Sentyabrın 15-də Sumqayıt Dövlət Musiqili Teatrının qarşısında 138-ci teatr mövsümünün təntənəli açılışı oldu
   
   138 illik tarixində ilk dəfə milli teatrımızın yeni mövsümünün açılış mərasimi Sumqayıtda keçirilirdi və bu sumqayıtlılar üçün əsil sənət bayramına çevrildi. Ötən il 40 yaşını qeyd edən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısında təşkil olunan mərasimdə əvvəlcə Azərbaycan Dövlət Teatr Muzeyi və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan və Milli Teatrın 138 illiyinə həsr olunan sərgilər nümayiş olundu.
   
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin aparatının rəhbəri Firudin Qurbanov, incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, teatr xadimləri, sənət adamları, mətbuat və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
   138-ci teatr mövsümünü mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq teatrsevərləri, sumqayıtlıları və qonaqları salamladı: ”Fərəhli bir haldır ki, sənaye şəhəri hesab olunan Sumqayıtda bu gün mədəniyyət bayramıdır. Bunun üçün böyük əsaslar var, çünki son illər Sumqayıtda mədəniyyət sahəsində çox böyük işlər görülüb” - deyən nazir çıxışında teatrımızın bugünündən və sabahından da söz açdı: “Azərbaycan teatrı yeni inkişaf mərhələsini yaşayır. Yaxın vaxtlarda Akademik Milli Dram Teatrının binası açılacaq və yəqin ki, bu mövsümün ən böyük, yaddaqalan hadisələrindən biri olacaq”.
   Teatr sahəsində böyük islahatların həyata keçirildiyini deyən nazir onu da qeyd etdi ki, islahatları keçirməkdə məqsəd Azərbaycan teatrına yeni ab-hava gətirmək, tamaşaçıları yeni yaradıcılıq nümunələri ilə sevindirmək və Azərbaycan teatrını beynəlxalq səviyyəyə qaldırmaqdır. Nazir əmin olduğunu bildirdi ki, teatr ictimaiyyəti islahatların aparılmasına yaxından kömək edəcək.
   Prezident İlham Əliyevin teatr sənətinə xüsusi önəm verdiyini deyən nazir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın qəbul olunduğunu, proqrama uyğun olaraq bu mövsüm Azərbaycanda beynəlxalq teatr konfransının keçiriləcəyini qeyd etdi. Nazir bildirdi ki, Çexov adına beynəlxalq teatr festivalının bir mərhələsi ilk dəfə Azərbaycanda keçiriləcək, teatrlarımızın qapıları beynəlxalq teatrların üzünə açılacaq. “Bu mövsümdə də bizi çox maraqlı görüşlər, tamaşalar gözləyir” - deyən nazir çıxışını bu sözlərlə bitirdi: “Mən sevinirəm ki, Azərbaycan teatrı yaşayır, Azərbaycan teatrı inkişaf edir. Əminəm ki, 138-ci mövsümdə yeni tamaşalarla çağdaş Azərbaycan teatrının yeni simasını görəcəyik, Yaşasın Azərbaycan teatrı!”.
   Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev teatr bayramı münasibəti ilə qonaqları salamladı, 138-ci teatr mövsümünü, teatr bayramını Sumqayıt şəhərində keçirdikləri üçün mədəniyyət və turizm nazirinə təşəkkürünü bildirdi. Vaqif Əliyev bu hadisənin Sumqayıtın mədəni həyatına böyük təkan verəcəyini vurğuladı.
   
   Teatr həm də sevgidir
   
   Çıxışlardan sonra səhnə tanınmış teatr kollektivlərinin ixtiyarına verildi.
   İlk iştirakçı ev sahibi - 43-cü mövsümünü açan H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrı oldu. 12 teatrı təmsil edən 12 aktyor səhnəyə çıxıb teatr nədir və haradan başlayır sualına cavab axtardılar və sonda məlum oldu ki, teatr tək asılqandan başlamır, teatr həm də tamaşaçılardan başlayır və bir də teatr cəmiyyətin güzgüsü olduğu kimi, həm də sevgisidir.
   Səhnəyə əsası 138 il bundan əvvəl Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov tərəfindən qoyulmuş Akademik Milli Dram Teatrı dəvət olundu. O teatr ki, səhnəsində Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Barat Şəkinskaya, Sidqi Ruhulla, Ülvü Rəcəb və digər neçə-neçə sənətkarların izini qoruyub saxlayır...
   Milli Dram Teatrını əsası 1908-ci ildə Üzeyir Hacıbəyli tərəfindən qoyulan Opera və Balet Teatrı əvəz etdi. O teatr ki, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Bülbül, Lütfiyar İmanov, Müslüm Maqomayev, Rəşid Behbudov, Rübabə Muradova, Arif Babyev, Qulu Əsgərov, Zeynəb Xanlarova kimi görkəmli sənətkarların məbədi olub.
   Azərbaycanın daha bir qocaman teatrı - Üzeyir Hacıbəyli tərəfindən 1910-cu ildə yaradılan, “Ər və arvad” tamaşası ilə repertuarının əsasını qoyan korifey aktyorları - Məmmədəli Vəlixanlı, Ağahüseyn Cavadov, Lütfəli Abdullayev, Münəvvər Kələntərli, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov kimi gülüş ustaları ilə 100 ildir tamaşaçılarına gülüş bəxş edən Musiqili Komediya Teatrı “Arşın mal alan” tamaşasından bir səhnəciklə teatr mövsümünün açılışında iştirak etdi.
   Bu gün də böyük sənətkarları - Ağadadaş Qurbanov, Yusif Vəliyev, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Əliağa Ağayev, Firəngiz Şərifova, Osman Hacıbəyovla fəxr edən 82 yaşlı gənc Gənc Tamaşaçılar Teatrı yetkin sənət ocağı olduğunu bir daha sübut etdi.
   Miniatür teatrı kimi fəaliyyətə başlasa da, tarixində bir neçə dəfə adı dəyişən və 90-cı ömrünü yaşayan S.Vurğun adına Rus Dram Teatrının əlvan və şux çıxışı tədbirin ən yaddaqalan çıxışlarından biri oldu.   

   Teatr həm də oyundur
   
   Teatrımızın “saqqallı uşağı” olan 79 yaşlı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının maraqlı çıxışı balacalarla yanaşı, böyüklərin də ürəyincə oldu.
   Yaşı 135 il olsa da, yaxın tarixi 1990-cı ilə təsadüf edən Şuşa Musiqili Dövlət Dram Teatrı mövsümü sözsüz - musiqinin və hərəkətlərin harmoniyasında təqdim etdi.
   Cəmi 20 yaşı olsa da, daha çox 200 yaşlı teatra bənzəyən Dövlət Yuğ Teatrı bu dəfə tamaşaçılarını dahi Servantesin “Don Kixot” əsərinin Vaqif İbrahimoğlu yozumunda - “Psix” tamaşasından 3 dəqiqəlik səhnəciklə açdı. Kim deyir ki, dəlilər ağıllı, ağıllılar dəli deyil.
   16 yaşı olsa da dünyaya çıxmağı bacaran Dövlət Pantomima teatrının çıxışı həmişəki kimi sözsüz olsa da, çox söz dedi. Başa düşənlər üçün.
   Bakı Bələdiyyə Teatrı Nadir şahı, Tomrisi, Dəli Domrulu, İsgəndəri və neçə-neçə qəhrəmanları ilə səhnəyə çıxıb böyük canlanma yaratdı.
   Hər teatr çıxışı ilə öz yolunu, öz üslubunu, öz simasını nümayiş etdirdi və bu çıxışların mükafatı alqışlar oldu.
   Rəngliliyi, maraqlı təqdimatı, yeni forması ilə yadda qalan 138-ci teatr mövsümünün açılışında xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, gənc ifaçılar İlkin Əhmədov, Arzu Əliyeva, Röya və başqaları çıxış edərək teatr bayramına rəng qatdılar.
   Beləliklə, teatr mövsümü açıldı. Hərdən dünyadan yorulub başqa bir dünya axtarsanız, mütləq teatra gedin...
   
   Aydın Talıbzadə, teatrşünas:
   138 rəqəmi 1, 3, 8 rəqəmindən ibarətdir. Bunları bir yerə toplayanda 12 eləyir. 12 tamamlanmış bir mərhələ, tamamlanmış bir silsilə deməkdir. Mənə elə gəlir ki, 12 rəqəmi Azərbaycan teatr mədəniyyətinə düşərli olacaq, Azərbaycan teatrının 138-ci mövsümündə biz keyfiyyət dəyişikliyinə nail olacağıq. Keyfiyyət dəyişikliyi deyəndə mən, ilk növbədə, sənət səviyyəsinin yüksəlməsini nəzərdə tuturam. Dövlət tərəfindən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu dəyişikliklərə böyük dəstək var, mənə elə gəlir ki, biz yaxın perspektivə nikbin baxmalıyıq.
   
   Təranə Vahid