«Cənnəti və cəhənnəmi gələcəkdə axtarma. İkisi də bu an burada mövcuddur. Nə vaxt ki, birini çıxarsaq və hesabsız sevməyi bacarsaq, demək, cənnətdəyik. Nə vaxt biriləri ilə kavqaya tutuşsaq, kinlə yaşasaq, elə o an kəlləmayallaq cəhənnəmə düşürük».
(Elif Şafakın “Aşk” romanından)
Teatr aləmimiz 2009-cu ilin son premyeralarından birini qeyd etdi. 19 dekabrda paytaxt elitasının, demək olar ki, əksəriyyəti Rus Dram Teatrında idi. Hələm-hələm bir yerdə görə bilməyəcəyimiz insanlar idi - həmin gün həmin məkanda. Siyasilərdən professorlara, rəssamlardan yazarlara, teatrşünaslardan rejissorlara qədər. Bir-birinə bənzər elit bir karnavalda hiss etdim özümü - teatrın qapısından girdiyim an və bir-birindən fərqli sənət ab-havasındaydı bu ciddi «karnaval» iştirakçıları. Fərqli və oxşar düşüncələrə, dünya baxışlarına sahib olan bu insanlar həmin gün “Cəhənnəm kirayəçiləri”ni görməyə gəlmişdilər. Bayaqdan bəri bəhs etdiyim, hamını başına yığan bu sakinlər, yazıçı-dramaturq Elçinin eyniadlı pyesinin personajlarıdır.
Rus Dram Teatrı 2009 - cu ilin sonlarına yaxınlaşdığımız günlərdə, bu tamaşa ilə öz seyrçisini 1937-38-ci illərə aparmaq arzusuna düşüb. Daha qlobal problemləri olan dünyada, «bu pyesin nə qədər aktual olduğu bir az müəmmalıdır» gümanına düşənlər də ola bilər. Amma nəzərə alsaq ki, hər dünən hər sabah üçün tarixdir, belə gümanlara aman vermərik. Və nəzərə alsaq ki, tamaşa dövlət sifarişi ilə hazırlanıb, bu mövzuda repertuar siyasəti axtarmarıq. Nə isə... Əsas odur ki, tamaşa öz ətrafına izləyicilər toplasın. Buna nail olan, tamaşa öz aktuallığına da nailiyyət gətirmiş olur.
Tamaşanın rejissor kürsüsündə Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdanı gördük. Bu, Şahmərdanın Azərbaycanda quruluş verdiyi beşinci tamaşadır. Bundan əlavə, o, Finlandiya, Almaniya, Avstriya, Estoniya teatrlarında da tamaşalar hazırlayıb. Bu tamaşada isə baş rolları xalq artistləri Səfa Mirzəhəsənov, Yuri Bariyev və əməkdar artist Mələk Abaszadə bölüşürdü. Tamaşanın quruluşçu rəssamı da Rusiyadan dəvət olunmuş xanım Tatyana Tarakanovadır.
Dedik axı, hadisələr repressiya illərindən bəhs edir. Süjetsə əbədi və əzəli dualist - xeyir-şər, ağ-qara, pis-yaxşı mövzu üzərində qurulub. Əlbəttə, ədəbiyyatda, sənətdə əsasən «köhnə» nəsnələrdir. Amma həm də daim təzələnəndir. Demək, əsas məsələ necəlikdir. Dualist dünyagörüş necə əks olunur? Bunlarsa teatrın ifadə elementlərinin də üstünə düşür: dekorasiyanın, işığın, səsin, aktyor ifasının və əlbət ki, rejissor yozumunun…
Səhnədə çox sadə və gözyormayan dekorasiya qurulmuşdu. Musiqi seçimi yaxşı sayılsa da, səsləndirilməsi adamı yorurdu. Çox yüksək səslənən musiqidən qulaqlar elə tutulurdu ki, musiqi bitəndən sonra aktyor səslərini eşitmək çətin olurdu. İşıq effektlərisə yüksək səviyyədə hazırlanmışdı. Bir səhnədə aktyorların “ipli kuklalar” kimi oynadılması məncə, yaxşı düşünülmüş mizanlardan biri idi. Tamaşada diqqəti çəkən digər səhnələr isə başsız bədənin səhnədə hərəkəti və tort qutusunda gələn kəllə oldu. Ruqiyyə Quliyeva tərəfindən hazırlanan rəqslərdə plastika və müasirlik əsas götürülüb.
Nəzərə alsaq ki, pyes dramaturq tərəfindən mistik komediya adlanıb, tamaşada gülümsədiyimi az xatırlayıram. Kim bilir, bəlkə də bu mövzunun mayasındakı soyuqluqdan, ya hadisələrin yaşı ilə mənim yaşımın «tərs mütanisib»liyi ilə bağlıydı…
Günel İlqar