Fevralın 20-də Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur.
Ötən müddətdə dastanla bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub. Sərəncamda milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” eposunun böyük əhəmiyyəti vurğulanır.
Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və AMEA ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Prezident yanında Bilik Fondunun və Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.