Və ya 40 ilin uşaqlığı
   
    İncəsənətimizin zəngin, insanlarımızın istedadlı olmasını tez-tez etiraf edirik. Amma Gənc Tamaşaçılar Teatrının aktrisası, «Qızıl Dərviş» mükafatı laureatı Almaz Mustafayeva istedadının digər tərəfləri bir yana, həm də səhnəmizin yeganə travesti olaraq maraq və dəyər kəsb edən yaradıcı insanlardandır. Düz 40 ildir ki, böyük həvəs və şövq ilə səhnəmizə həm də uşaq rollarını ifa edir. Özü də elə uşaqlara xas şirinlik və ərkəsöyünlüklə.
   
   
   Bəlli olduğu kimi, Gənc Tamaşaçılar Teatrının xarakteri çox mürəkkəbdir. Ona görə ki, bu teatra gələnlərin içərisində uşaqlar da çoxluq təşkil edir. Onlar isə olduqca tələbkar seyrçilər sayılır. Və bu teatrda heç də hər aktyor baş çıxara bilməz. Aktrisa Almaz Mustafayeva bu teatrla doğmalaşıb - 40 ildir ki, burada çalışır.
   Səhnədə öz emosionallığı, sərbəstliyi, yaratdığı obrazların gerçəkliyə uyğunluğu ilə yadda qalan aktrisa bu yaxınlarda ömrünün 60-cı ilini də özünəməxsus şirin təbəssümü ilə yola saldı.
   Özünü başqa sənətdə təsəvvür etməyən Almaz Mustafayevanı geniş tamaşaçı kütləsi 1964-cü ildə «Sehrli xalat» filmindəki Səkinə obrazı ilə tanıyıb. Kinomuzun korifeylərindən olan Əlisəttar Atakişiyevin filmində çəkilmək hər uşağa nəsib olan xoşbəxtlik deyildi. 29 saylı məktəbin şagirdi Almaz Mustafayeva elə kiçik yaşlarından böyük sənətkarların əhatəsində formalaşıb. «Sehrli xalat» ekran əsərində çəkilməklə Almaz Mustafayeva dublyaj sənətində özünü təsdiq etmək imkanı qazanır. A.Mustafayeva həmin günləri belə xatırlayır: «Əlisəttar müəllim məni dublyaj studiyasına gətirib dedi ki, bundan sonra uşaq rollarını səsləndirmək üçün bu qızın imkanlarından istifadə etmək olar. Özü də həm oğlan, həm də qız uşaqlarının. Beləcə, mənim həyatımda yeni mərhələ başlandı».
   Almaz xanım həmçinin Əfsər Cavanşirovun məşhur «Bənövşə» uşaq xor kollektivinin üzvü olub. Günlərin bir günü isə Azərbaycan Televiziyasının rejissoru Nazim Zeynalov onu «Gecəniz xeyrə qalsın, balalar» verilişinə dəvət edir.
   Onun aktyorluğa marağına gəlincə isə o daha çox kinoaktrisa olmaq istəyib. Ondakı bu barağı sezən atası balaca Almazı mərhum rejissorumuz Adil İsgəndərovun C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının nəzdində yaratdığı kinoaktyor kurslarına yazdırır.
   Sonradan rejissor Cənnət Səlimovanın tələbəsi olan Almaz xanımın potensialı Gənc Tamaşaçılar Teatrının o zamankı direktoru Bala Qasımovun gözündən yayınmayıb və o, gənc aktrisanı təkidlə teatrda çalışmağa dəvət edib. Yusif Vəliyev, Firəngiz Şərifova kimi ustad aktyorlarla tərəf-müqabili olmaq gənc Almazda teatra böyük maraq oyadır. Beləcə, o ömrünü bu teatra bağlamaqla gənc nəslin zövqünün formalaşdıranlardan biri kimi özünəməxsus yaradıcılıq yolu ilə addımlamağa başlayır. Özü də bir qayda olaraq oğlan rollarında çıxış edir.
   «Mənim teatr bioqrafiyamda oğlan rolları əksəriyyət təşkil edib, 2-3 dəfə qız rolu oynamışam. 23-24 yaşımda “Mənim mehriban balam” tamaşasında 6 yaşlı oğlan uşağını oynamışam. Bu teatr tarixinə düşən çox uğurlu bir tamaşa idi. Düzdür, hər rolumda mənim canımdan və qanımdan bir tikə var. Ona görə də bütün rollarımı çox sevirəm».
   1970-ci ildən bəri Almaz Mustafayeva Gənc Tamaşaçılar Teatrının səhnəsində qoyulan uşaq tamaşalarının baş rollarının təkrarsız ifaçısı olaraq bu gün də fəaliyyətini davam etdirir.
    Əlbəttə, indi bu rolların arasında Nənə obrazına rast gəlirik. Bu da təbiidir. Almaz Mustafayevanın obrazlar qalereyasında «Əlvida, Hindistan»da Ramo, «Mənim nəğməkar bibim»də Sadıq, «Mənim mehriban balam»da 6 yaşı 100 gün yatıb-durandan sonra tamam olacaq oğlan, «Ana laylası»nda Bahar, «Açıl, bənövşəm, açıl»da Lalə, «Ah qadınlar, qadınlar»da VVAQ işçisi, «Çəkməli pişik»də Çəkməli pişik, «Hind fantaziyası»nda Nənə və hələlik son rollarından biri olan «Yatmış gözəl»də Birinci freylin kimi bir-birindən fərqli personajlar var.
   Adətən, aktyora hansı rolları ifa etdiyinə görə deyil, necə oynadığına görə qiymət verilir. Odur ki, fəxri ad alıb-almaması onu bir o qədər də narahat etmir. Deyir «Mənim fəxri adım “Qızıl Dərviş”dir. Bu fəxri mükafata mənə sənət dostlarım layiq görüblər. Ümumiyyətlə mənim üç fəxri adım, üç uğurum var bu həyatda - iki oğlum və balaca Vaqif nəvəm. Mən giley-güzarı sevməyən insanam. Fəxri adı versələr də sağ olsunlar, verməsələr də. Çünki mən özümü başqa sənətdə təsəvvür etmirəm, sanki mənim xəmirim teatrla yoğurulub».
   Almaz Mustafayeva səhnəmizin maraqlı sənətkarlarından olmaqla yanaşı, həm də ailəcanlı xanımdır. Həyat yoldaşı Vaqif Mustafayev modelyer-rəssam, böyük oğlu Mustafa Mustafayev Gənc Tamaşaçılar Teatrının rəssamı, kiçik oğlu Tural Mustafayev «Yuğ» və Rus Dram teatrlarının rejissor və aktyoru, gəlini Eleonora Mustafayeva isə opera müğənnisidir. Elə Almaz xanım özü də rollarının musiqi partiyalarını özü ifa edir.
   Bugünlərdə 60 illik yubileyi Gənc Tamaşaçılar Teatrında təntənəli surətdə qeyd olunan aktrisa gecənin yüksək səviyyədə təşkilinin nəinki onun, həm də qonaqların yaddaşında qaldığına görə təşkilatçılara dərin minnətdarlığını qəzetimiz vasitəsilə çatdırmağı xahiş etdi.
   Biz də «Mədəniyyət» qəzeti olaraq Almaz Mustafayevanı təbrik edir və ona yeni sənət uğurları arzulayırıq.
   
   Samirə Behbudqızı