Bekham deyil, Hamsun
   
   Mənimlə külqabı arasında
   Gülümsəyən bir qız rəsmi...

   R.Qaraca
   
   «Leyli və Məcnun»dan, «Romeo və Cülyetta»dan üzü bəri nakam sevgi əhvalatları bütün faciəvi romantikası ilə qanımıza işləyib.
   Gənc Tamaşaçılar Teatrının qarşısında fırlanan afişadakı (bu fırlanmaq üzündən teatrın repertuarını öyrənincə başın gicəllənir) qəşəng qız rəsmi, üstündən cazibədar «Viktoriya» adı soyuqqanlı Norveç yazıçısı təəssüratını məhv edir. Knut Hamsunun «Viktoriya»sı şərqli qanımızı qaynadır. Üstəlik komfortlu təzə təmirli Gənc Tamaşaçılar Teatrı... Zal doludur. Səhnə işıqlanır. Tamaşanın qəhrəmanlarından biri Yuhannes ön səhnəni monoloquna şərti məkan edir. Əhvalatını buradan danışır. Arxada köhnə dəyirmanın pərləri ara-sıra fırlanır. Pərlərin saat əqrəbinin əksi istiqamətində fırlanması zaman dəyişikliyi effekti yaradan özünəməxsus teatral montajdır. Qıcıqlandırmır. Əksinə, əhvalata stixiya gətirir. Səhnə fırlandıqca məkan dəyişir. Pərlər fırlandıqca zaman. Dekorasiya sadə, zövqlü və fonosentrikdir.
   Yuhannes Viktoriyaya sevgisindən danışır. İndən belə bütün sevgi etirafı səhnələri adətən olduğu kimi qıcıq yaradır. Knut Hamsunda da belədirsə... Bəlkə sevgi, vurğunluq elə bir haldır ki, onu xatırlamaq, təsvir etmək mümkün deyil? Bəlkə sevgi təkrar təsvirlərdə itirilən yeganə təbii haldır? Hər nədirsə, sevgi etirafı səhnələri yenə də bayağıdır. Yaddaşımı qurdalayıb sevgi etirafı səhnələrini axtarışa verirəm. Təbii, orqanik alınanları var. Teatrdasa... səhnədəsə artıq qürur hissləri ötürülür. Yuhannes yazıçı, şairdir. Yaradıcı adamdır. Viktoriyanın bu üstünlüyə tay olan iki keyfiyyəti var - gözəl qadındır. Yuhannesin dahi ədalarına enəcək qədər qürurludur. Tablamayacaq qədər qürurludur. Yuhannesi sevə-sevə Ottoya ərə getməyi iflas olmuş atasını xilas etməkdən də çox Şərq qızlarına xas «acığa düşməsi»dir. Gözəl qadın qüruru ilə kasıb və istedadlı yazıçı ədalarının toqquşması birinci hissənin kulminasiya səhnəsidir. Bu qonaqlıq səhnəsində Günel Məmmədova bu toqquşmanın qəhrəmanının həyatında yaratdığı zəlzələni, faciəni bir qadın individuallığı ilə ifa etdiyi rəqsdə göstərir. Bu rəqsdə o sevgini, qüruru, bədbəxtliyi, gözəlliyi nümayiş etdirir. Bu nümayişkaranə rəqsdir. Ağ rənginə baxmayaraq vəhşi göyərçin çırpıntısına bənzəyir. Özünə, məclisinə, gözəlliyinə, nəhayət sevgi əhvalatına sığmayan bir forma təzahürüdür. Bütün «viktoriya» əhvalatının leytmotividir. Bu rəqsin qarşısında Yuhannes (Elnur Kərimov) bütün şairliyi, yazıçılığı, qüvvəsi, kişiliyi ilə cılızdır. Ona görə də pyesin, pardon, tamaşanın adı Yuhannes deyil, «Yuhannes və Viktoriya» da deyil, «Viktoriya»dır. O Qedda Qablerlə yanaşı qoyulacaq bütövlükdə bir qadın qəhrəmanıdır. Tamaşanın qalan obrazları, səhnələri bütün baxımlılığına rəğmən bir fondur. Yuhannes özü də əhvalatı yuxu danışırmış kimi danışan seyrçidən başqa biri deyil.
   Rejissor Bəhram Osmanovun quruluş verdiyi «Viktoriya»nın bütün yükü ilk səhnələrdə özünü, gözəl geyimlərini, bu geyimlərin ona necə yaraşdığını, aktrisa ədalarını göstərən birindən məlum səhnədə bütün daxili partlayışı ilə qəlpələnən bir kəpənəyə çevrilən Viktoriyanın -Günel Məmmədovanın üzərindədir. O öz viktoriyası ilə hər şeyi kölgədə qoymalıdır, insafən bunu bacarır da. Yoxsa birinci hissənin sonunda qrafın (Ayşad Məmmədovun) səhnədəcə özünü kinoya xas dəqiqliklə asması artıq görünməzdi. İflas olmuş qrafın faciəsi kölgədə qaldığı kimi intiharı da sıradan, lazımsız bir akt kimi yadda qalır. Viktoriyanın ölüm xəbəri isə faciənin tamamlanması üçün romantik sonluqdur. Məktub romantikası formasında əhvalata qoşulan sonluq... hər ölüm bu qədər fərqli... mütəəssir tamaşaçılar içini çəkir.
   Pərdələr düşür. Pərlər fırlanır. Tamaşaçılar foyeyə düşür...
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar