhur Şota Rustaveli teatrının səhnəsində oynanıldı. Onu da qeyd edim ki, ilk Azərbaycan truppası idi ki, bu dünyaşöhrətli teatrın səhnəsində çıxışına şərait yaradılırdı.
Əsas tamaşaçımız Gürcüstan azərbaycanlıları idi. Tamaşaya Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Ukraynanın səfiri, Rusiya və digər səfirliklərin nümayəndələri, Gürcüstanın diaspora naziri, gürcü teatr ictimaiyyəti, Gürcüstan Teatr Cəmiyyətinin sədri Qiqa Lorkipanidze, Tiflis Azərbaycan Dram Teatrının bədii rəhbəri Qoça Kapanadze və teatrın kollektivi, Suxumi teatrının aktyorları dəvət edilmişdilər. Qonaqlar arasında məxsusi olaraq Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzeni qeyd etmək istərdim. Köməkçisi bildirdi ki, Berlin divarının sökülməsinin iyirmi illiyi münasibətilə o, Almaniyaya dəvət olunmuşdu. Səhhətində yaranmış problemlə əlaqədar olaraq səfərdən imtina etdi. Sonra Almaniyadan göndərilən xüsusi təyyarə ilə getməli oldu. Amma sizin teatrın dəvətini alan kimi razılığını verdi. Tamaşanın yaxın dostu Heydər Əliyevə həsr edilməsi onu maraqlandırmışdı.
- Tamaşadan sonra Şevardnadzenin rəyini öyrənə bildinizmi?
- “Xilaskar”ımız barədə rəyini soruşduqda cənab Şevardnadze dedi: “Çox yaxşı etmisiz ki, Heydər Əliyev barədə tamaşa hazırlamısız. Mən dilinizi bilməsəm də, tamaşada mənə hər şey aydın idi. Çünki o hadisələr mənə tanış idi”. Xatirə üçün fotolar çəkdirib ayrıldıq. Ayrılarkən məlum oldu ki, Şevardnadze iqamətgahında bizi qəbul edəcək. Bu xəbər hamımızı çox sevindirdi. Deməli, tamaşa onun çox xoşuna gəlmişdi. Səhəri Gürcüstan Teatr Cəmiyyətində görüşümüz oldu. Bizi cəmiyyətin sədri, SSRİ xalq artisti, “Sahillər” (“Bereqa”) çoxseriyalı televiziya filminin quruluşçu rejissoru Q.Lorkipanidze qəbul etdi. İki qonşu xalqın teatr sənəti barədə maraqlı söhbətlər oldu. Söhbət əsnasında Q.Lorkipanidze bizim böyük teatr rejissorumuz Tofiq Kazımovla Moskva Teatr İnstitutunda SSRİ xalq artisti D.Popovun və M.Knebelin rejissor kursunda təhsil aldıqlarını və möhkəm dost olduqlarını xatırlatdı.
“Tofiq institutun gözü idi. Hamı ona gələcəyin böyük rejissoru kimi baxırdı. Hətta bizi Moskvada saxlamaq fikirləri də var idi. İkimizin də vətənpərvərliyi buna imkan vermədi, mən Gürcüstana, o da Azərbaycana qayıtdı... Heyif Tofiqdən... O məndən iki yaş böyük idi. Hər dəfə mənə deyərdi ki, Qiqa, mən səni doğma qardaşım qədər sevirəm. Təəssüflər olsun ki, biz iki qardaş yad rus dilində danışmağa məhkumuq».
- Gürcüstanın daha hansı bölgələrində qastrol səfərində oldunuz?
- Marneulidə, Bolnisidə, Qardabanidə, azərbaycanlıların yaşadıqları Kəpənəkçi və ermənilərlə sərhəd olan Sadaxlı kəndində. Kaspi vilayətinin Cələ kəndində oynadığımız “Subaylarınızdan görəsiz” tamaşasını qeyd etməyə bilmərəm. Biləndə ki, azərbaycanlıların yaşadıqları bu kənddə indiyə kimi teatr tamaşası göstərilməyib, teatrın rəhbərliyi orda pulsuz tamaşa göstərmək qərarına gəldi. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Hara gedirdiksə azərbaycanlılar bizi hörmət və ehtiramla, duz-çörəklə qarşılayırdılar. “Xilaskar” tamaşası dörd dəfə oynanıldı. Hər dəfə də Heydər Əliyevin Qarabağ həqiqətləri barədə dedikləri səhnədən səslənəndə ermənilər salonu tərk edərək foyedə baş-başa verib pıçıldaşdıqdan sonra əsəbi halda yenidən salona qayıdırdılar.
Noyabrın 30-da növbəti tamaşamızı göstərdik və tələsik Tiflisə qayıdıb Tiflis Azərbaycan Dram Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyasına baxdıq. Tamaşadan sonra maraqlı fikir mübadiləsi aparıldı.
- Şevardnadze ilə görüşünüz baş tutdumu?
- Bəli, Gürcüstanın iki qaçqın teatrının üzvü xalq artistləri Qeorqi Kaftaradze, Dmitri Conani və dörd nəfər bizim teatrın nümayəndələri dekabrın 2-də Şevardnadzenin iqamətgahına gəldik. Təcrübəli siyasətçini yorğun və fikirli gördük. İrəvan teatrının direktoru və baş rolun ifaçısı İftixar Piriyev birdən bədahətən Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasından dostluğa həsr olunan parçanı gürcü dilində əzbərdən dedi. Şevardnadzenin sanki çöhrəsi açıldı, könlü şadlandı, üzünə təbəssüm qondu. Sualımızı gözləmədən “Xilaskar” tamaşası barədə söhbət açdı: “Çox yaxşı etmisiz ki, Heydər Əliyev barədə tamaşa hazırlamısız. Dilinizi bilməsəm də, tamaşadan hər şeyi başa düşdüm. Olduqca mürəkkəb bir dövr idi. Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Qafqazın lideri idi... Çətin anlarımızda biz gürcülərin köməyinə çatdı. Bakı-Tiflis-Ceyhan neft kəmərinin cəkilişi ilə əlaqədar bizə torpaqhaqqı cüzi pay düşürdü. Heydər Əliyev Gürcüstanın çətin vəziyyətini görüb Azərbaycanın payını bizim respublikaya verdi. Bu bizim üçün böyük dəstək idi... Olduqca gözəl və məftunedici tamaşa idi”.
İftixar Piriyev Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından ona xatirə olaraq saz hədiyyə etdi. Xatirə şəkilləri çəkdirib ayrıldıq. Həyətə düşərkən üstündə ortası oymalı iri xaç olan qranit plitə diqqətimi cəlb etdi. Mühafizə rəhbəri maraqla baxdığımı görüb mənə dedi ki, burda Şevardnadzenin xanımı dəfn edilib. Bir az aralıda isə yığcam, incə zövqlə düzəldilmiş çardaq var idi. Mühafizəçinin dediyindən bəlli oldu ki, hər axşam Şevardnadze xanımının məzarı önündəki bu çardaq altında oturub uzun ömrün acılı-şirinli xatirələrinə dalır...
Olduqca düşündürücü və kövrək bir mənzərə idi...
- Oruc müəllim, Gürcüstan barədə daha hansı diqqəti cəlb edən həqiqətlərlə tanış oldunuz?
Maraqlı qastrol səfəri oldu. Bir maraqlı faktı da qeyd edim; Gürcüstan Dövlət Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Azərbaycanın Dostları” guşəsində Heydər Əliyevi anım günü keçirildi və həmin tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri N.Əliyev teatrın kollektivini uğurlu qastrol səfərinə görə fəxri fərmana da layiq gördü. Bundan başqa İrəvan Dövlət Azərbaycan Dram Teatrı Q.Lorkipanidze tərəfindən Gürcüstan Teatr Cəmiyyətinin fəxri fərmanı ilə də təltif edildi. Qastrolun son günü Kvemo Kartli qubernatorunun müavini Hüseyn Yusifov kollektivə quberniyanın fəxri fərmanını təqdim etdi. Uğurlu qastrol səfərinə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə qubernator adından minnətdarlığını bildirdi. Həmçinin teatrı növbəti ilin may ayında yenidən qastrol səfərinə dəvət etdi.
Söhbətləşdi: Aytən AYDINQIZI