Mayın 22-də Opera və Balet Teatrının səhnəsində üç dövlətin - Azərbaycan, Ukrayna və Gürcüstanın opera sənətkarlarının iştirakilə Cüzeppe Verdinin «Aida» tamaşası nümayiş olunacaq. Tamaşada Aida partiyasını Ukrayna Opera və Balet Teatrının solisti, Əməkdar artist, vokalçıların Ondina Otta adına (Maribor, Sloveniya) müsabiqəsinin qızıl medalının və Qran-pri mükafatının sahibi Viktoriya Çenskaya ifa edəcək. O, Finlandiyanın Helsinki şəhərində keçirilən opera sənəti festivalında Aida partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş xüsusi mükafata layiq görülüb.
   Teatrın mətbuat xidmətinin məlumatında bildirilir ki, Radames partiyasının ifası üçün Gürcüstan Opera və Balet Teatrının solisti, Xalq artisti Teymuraz Ququşvili dəvət edilib. Tamaşada Amneris partiyasını Əməkdar artist Fidan Hacıyeva ifa edəcək. Beynəlmiləl tərkibli «Aida» tamaşasında həmçinin Əməkdar artistlər Əli Əsgərov və Əkrəm Poladov da iştirak edirlər.
   Qeyd olunmalıdır ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı keçmiş sovet məkanında yeganə opera teatrıdır ki, neçə illərdən bəri dünyanın qabaqcıl opera sənətkarlarını öz səhnəsinə dəvət edir.
   
   Samirə