Ehtirasların ən güclüsü teatrda coşur - «Əsli və Kərəm»də, «Romeo və Cülyetta»da olduğu kimi...
Münaqişələrin ən dəhşətlisi teatrda yaranır - «Ledi Maqbet»də, «Pəri Cadu»da olduğu kimi...
Xəyanətlərin ən acısı teatrda yaşanır - «Fərhad və Şirin»də, «Atayevlər ailəsi»ndə, «Hamlet»də olduğu kimi...
Günahsızların ən məsumu teatrda qətlə yetirilir - «Otello»da, «Namus»da, «Maskarad»da olduğu kimi...
Satqınlıqların ən çirkini, bəlkə də ən iyrənci teatrda baş tutur - «Solğun çiçəklər»də, «Koroğlu»da olduğu kimi...
Fırıldaqların ən qorxulusu və ən axmağı teatrda qurulur - «Ölülər»də, «Cehizsiz qız»da, «Müfəttiş»də olduğu kimi...
Bütün bunların hamısı teatrın səhnəsində baş verir. Salonda əyləşib səhnədəkiləri izləyən, özünü bir-iki saatlığa tamaşadakı aktyorların yaratdıqları obrazların yanında hiss edən (əgər aktyorun məharəti çatırsa) tamaşaçı da özünü unudur, öz problemlərini yaddan çıxarır, böyük sənətə qovuşur.
Sonra tamaşa bitir, aktyor cildini dəyişib özünə qayıdır, sıravi tamaşaçı da təəssüratını qəlbinə daşıyıb, beyninə yükləyib evinə gedir...
* * *
Gərək ki Şekspir deyib: «Teatr yeganə yerdir ki, orada oynamırlar». Deyəsən, dahi dramaturq teatrı yalnız tamaşa sərgilənən yer kimi görürmüş deyə, bu fikri söyləyibmiş. Bəlkə də o zaman teatrda səhnəarxası intriqalar yoxmuş, ya da varmış, amma zavallı Şekspir istəyirmiş ki, tamaşaçı teatrı, aktyoru, müəllifi, rejissoru elə səhnədən, əsərdən tanısın. Nə bilim, bəlkə də elə yaxşıymış.
Hər halda, bu gün bizim Akademik Milli Dram Teatrında tamaşadan çox oyun oynanılır. Əvvələn, bunun obyektiv səbəbi var - teatrın binası təmirdədir, müntəzəm tamaşa göstərmək imkanları yoxdur. İkincisi də, bunun subyektiv səbəbləri var - son iki ayda ölkə mətbuatında yer alan yazılarda - direktor, baş rejissor, tanınmış aktyorlar verdikləri müsahibələrdə bu teatrda səhnədən daha çox, səhnəarxası oyunların getdiyini ya üstüörtülü, ya da aşkar etiraf edirlər. Qoy kimsənin xətrinə dəyməsin, bu teatrda intriqa həmişə olub, sadəcə, indiki qədər qabardılmayıb. İndi haqq dünyasında olan çox gözəl aktyorlarımızla bir zaman apardığım müsahibələrdə onlar da etiraf edərdilər ki, hətta repressiya qurbanı olan çox böyük sənətkarlarımızın «xalq düşməni» kimi damğalanmasının qaynağı da həmin intriqalardan, rol bölgüsü intiqamından gəlirmiş. Doğrudan da, Abbas Mirzəyə İrandan məktub gəldiyindən, yaxud Tanailidinin «hayıf deyil xarici papiros» dediyindən, Mirzəağa Əliyevin «mənim canımda Nikolay piyi var» zarafatından xəbər tutub bütün bunları sosialist inqilabına ən böyük təhlükə kimi orqanlara çatdıran nə tamaşaçı olub, nə də onlar bu barədə müsahibə veriblər. Hər halda, o sayaq donosların hamısı elə kollektivin içindən çıxıb. Nə isə... Hər dövrün öz intriqa qaynağı var.
* * *
Əslində gözləmək olardı ki, bu dəfə teatrdan kənara çıxan intriqanın mövzusu nəsillər problemidi. Nə gizlədim, şəxsən mən çox istərdim ki, bizim gənc aktyor nəsli, yaşı 30 civarında olan cavanlar ayaqlarını yerə döyüb «bizə sözümüzü demək üçün rol verin, qabiliyyətimizi göstərək!» deyib hayqırsınlar. Amma cavanlardan, bütün dəyişiklik və novatorluqların hərəkətverici qüvvəsi sayılan gənclərdən səs çıxmadı. Belə çıxır ki, ya Milli Dram Teatrında yalnız (!) özünə güvənən cavan aktyorlar yoxdu, ya onların gözünün odunu yaxşıca alıblar, ya da bu teatrın taleyinə, özəlliklə də özlərinin bu teatrdakı sənət taleyinə laqeyd münasibət bəsləyirlər. Ya da sakitcə kənara çəkilib direktorla artıq orta nəslin tanınmış nümayəndələrinin qarşıdurmasına baxırlar. Necə deyərlər, siz - savaşa, biz - tamaşa.
Hərçənd teatrın direktoru Maqbet Bünyadov agentliklərdən birinə verdiyi müsahibədə ağzından qaçırıb ki, təmirdən sonra «Otello» tamaşaya qoyulanda baş rolu Nurəddin Mehdixanlıdan başqa bir cavan aktyora da verəcəklər. Düzü, müsahibədəki bu eyham mənə qəribə gəldi. Əvvələn, ona görə ki, rol bölgüsünü niyə direktor aparır, qoy bu barədə quruluşçu rejissor danışsın. İkincisi də ki, Şekspirin təfsirindəki Otello yaşı qırxa çatmamış qoluzorlu sərkərdə, cavan kişidir, oğlan uşağı yox. Bunu elə sözgəlişi xatırladım, əsl mətləb başqadır.
* * *
Teatrın direktoru hörmətli Maqbet Bünyadov həmin müsahibəsində dönə-dönə vurğulayır ki, teatrda mütləq islahat aparılmalıdır. Bir teatra 7 rejissor, 70 aktyor gərək deyil. Əslində bu, doğru fikirdir. Əgər bir rejissorun dörd ildə qoyduğu üç tamaşanın üçü də bağlanırsa, onun teatrın ştatlı işçisi kimi çalışmasına, dövlət vəsaiti hesabına yenidən tamaşa hazırlamaq iddiasını təmin etməyə dəyərmi? Ya da iki-üç il ərzində heç bir tamaşa qoymadan teatra sovet dövründəki elmi-tədqiqat institutlarının əməkdaşı kimi ayaq döyməyin nə mənası? Ürəyindən keçən əsəri səhnəyə çıxarmağa hazır biləndə gəlib müqaviləsini bağlayar, sonra da «postanovoçnı», yəni quruluş haqqını alar, vəssalam.
Ən maraqlı məqam burdadır ki, teatrda indiyədək maraqlı obrazlar yaratmış, artıq yuxarı-orta nəslin nümayəndələri sayılan gözəl aktyorlar, xalq artistləri - Bəsti Cəfərova, Nurəddin Mehdixanlı və Ramiz Novruzun elə bizim qəzetə verdikləri müsahibədə direktorun bu fikrinə yox, onun aktyorlarla bağlı fikirlərinə etirazlarını bildirməsi, öz haqlarını tələb etmələridir. Onların belə bir etirazı da anlaşılandır. Otuz il ərzində komediyada, faciədə rol almış, rolunun öhdəsindən bacarıqla gəlmiş aktyorları da yandıran, təsirləndirən onların zəhmətinin yerə vurulmasıdır. İnsaf da yaxşı şeydir, adı çəkilən, ya da çəkilməyən neçə-neçə aktyorun, aktrisanın hansı əsərdə hansı obrazı necə oynadığını, öz rolunun öhdəsindən necə gəldiyini görənlər var axı... Çox fikirləşmədən hər üç sənətkarın, eləcə də digər aktyorların onlarla obrazının adını çəkmək heç çətin deyil.
Teatra az-çox bağlı olan, bu kollektiv sənətin mətbəxindən xəbərdar olanlar bilirlər ki, aktyor - asılı sənətin sahibidir. Ona rol verdilər - oynayacaq, çəkiləcək, biz də onu səhnədə, ekranda görəcəyik. Vermədilərsə, heç tanımayacağıq da... Biz isə redaksiyamızın qonağı olan həmin aktyorları, onlarla illər boyu teatrın ağırlığını çiyinlərində daşıyan sənətdaşlarını da gözəl tanıyırıq.
Bax, elə çox zaman aktyorların rejissorluq həvəsinin, teatrda rəhbər vəzifə tutmaq iddiasının kökündə də bu «asılılıqdan qurtulmaq» canatımı durur. Amma neyləyəsən ki, eyni vaxtda gözəl aktyor-rejissor-rəhbər olmaq istedadı hər görkəmli aktyora nəsib olmur. Çünki aktyor peşə xüsusiyyətinə görə tamaşanı tam görmək qabiliyyətinə malik deyil. Aktyorluğu və rejissorluğu eyni səviyyədə bacarmaq, həm də rəhbərlik etmək qabiliyyəti hər yüz aktyordan ya ikisində, ya da üçündə ola bilər. Hər halda, Azərbaycan teatr tarixində bu missiyaları cəmləşdirmək qabiliyyəti indiyədək iki nəfərdə özünü parlaq göstərib: Adil İsgəndorv və Mehdi Məmmədov. Hərçənd mən Adil İsgəndərovun teatrda hansısa parlaq obrazı barədə heç nə xatırlamıram, onun sanballı, təkrarsız kino obrazları isə göz qabağındadır.
* * *
Hər bir cəmiyyətin mətbuatı kimi teatrı da onun aynasıdır. İlk baxışda adama elə gəlir ki, teatr tamaşaçının sosial sifarişinə uyğun əsərləri tamaşaya qoymaqla, onun zövqünü cilalamaqla, yaxud tamaşaçının daha çox hansı janra meyil göstərdiyini nəzərə alaraq komediya, yoxsa faciə oynamaqla cəmiyyətin güzgüsü rolunu yerinə yetirir. Amma yox. Teatr - canlı orqanizmdir, o, bu günlə yaşayır, bütün cəmiyyətlə birgə nəfəs alır. Gizlin deyil ki, cəmiyyətimizdə tapşırıqla, kiminsə adını verməklə, şəxsən kimlərinsə salamını kimə yetirməklə müəyyən qapıları taybatay açmaq mümkündür. Təbii ki, qəssab tanış müştərisinə ətin daha yaxşı yerini verir, restoran sahibi daha vicdanla hazırlanmış yeməyi menyuya salır, tanışlıqla teatrda ən yaxşı cərgəyə bilet tapa bilərsən, eləcə də qatarda daha yer tuta bilərsən. Tanışlıqla yol polisi qaydanı pozduğuna görə «daha bir də belə eləmə, diqqətli ol» deməklə kifayətlənər, dərzi sənin sifarişini irəli salar, parçanı daha qənaətlə işlədər.
Bir qədər düşünüb hətta kinoda da müəyyən rolları tanışlıqla oynamaq olar, yəni yaxşı rejissor nəyinsə xatirinə hövsələsini basıb, hər addımbaşı çəkiliş prosesinə müdaxilə etmək imkanından istifadə etməklə istedadsız, ya da həmin obraza qətiyyən yaramayan aktyorun bir babat ifasına nail ola bilər. Yeri gələndə, lap rəssamın tablosuna da kimsə öz ştrixlərini əlavə edə bilər, səsi «mi» notuna çatmayan müğənni də studiyada müasir səsyazma texnikasının sayəsində az qala 3 oktavalıq səs üçün bəstələnmiş mahnını yazdırar, sonra da bütün konsertlərdə fonoqramla başını girləyə bilər. Mən daha pulla özünə elimi iş, bədii əsər yazdıranlardan, mahnı bəslədənlərdən demirəm. Görə-görə gəlirik... Amma teatr səhnəsində bu sayaq oyunbazlıqlar keçmir! Öz rolunu oynamayan aktyorların, potensialı tükənmiş rejisorların fiaskosunu heç bir tapşırıq, heç bir müdaxilə ört-basdır edə bilməz! Keçəndə də nələrin olduğu, hansı xoşagəlməz proseslərin baş verdiyi göz qabağındadır...
* * *
Son aylar geniş müzakirə olunan bu məsələdə kimlərsə təbii ki, direktorun, kimlərsə etiraz səsini ucaldan aktyorların tərəfini saxlayacaq. Hətta kimlərsə də tapılacaq ki, hər iki tərəfin mövqeyini dəstəkləyəcək. Amma bircə məqam gün kimi aydındır: teatrlarımızın hamısına öz teatr ideyaları olan, sözündə, seçimində qətiyyət göstərən, məhz filan aktyoru bu rolda gördüyünə, onunla işləmək istədiyinə görə əsər seçən rejissor, rejissorun işinə, rol bölgüsünə qarışmayan, amma kənardan edilən təzyiqləri də dəf etməyi bacaran direktor lazımdır.
Teatrlarımıza göstərilən dövlət qayğısının müqabilində isə bu sistemdə həqiqətən də islahat aparılmalıdır ki, xaricdən gələn qonağımızı təkcə Opera və Balet Teatrına dəvət edib milli və ya Avropa klassikasının arxasında gizlənməyək, onun qarşısında təkcə teatrların müasir texniki təchizatı ilə öyünməyək. Bəs islahat necə olmalıdır? Hər halda, adamların vəzifəsini dəyişməklə yox, sistemi dəyişməklə. Nəyinsə dağılmağından, təzələnməyindən qorxmağına dəyməz. Onsuz da zamanı yetişəndə dağılmayan tifaq yoxdur. Təki zərbə altında istedadlar qalmasın. Bir də ki, dünyada teatr təkcə bizdə deyil ki?.. Təcrübə, bilik ardınca qonşuya getməyə dəyər.
Gülcahan MİRMƏMMƏD