Ələsgər Ələkbərov - 100
   
   Azərbaycan teatr tarixində bu ad pafoslu və gurultulu səslənişi (assosiativ), on illərlə zamanı - bütöv bir mərhələni az qala xarakterizə edən sənət meyarı kimi yer tutur. Ələsgər Ələkbərov. Bütöv bir tarix. Tamaşaçı dolu zal. Vaqif, ya da Otello...
   
   Müəllimim teatrşünas-alim Aydın Talıbzadə vaxtilə yapdığı teatral freskalarda Ələsgər Ələkbərovun yerini aktyorluqda Tanrı mərtəbəsinə qədər yüksəldib, onu «milli Zevs» deyə nişan vermişdi. Bu sıradan, əlimyandıda tapılan epitet deyildi. Bununla razılaşmaq üçün onun əzəmətli görkəmi, səsini, aktyor təbiətini, deyək ki, həm də rollarını xatırlamaq yetər. Razılaşmamaq üçün bisavad və kor dindar...
   Aktyor Ələsgər Ələkbərovun yaradıcılığı tək bir aktyorun fərdi üslub keyfiyyətlərindən çox qırağa çıxır. O, bütöv bir teatr mərhələsi - ən azı 25 ilin teatrının bədii estetik meyarlarını müəyyənləşdirdi. Monumental tamaşaların qəhrəmanları həm də ürəyi sadə, pafoslu və ritorik hisslərlə çırpınan tamaşaçıların sevimli qəhrəmanları oldular. Və onların çoxu Ələsgər Ələkbərovun qəhrəmanlarıdır. Kino obrazları teatr kimi geniş meydanı olan səhnə qəhrəmanlarının sanki sıxılmış, indiki elektron terminlərlə desək, «zip» variantlarıdır. Zəhmli, hökmlü kolxoz sədri Rüstəm kişi («Böyük dayaq» filmi), vətənpərvər, tədbirli Fətəli xan («Fətəli xan» filmi), Şeyx Əmir («Leyli və Məcnun» filmi)...
   İnsan olaraq, həm də yaradıcı insan olaraq cazibəli Ələsgər Ələkbərovun şöhrəti aktyorluğu ilə çərçivələnmirdi. Onu tamaşaçılar nə isə daha nəhəng bir varlıq kimi sevir, pərəstiş edir və görməyə can atırdılar. Onlar ilk növbədə Ələsgər Ələkbərovu, sonra sevimli aktyoru, sonra isə sevdikləri qəhrəmanı görürdülər. Oysa sadə, amma sıradan olmayan bir insan taleyi yaşadı...
   Ələsgər Ələkbərov Bakıda yoxsul tacir ailəsində anadan olub. 1918-ci ildə o, Bakı Realnı Məktəbində təhsilə başlayıb. İki il sonra atası vəfat edir və evin bütün ağırlığı anası Zübeydə xanımın və balaca Ələsgərin çiyninə düşür. Uşaqlıqdan oyuna, teatra maraq göstərir, müxtəlif dram dərnəklərində çıxış eləyir. 1927-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Bunu ona dərnəklərdə tamaşalara quruluş verən İsmayıl Hidayətzadə məsləhət görür. Texnikumda təhsil illərində Ələsgər Türk İşçi Teatrının yardımçı heyətinə işə götürülür. Burda o, müxtəlif səpkili obrazlar yaradır- komik (Cancur Səməd kimi), dramatik və tragik... Bununla bərabər Tiflis Azərbaycan Dram Teatrında rollar oynayır. Cəfər Cabbarlının «Od gəlini» (Aqşin), Hüseyn Cavidin «Knyaz» (Knyaz) faciələrində uğur qazanır. 1932-ci ildə Türk İşçi Teatrı Gəncəyə köçürülür. Elə həmin il aktyor Bakıya qayıdır və Akademik Milli Teatrda işə başlayır. O, Adil İsgəndərovun monumental səpkili tamaşalarında öz aktyor təbiətinə uyğun yer tapır. Onun hazırladığı Mirzə İbrahimovun «Həyat» (Akif və Süleyman), Səməd Vurğunun «Xanlar» (Xanlar), «Fərhad və Şirin» (Fərhad), Mehdi Hüseynin «Nizami» (Əbdək), «Cavanşir» (Cavanşir), Cəfər Cabbarlının «Aydın» (Aydın), «1905-ci ildə» (Salamov), Nazim Hikmətin «Türkiyədə» (aparıcı müəllif), Şekspirin «Otello» (Otello) əsərlərinin tamaşalarında oynayır. Bu illərdə onun ən məşhur qəhrəmanları Vaqif və Otello olur.
   İlk dəfə kinoya on yeddi yaşından çəkilməyə başlayır. «Vulkan üzərində ev» filmində Əhməd, «Lətif» filmində Qurban, «Almaz» filmində Fuad, «Kəndlilər» filmində Göydəmir, «Yeni horizont» filmində Aslanov, «Fətəli xan» filmində Fətəli xan, «Qara daşlar» filmində İsmayılzadə, «Ögey ana» filmində Kazım dayı, «Uzaq sahillərdə» filmində Ferrero, «Səhər» filmində Rəhim bəy, «Böyük dayaq» filmində Rüstəm kişi kimi ekran obrazları ilə kino tarixində iz qoyur. Aydın, gur, nadir səsi ilə qiraət ustası kimi də fəaliyyət göstərən aktyorun rəsm çəkməyə də həvəsi var imiş. O, söylədiyi hər kəlmənin mənasına, mahiyyətinə varır və dəqiq ifadə prinsiplərini müəyyənləşdirir. Sonuncu məşqi isə «Səyavuş» tamaşasında olur. Elə həmin axşam vəfat edən böyük sənətkarı Fəxri Xiyabanda dəfn edirlər.
   Onun xidmətləri həm də teatr sənətinə bir özgə rəng verməsi ilə tamamlanır. Ələsgər Ələkbərov teatra hörmət və sevgisini tamaşaçıya ötürməyi bacardı. Tamaşaçılar teatrın necə ciddi və yüksək sənət olduğunu bir daha dərk etdi. Ələsgər Ələkbərov öz yaradıcılığının ən qaynar çağları ilə teatra bütöv bir imic qazandırdı. Hörmət, pərəstiş tələb edən qəhrəmanları ilə...
   Elə bil o, Səməd Vurğunun «Vaqif» pyesini teatr üçün bir dəfədə yazdı.
   İti zəkalı, rəvan təbli Vaqifin Ələsgər Ələkbərovun ifasında səslənən hər kəlməsi sanki yaxın-uzaq tarixə şəhadət verir:
   - Bəs baş əymədiniz?
   - Əymədim, bəli...
   - Əyilməz vicdanın böyük heykəli...
    Qacarın qarşısında bu pafos o qədər də real deyil, amma Ələsgər Ələkbərov səsi, görkəmi, intonasiyası, pafosu, əzəməti ilə bu kəlmələrin, bu sözlərin rəsmini çəkirdi. Bu sözlər vizual görkəm qazanırdı, heykəlləşirdi. Amma cansız olmurdu. O, şairin dağ seli kimi gurultulu, axıcı, səlist misralarına ruh verirdi. Elə ona görə də bu sözlər halal payı kimi onun ünvanına səslənəcək: «... soyuq məzara da zinətdir insan...»
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar