Hünərliyik, qəhrəmanıq
Qorxumuz yox heç kimdən
Bir əldə xəncərimiz,
Bir əldə tüfəngimiz
Düşmən bağrı yarmağa
hazırıq hər birimiz.
Gənc Tamaşaçılar Teatrında rejissor Cənnət Səlimovanın quruluş verdiyi «Hekayəti-xırs-quldurbasan» (M.F.Axundov) tamaşası qəhrəmanların, tamaşa iştirakçılarının şövqlə oxuduqları bu parça ilə başlayır. Özü də bu parça qəhrəmanların tamaşa başlar-başlamaz Koroğlu nəvələri kimi Çənlibel sayaq bir dağın üstündə ətrafında oxuduqları marş ritmini xatırlatsa da, iştirakçılar, bu ritmlə ayaqlarını yerə vursalar da, mahiyyət etibarilə bu bir himndir. Bu, bizim himnimizdir. Necə məgər, intonasiya, pafos, məzmun tanış gəlmir məyər?
Bəstəkar Firudin Allahverdinin bəstəsi olan bu parçayla tamaşanı başlamaqda Cənnət xanım nəinki bütün əhvalata, bütün iştirakçılara, bütün tamaşaya yozum-düzən verdi, ideyanı bəlli etdi, hətta dünənin əhvalatının bu günlə necə qırılmaz tellərlə bağlı olduğunu göstərdi. Onda bu günlə səsləşən Axundovamı, bu ritmi, bu taktı bu parçayla uyğunlaşdıran Firudinəmi, oxuduqlarında bir karikatura rəsmiymiş kimi düzülən və mahnıdakı qəsdən qoyulmuş pafoslarında bizi ironik gülümsəməyə vadar edən aktyorlaramı, rejissor Cənnət xanımamı, yoxsa özümüzəmi - dünyadakı ən istedadlı və unikal, bənzərsiz bir millətəmi «əhsən!» söyləyəcəyimizi hələ kəsdirmirik.
Bəlkə də tamaşaya qədər çoxları üçün Axundovun bu komediyası ustalıqla işlənmiş, sıradanbir əhvalatdır. Amma bu günün içindən Axundovun komediyası elə pırtlayıb ortaya çıxır ki, adlayıb keçmək olmur. İnsan mütləq nə zamansa həqiqətlə qarşı-qarşıya gəlməlidir. Sonra özü bilər, istər bu acı məqamı udsun, istər tüpürsün, istər şaqqanaq çəkib gülsün, istər ağlasın. Öz işidir.
Komediyaya qayıdaq. Demək, hələ də Axundovdan heç nə oxumamış yəqin ki, bu yazını da oxumayacaq kəslər üçün (belələrinə universitetin orta kurslarında klassikanı ölüm-zülüm oxutdururlar) yox, oxumuş və dumanlı yada salanlar üçün kiçik bir xatırlatma edək: əsərin aşiq qəhrəmanları Bayram və Pərzaddır. Bu gənclər bir-birini sevsə də, əmisi Pərzadı oğlu Tarverdiyə almaq istəyir. Yetim Pərzadın da Bayramdan başqa gümanı gələn bir Adamı yoxdur. Tarverdi isə bütün sevilməyən maneələr kimi pisdir - qorxaqdır, qoçaq deyil, hətta yaraşıqsızdır.
Əsərin əsas qəhrəmanları isə Namazla Zalxadır. Bu torpağı bir yerdən götürülmüş ər-arvad bayramdan alacağı peşkəş müqabilində Tarverdiyə kələk qururlar. Əgər kələk tərsinə baş tutsa belə, Namazla Zalxa əliboş qalmayacaq. Demək bu ikibaşlı kələyin mərkəzi fiqurları Namaz və Zalxadır. Zəmanə qızlarının oğurluq bilməyən, heç olmasa adamın qarasına güllə atmayan, karvan soymayan oğlanları qəti şəkildə sevmədiklərini, bəyənmədiklərini, Tarverdinin də bu xüsusda nişanlısı Pərzadı başıaşağı etdiyini söyləyən Zalxa və Namaz tovalayıb ona Şamaxı yoluna karvan soymağa göndərirlər. Amma kələk nə düzünə, nə tərsinə baş tutmur. Namaz və Zalxa əliboş qalır. Hərçənd və məncə, onlara bu əhvalatdan aldıqları zövq də yetər.
Gənc Tamaşaçılar Teatrının «Hekayəti-xırs-quldurbasan» tamaşası sözügedən himndən sonra dərhal Bayram və Pərzadın sevgi səhnəsi ilə başlayır. Bizim tamaşaların və filmlərin ən dözülməz səhnələri sevgi səhnələrinin filmlərdə və tamaşalarda bu cür pafoslu, bayağı alınması sanki bir sindromdur və birbaşa şəkildə gerçəkliklə bağlıdır. Reallıqda adamlar bir-birini necə sevir, sevgisini necə bəyan edir? Bunlar hələ də bəndəniz üçün maraqlı məqamlardandır. Məhz ona görə indi efirdən yığışdırılan subtitrlərdəki eşq və tanışlıq mesajlarını ciddi-ciddi oxuyurdum. Və «Xırs-quldurbasan»dakı sevgi səhnəsinin bütün pafosunun və dözülməzliyinin də bir bəraəti var: gerçək-gerçək ATV-nin ekranlarının altında qaçan o sevgi və tanışlıq mesajlarında da məhz bu pafos və bu dözülməzlik var idi. Hərçənd Bayram rolunun Emin Sevdiməliyevin nitqində intonasiya və dil qüsurları da sezilirdi.
Bayram və Zalxa
Zalxadan başlayalım. Çünki tamaşanın temporitmini daha çox onun enerjisi, həyat ritmi, xarakteri təyin edir. Elə süjet də əri ilə onun kələklərinin üstündə bərqərar olub. Zalxa elə-belə kələkbaz deyil. İstedadlı kələkbazdır. Onun şuxluğu, hazırcavablığı, tərzi, enerjisi, məntiqi - diapazonu elə böyükdür ki, bir əhvalata, bir tamaşaya bəs edir. Hələ əri də az deyil. Üst-üstə gələndə bu cütlük süjetin və tamaşanın ağırlığına nəinki tab gətirir, hətta onu yüngülcə oynadır da.
Qızarsın deyə yanaq çimdikləmək, qaş-göz oynatmaq, tənbəki çəkmək, nemesə gülmək, anlamadığı yerləri uydurmaq (məsələn, divanbəyinin məzəmmətindəki «qozquortmaq» sözünü «sizdə qoz-fındıq çox olurmu» kimi «tərcümə etmək»), şəbədə qoşmaq, qorxaq sözünün bir jestlə ekvivalentini tapmaq, situasiyadan asılı olaraq ani dəyişmək, arada ayı ilə rəqs etməyə də imkan tapmaq Zalxanın - Leylinin (Vəliyeva) istedadına dəlalət edən detallar deyilsə bəs nədir? Namazla uğurlu ittifaqı hər səhnədə özünü təsdiqləyir. Bu da elə belə ittifaq deyil. Ərlə arvadın əzəldənmi, neçə illik nikahdan sonramı kələklərinin, məqsədlərinin, xasiyyətlərinin, yumorlarının üst-üstə düşməsidir. Özünəməxsus yumor. Bu istedad əlamətidir və Namazla Zalxanın, pardon, Nofəllə Leylinin oyununda bu istedad özünü bütün çalarlarıyla bərq vurur.
Tarverdi
Tarverdi bir karikatura qəhrəmanıdır. Zəmanə qızlarının arzuladığı sevgiliyə parodiyadır. Şövqi Hüseynov bu karikaturanın bir cizgisini bada vermədən oynayır. Qalın qara qaşlar, bığ, amma balacaboy və gülməli adamda. Şövqinin Tarverdisi az qala milli Çaplin olmağa layiq bütövlükdə bir personajdı. Namazla Zalxa aşsüzəni, tası, kiçik aş qazanını dəbilqə, qalxan yerinə ona geyindirib, yaraqlandırıb onu əsl karikatura qəhrəmanına çevirirlər. Bundan belə Tarverdinin özünü doğrultmaqdan başqa əlacı qalmır. Namazla Zalxanın bəzəyib təqdim etdiyi Tarverdi Şövqinin onlara qədərki Tarverdisini tamamlayır. Əgər bu biziksə, bizim Tarverdidirsə, yəni bizim Tanrı veribsə onu sevməmək olarmı? Odur ki, bu əhvalatın içində qorxaq, gülməli, yazıq Tarverdini sevməyə macal tapırıq. Əhvalatın sonunda öz nişanlısını Bayrama təhvil verəndə də ürəyimiz acıyır. Tamaşanı mənimlə birgə izləmiş bacım yüngülcə ah çəkir: «Bu Tarverdiyə də bir qız tapılaydı da, axırda… yazıq nə qədər əziyyət çəkdi». Ona haqq verirəm. Bütün əhvalat boyu baxmalı, baxıb zövq almalı adamlar - Namaz da, Zalxa da, Tarverdi də əhvalatı əliboş tərk edirlər. Gözəl Pərzad da (Gülər Nəbiyeva) qalır bu duzsuz Bayrama. Bizim məclislərin axırında olduğu kimi, burada da dalaşma düşür. Bu vur-çatlasın davaya yuxarıdan cənab Fokun ayısı baxıb başını tutur. Qoy tutsun. Onlar bizi anlamazlar. Necə ki, biz də onları ciddiyə almarıq: «Məgər cənab Fok cənavərlər padşahı zaddır?»
Aliyə