Ş.Rustaveli teatrının rejissoru Qoça Kapanadze Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşa səhnələşdirmək üçün Bakıya dəvət olunub.
   
   Teatrın mətbuat xidmətindən bildiriblər ki, gürcü rejissoru Azərbaycan teatrında A. Saqarelinin “Xanuma” əsərini tamaşaya qoyacaq. Bu tamaşa beynəlxalq layihə kimi Azərbaycan və rus dillərində səhnələşdiriləcək.
   Qoça Kapanadze Gürcüstanın tanınmış rejissorlarındandır. Tamaşanın quruluşçu rəssamı Ana Ni Nua və geyim rəssamı Lomqul Murusidze də Gürcüstandan dəvət olunublar. Yaradıcı qrupa Azərbaycanın Xalq artisti, rəqqasə Təranə Muradova, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov da daxildirlər.
   Tamaşaçılar hər iki dildə Xanuma rolunda Xalq artisti Afaq Bəşirqızını görəcəklər. Digər əsas rollarda isə Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Boris Qrafkin, Xanım Qafarova, Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Ramil Qasımov, İzabella Şvets, Emil Heydərov, Ülviyyə Əliyeva, Nahidə Orucova, Svetlana Bulax, Əliməmməd Novruzov, Əzizağa Əzizov, Marina Litvinenko və başqaları çıxış edəcəklər.
   Tamaşanın məşqlərinə sentyabrın 1-dən başlanılması nəzərdə tutulub.