“İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı-2010” tədbirləri çərçivəsində iyulun 2-dən başlanmış Birinci Beynəlxalq İstanbul Opera Festivalına iyulun 23-də İstanbulun Halic Konqres Mərkəzinin səhnəsində “Koroğlu” operasının nümayişi ilə yekun vurulub.
   
   TÜRKSOY-un təşəbbüsü ilə hazırlanmış tamaşanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov, türkdilli ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri tamaşaya baxıblar.
   Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin bu ölməz əsərinə ötən il professor Əflatun Nemətzadə quruluş verib. TÜRKSOY-un layihəsinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarından 250 opera sənətçisi rol alıb və tamaşa Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla qarşılanıb. İstanbul tamaşasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Dövlət Akademik Opera və Balet Teatrının orkestri, Dövlət Xor Kapellasının artistləri iştirak ediblər. Koroğlu rolunu tatarıstanlı opera sənətçisi Əhməd Aqadi, Nigar rolunu Qazaxıstanın məşhur opera müğənnisi Guizat Daurbayeva ifa ediblər.