II Respublika Kukla Teatrları Həftəsinin təəssüratları 
   
   (əvvəli ötən sayımızda)
   
   «Yaşıl park»da gözəl olur axşamlar
   
   Yay axşamları, Qaxın təmiz və mülayim havası, festivala gələn sənətçilərin də əksəriyyəti cavan... Belə mühitdə darıxmaqmı olar? Axşam yeməyindən sonra qurulan diskotekada beş teatrın kollektivi bir ailənin üzvləri kimi mahnı oxuyur, rəqs edirdi. Əslində onları yaşlı-cavan deyə bir-birindən ayırmaq düzgün deyil. Çünki ömrünü kukla teatrına bağlayan istər aktyor, istərsə də rejissor, ya da rəssam öz iş xüsusiyyətinə, əsasən kiçik yaşlı tamaşaçılarla işlədiklərinə görə həmişəcavan sənətçi olaraq qalırlar.
   Qaxda düzənlənən həmin dost məclislərinin «gözü» Bakıdan gəlmiş aktyor Rəhim Rəhimov ilə Gəncə teatrnın aktrisası Yaqut Xasıyeva idi. Düzdür, axşamların birində onlara layiqli «rəqib» də tapldı: Elşad Rəhimzadənin Şirinbalası. Yox, Şirinbala aktyor-rejissor, oxucularımızın daha çox AzTV-nin «Benefis» proqramından tanıdığı Elşadın oğlu deyil, onun məharətlə oynatdığı marionet kukladır ki, həm görkəmi, həm üzünün dəyişməz gülümsər ifadəsi ilə əsl şirin baladır! Hələ onun rəqqaslıq məharətini, xanımların qarşısında necə cani-dildən özünü sevdirməyə çalışdığını demirik! Bunları sadəcə, görmək lazım idi!
   Mən çox istərdim ki, kaş bizim kino, televiziya, teleserial, hətta klip və reklam çəkən böyük və kiçik rejissorlarımız həmin axşamlarda bizimlə olaydılar. Görəydilər ki, həm Bakıda, həm bölgələrdə (hərçənd Naxçıvana və Gəncəyə əyalət şəhəri kimi baxmaq düzgün deyil) necə gözəl aktyorlar, potensialını tam xərcləməyə meydan gəzən istedadlar var!
   Söhbət istedaddan düşmüşkən, bu yerdə Qax Dövlət Kukla Teatrı barədə - istedad və fədakarlıq üstündə qurulmuş bu sənət ocağından söz açmağa dəyər.
   
   İsako universitetinin məzunları
   
   Qax Dövlət Kukla Teatrının kollektivində ali təhsilli, diplomunda aktyor peşəsi yazılmış bir kuklaçı belə yoxdur. Teatrın hazırkı baş rejissoru Yusif Abdurahmanov da orta-ixtisas təhsillidir. Amma onların tamaşalarına, kuklaçılq-uyuqçuluq məharətinə baxanda bunu deməzsən. Əslində bu teatrın ilk tamaşasına baxandan sonra rejissor Bəhram Osmanov fikrini bizimlə böluşdü: «Hiss olunur ki, bu aktyorların hamısı eyni bir məktəb keçib».
   Həqiqətən də, onların hamısı Qaxda kukla teatrı yaratmaq ideyasını illərin əziyyətinə tablaşaraq həyata keçirmiş İsako Zeynalaşvilinin ustad dərsləri ilə yetişiblər. Qax teatrının hazırkı səviyyəsi barədə onların qatıldıqları beynəlxalq festivallardakı uğurlar bizdən daha yaxşı danışır. Elə Respublika Kukla Teatrları Həftəsindən bir neçə gün əvvəl Estoniyanın paytaxtı Tallinndə oynadıqları «Qoğal» tamaşasına (bu monotamaşanın quruluşçu rejissoru da, ifaçısı da Yusif Abdurahmanovdur) marağı xatırlatmağa dəyər. Həqiqətən, bu gün Qaxda elə bir teatr formalaşıb ki, öz yaradıcılıq potensialına görə istənilən beynəlxalq səviyyəli kukla teatrları festivalına ev sahibliyi edə bilər.
   Amma Qax Dövlət Kukla Teatrının texniki vəziyyəti bu kollektivin sənət hünərinə yaraşan səviyyədə deyil. Tamaşa salonunda kondisionerlərin, müxtəlif effektlər almaq üçün yeni işıq və digər texnoloji avadanlığın quraşdırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bu teatr çox əlverişli turizm imkanları olan və sürətlə inkişaf edən bölgədə yerləşir və yay vaxtı tamaşa salonunu turistlərin hesabına da doldura bilər.
   
   Muzey: dünənin və bu günün siması
   
   Əhalisinin sayı 12 min nəfərə yaxın olan Qax şəhərində iki muzey də var. Buraya yolu düşənlər mütləq həmin muzeylərə baş çəkirlər. Onlardan biri həm xaricdən, həm də daxildən müasir görünüşü ilə göz oxşayan Heydər Əliyev Muzeyidir. Digəri isə Qax Tarix-Diyarşünaslıq Muzeyidir ki, burada rayonun tarixini bir kitab kimi vərəqləmək olar. Biz də bir növ bu günümüzdən keçmişə doğru səyahət etdik. Əvvəlcə Heydər Əliyev Muzeyində olduq. Muzeydəki maraqlı eksponatlara tamaşa etdikcə müasir Azərbaycan tarixinin şərəfli səhifələrini bir daha vərəqlədik.
   Qax Tarix-Diyarşünaslıq Muzeyində isə biz qədim diyarı yenidən kəşf etdik. 1979-cu ildə təşkil olunmuş bu muzeydə indiki Qax rayonunun ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət və təsərrüfat əşyalarından tutmuş əslən bu rayondan olan görkəmli insanlar barədə məlumatlar da yer alıb. Öyrəndik ki, muzeydə mindən artıq eksponat qorunur. Torpaqqala ərazisindən tapılmış, eramızdan əvvəlki dövrə aid gil qablar, İlisu kəndindən tapılmış qızıl hərflərlə yazılmış «Qurani-Kərim»in qədim əlyazması, XVII əsrə aid iri küp, Böyük Qafqaz dağlarında məskunlaşmış vəhşi heyvanların müqəvvaları, XVIII-XIX əsrlərdə xanımların taxdığı gümüş kəmər və digər zərgərlik nümunələri insanda çeşidli hisslər doğururdu. Bu hisslərin ən ulusu zəngin tarixə malik Vətənin övladı olmaqdan qürur hissi idisə, digəri bu gözəl Vətəni qarş-qarış gəzib tanımadığımızdan irəli gələn peşmanlıq duyğusu idi. Amma atalar demişkən, zərərin yarısından qayıtmaq da xeyirdir.
   II Respublika Kukla Teatrları Həftəsini Qaxda təşkil edənlərdən Allah razı olsun! Ayağımz bu məkana da dəydi...
   
   Müsbət emosiya varsa, vaxt tez keçir
   
   Yəqin fikir vermisiniz, əziz qonağımız gələndə, ya da özümüz sevdiklərimizin görüşünə gedəndə vaxtın necə gəlib keçdiyinin fərqinə varmırıq. Bu düzən dünya xəlq olunandan belə gəlib, belə də gedəcək. Sadəcə, müsbət emosiyalar vaxtın nə qədər tez gəlib keçdiyini adama hiss etdirmir.
   Elə biz festival iştirakçıları da istisna olmadıq. Qaxda keçən altı gün bizə çox qısa gəldi. Amma hər halda festival yekunlaşdı və bizim Qaxdakı missiyamız başa çatdı. Bəs bu həftəni bizim hörmətli münsiflər necə qiymətləndirdilər?
   Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadə:
   - Mədəniyyət və turizm naziri hörmətli Əbülfəs müəllimin rəhbərliyi altında həyata keçirilən möhtəşəm layihənin sayəsində II Respublika Kukla Teatrları Həftəsi baş tutdu. Bu həftə həm gözəl bayram oldu, həm də yaddaqalan görüş. Biz bir-birimizi daha yaxından tanıdıq, bir-birimizin güclü və zəif tərəflərini gördük. Mədəniyyət və Turizm Nazirliyinin başladığı festival hərəkatının ən önəmli cəhəti də elə budur. Bu gün bizim dilimizə gələn iradların, söylənilən səmimi tənqidin müsbət bəhrəsini növbəti - III festivalda görəcəyik.
   Teatrşünas, sənətşünaslq doktoru Aydın Talıbzadə:
   - Bu festival o qədər tez başa çatdı ki, ondan doya bilmədik. Biz Azərbaycandakı kukla teatrlarının panoramını, ümumi mənzərəsini görə bildik. Azərbaycandakı kukla teatrlarının inkişaf potensialı böyükdür. Ən çox o xoşuma gəldi ki, kollektivlərdə cavanların sayı çoxdur, onlar da həvəslə, ürəklə işləyirlər. Ümid edirəm ki, mən yenidən Qaxa gələcəyəm. Burada keçiriləcək beynəlxalq kukla teatrları festivalının tamaşalarına baxacağam.
   Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə:
   - Mən ilk növbədə bizi qonaqpərvərliklə qarşılayan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev başda olmaqla bütün qaxlılardan tutmuş festival tamaşalarına həvəslə baxan balaca tamaşaçılaradək hər kəsə minnətdarlıq etmək istəyirəm. Arzu edirəm ki, yaxın zamanlarda Azərbaycanın bu dilbər guşəsi beynəlxalq kukla teatrı festivalının daimi ünvanına çevrilsin!
   Dramaturq Əli Əmirli:
   - Bu həftəyə qoşulan hər bir teatr kollektivini ayrı-ayrılıqda alqışlayıram. Belə bir gözəl məkanda ölkənin bütün kukla teatrları ilə yaxından tanışlıq da, Bakıda uzaqdan-uzağa tanıdığım insanlarla altı gün ərzində ardıcıl ünsiyyət də çox xoşdur. Hamınızı təbrik edirəm!
   
   Dağlar, salamat qal, Qax, salamat qal!
   
   Aydın müəllimin sözü olmasın, biz Qaxdan, təbiəti coşğun, insanları sakit qədim diyardan doymadan ayrılırıq. Az qala bir həftədən bəri bizim əziyyətimizi çəkən, Bakıdan Qaxa, Qaxdan da Bakıya bizi sağ-salamat aparıb gətirən sürücü Yura dayı yenə avtobusu istirahət mərkəzindən çıxarıb İlisu kəndinə aparan körpünü keçir, ehmalca avtobusu döndərib Qax şəhərinə tərəf istiqamət alır. Yarım saatdan sonra şəhərə, yeddi saatdan sonra da Bakıya çatacağıq. Pəncərədən yamyaşıl yamaclara baxırıq, fotoaparatların, mobil telefonların yaddaşına köçürülmüş mənzərələri göz yaddaşımızda möhkəm-möhkəm saxlamağa çalışırıq. Axı, atalar göz gördü, könül sevdi deyiblər! Biz də Qaxı gördük və sevdik.
   Yolboyu məşhur aşıq mahnısının nəqəratı dilimdə dolaşır. Amma mən həmin nəqəratı öz istəyimə görə dəyişdirib zümzümə edirəm:
   Yəqin bu yerlərə bir də gələrəm,
   Dağlar, salamat qal, Qax, salamat qal!
   

   Gülcahan Mirməmməd
   Bakı-Qax-Bakı