Vaqif İbrahimoğlu: «Bizdəki teatr yaradıcılığı sahəsindəki potensial heç bir ölkədən geri qalmır»
   
   2007-ci ildə qəbul olunan «Teatrlar və teatr fəaliyyəti haqqında» Qanun teatr ictimaiyyəti qarşısında bir sıra vəzifələr qoyur. Bunlardan biri də yerli və beynəlxalq səviyyəli festivalların təşkilidir. Bəs Azərbaycan teatrının mövcud potensialı bizə ənənəvi beynəlxalq festival keçirmək imkanı verirmi? «Yuğ» Dövlət Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi, professor Vaqif İbrahimoğlu bizimlə söhbətində bu barədə fikirlərini bölüşdü:
   
   «Bugünlərdə iştirak etdiyimiz III Konya Uluslararası Türkcə Tiyatro Yapan Ölkələr Festivalı ərzində hər bir normal mədəniyyət xadimi kimi mənim də beynimdəki bir çox ideyalar yeni ifadə müstəvisinə keçdi. Bu ideyalar həm Konya festivalına, həm də bizim festival təşkil etmək bacarığımıza və potensialımıza aiddir. Öncə onu deyim ki, Konya festivalı üçüncü dəfə keçirilməyinə baxmayaraq, artıq yüksək inkişaf pilləsinə gəlib çatıb. Nəzərə alsaq ki Konya teatral mühiti mürəkkəb olan şəhərdir, bu, çox böyük nailiyyətdir. Kluarlarda apardığımız söhbətlər zamanı festivalın statusunu yüksəltmək barədə də fikir mübadiləsi oldu.
   Mən bunu son vaxtlar bir neçə dəfə demişəm, bir də təkrar edirəm - əvvəllər başqa ölkələrin teatrlarının tamaşalarını görüb Azərbaycana qayıdandan sonra bir müddət özümə gələ bilmirdim. İndi isə bu halı keçirmirəm, çünki bizdəki teatr yaradıcılığı sahəsindəki potensial heç bir ölkədən geri qalmır. Sadəcə bu sərvəti dünyaya tanıtmaq işi daha yüksək səviyyədə təşkil olunmalıdır. Bundan ötrü qastrollardan, beynəlxalq layihələrdən savayı, festivalların ayrıca əhəmiyyəti var».
   Vaqif İbrahimoğlunun sözlərinə görə, mədəniyyətin və teatrın funksiyaları vəhdət halında anlaşılmalıdır. Hər hansı bir tamaşa barəsində birmənalı şəkildə «yaxşıdı və ya pisdi» söyləmək mümkündür. Amma bu zaman mədəniyyətin məqsəd və vəzifələrini teatrın məqsəd və vəzifələrindən ayırmaq olmaz: «Teatr festivalının strategiyası, taktikası və siyasəti də bu prinsipə dayanmalıdır. Çünki teatr mədəniyyətin qarşısında duran əksər vəzifələri yerinə yetirə bilir. Teatr özü teatr festivalları şəbəkəsi içində qavranmalı, dünya festival təşkilatı sistemindən ayrılmamalıdır. Məsələn, Konya festivalının «A» kateqoriyasına yaxınlaşması ona görə baş verib ki, cəmiyyətlə dövlət bir mərama xidmət edir. Konyanın turizm şəhəri olması da festivalın gələcək taleyində çox mühüm rol oynayacaq. Bizim də buna ehtiyacımız var. Təbii ki, seleksiya işi sıfırdan aparılmalıdır. Əvvəl mədəniyyət, sonra dövlət, daha sonra isə teatr hadisəsi ola biləcək bir ənənəvi festival təşkil etməliyik».
   
   S.Behbudqızı