Mingəçevir, Gəncə, Şəki və Qax rayonlarında fəaliyyət göstərən teatrları əhatə edəcək monitorinq Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək. Bu barədə Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı işlər “Regionlarda teatrların vəziyyətinin monitorinqi: problemlərin müəyyənləşdirilməsi və ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində reallaşacaq. Dörd ay müddətində həyata keçiriləcək layihə çərçivəsində əvvəlcə teatrlarda monitorinq aparılacaq, sonra isə ictimai müzakirələr təşkil olunacaq. Regionlarda teatrların vəziyyətinin monitorinqini aparmaqla teatr prosesində idarəetmənin optimallaşdırılması, bu sahədə islahatların aparılmasına ictimai dəstək verilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Teatr sahəsinin bütün janrları və peşə istiqamətlərinin mövcud vəziyyətini öyrənməklə bu sənətin inkişafında ictimai təşəbbüsləri artırmaq nəzərdə tutulur. Eyni zamanda kadr hazırlığı və ixtisasartırma sisteminin durumu da araşdırma predmeti olacaq. Bunlardan əlavə, teatr binalarının təmiri və maddi-texniki bazanın hazırkı vəziyyəti, teatr sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq səviyyəsi də öyrəniləcək. Teatr əməkdaşları ilə müzakirələr aparacaq və təkliflər dinləniləcək: “Məlumdur ki, teatr sənəti cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclərin təlim-tərbiyəsində mühüm rol oynaya bilər. Azərbaycan teatrının zəngin yaradıcılıq ənənələrinin qorunması, ümumbəşəri və milli dəyərlərin səhnədən təbliği, dünya mədəniyyətinə inteqrasiya və repertuarın günün tələblərinə uyğun qurulması bu baxımdan vacib şərtlərdir. Azərbaycan dövləti teatr sənətinin inkişafı istiqamətində mühüm tədbirlər görsə də, cəmiyyətin teatra marağı hələ də ürəkaçan səviyyədə deyil. Xüsusən, regionlarda teatr binalarının vəziyyəti, texniki təchizatı və aktyorların sosial durumu ilə bağlı problemlər mövcuddur. Digər tərəfdən regionlarda teatr sahəsində çalışanların az olması, sənətçilərin regionlarda işləməyə maraq göstərməməsi də bölgələrdə teatrın inkişafına mənfi təsir edib”. X.Kazımovun sözlərinə görə, monitorinqlər başa çatdıqdan sonra mövzu ilə bağlı paytaxtda iki ictimai müzakirə keçiriləcək: “Müzakirələrdə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin, tanınmış aktyorların, mədəniyyət xadimlərinin və ictmaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur”.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar