Hərdən mənə elə gəlir ki, səhnə yalnız ruhlu, qanadlı adamlar üçündür, səhnədəsənsə, oynamalısan, mütləq oynamalısan, həyatın bahasına olsa belə... Və bir də səhnə gözəl qadın kimidir, yalnız onu dəlicəsinə sevəni sevir...
   Yazımızın qəhrəmanı da səhnəni sevir, bəlkə də dəlicəsinə... Sevməsəydi, ömrünün 42 ilini səhnədə keçirməzdi.
   
   Gənc Tamaşaçılar Teatrının səhnəsində irili-xırdalı xeyli yaddaqalan rollar yaradan, sənət dostlarının dediyi kimi, uşaq saflığını, sadəliyini bu yaşacan qoruyub saxlayan, səhərlər teatra, axşamlar evə tələsən Əməkdar artist Rahib Əliyev bu yay 65 yaşını sakitcə qarşılayıb, ömür daxılına atdı. Yubiley yaşında özündən çox təvazökarlıqla danışsa da, sənət dostları ondan ürəkdolusu söz açdılar.
   - İçərişəhərdə böyüyüb boya-başa çatmışam. 7-8 yaşım olanda dayım məni o zaman Dağüstü park deyilən yerə apardı. Orada “O olmasın, bu olsun” tamaşasını göstərirdilər, Məşədi İbad rolunu da Mirzəağa Əliyev oynayırdı. O tamaşaya baxandan sonra məndə teatra böyük maraq yarandı. Orta məktəbdə oxuyanda rejissor Ağasəlim Manaflı xalq teatrı yaratdı, orda yaxşı rollar oynadım, teatra həvəsim birə beş artdı.
   Rahib Əliyev atasını erkən yaşlarından itirdiyindən 16 yaşından gündüzlər işləyib, gecələr oxuyur, məktəbi bitirən kimi Teatr İnstitutunun dram, kino aktyorluğu fakültəsinə daxil olur. Sənət müəllimi Əməkdar artist Kərim Həsənov üçüncü kursda oxuyan Rahibi Gənc Tamaşaçılar Teatrına dəvət edir. Böyük sənətkarlar Yusif Vəliyev, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Rəhilə xanım Məlikova və neçə-neçə korifey sənətkarlarla bir səhnədə çıxış edir, aktyorluq sənətinin incəliklərini onlardan öyrənir. Üstündən uzun illər keçəndən sonra belə “onların yanında işləmək böyük fəxr idi” - deyir.
   - Hüseyn Arifin ssenarisi əsasında hazırlanan “Yolda” tamaşasında Yusif Vəliyevlə bir səhnədə iştirak etmişəm. O, Səməd Vurğunu oynayırdı, mən də aşığı. Çox gözəl tamaşa idi.
   
   Bir il teatrda pulsuz işləyəndən sonra 1968-ci ilin sentyabrın 18-də Rahib Əliyevin əmri verilir, teatrda işə götürülür...
   
   “Rahib xarakterik aktyordur”

   
   Əməkdar artist Rafiq Hüseynov sənət dostu barədə belə deyir:
   - Rahib Əliyevlə teatra təxminən bir vaxta gəlmişik və gələn kimi də bir-birimizə dublyor olmuşuq. Rahib xarakterik obrazları gözəl oynayır. Məncə rejissorlar onun yaradıcı imkanlarından daha səmərəli istifadə edə bilərdilər. Onun çox uğurlu rolları var. “Hacı Qəmbər”də (“Yağışdan çıxdıq, yağmura düşdük”) Cəbi, Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”də Mərəməş müəllim və s. rolları tamaşaçıların yaddaşından silinməyib. Böyüklüyündən kiçikliyindən asılı olmayaraq onun yaratdığı obrazlar tamaşaçıların yadında qalır. Aktyor üçün bundan yaxşı nə ola bilər? Gənc Tamaşaçılar Teatrının səhnəsində həm böyüklər, həm balacalar üçün rollar yaradan Rahib Əliyev uşaqları çox sevir və “uşaqlar üçün oynamaq daha çətindir” deyir. “Uşaqları aldatmaq olmur, onları inandırmalısan, rolunla, ifanla. Bunun üçün səhnədə uşaq olmalısan”.
   Aktyorun ən sevimli rollarından biri “Hacı Qəmbər” tamaşasında yaratdığı Cəbi roludur. Bir zamanlar bu rolla Moskvada, Aşqabadda bol alqışlar qazanardı...
   
   “Rahib həm də Allah adamıdır”
   
   Xalq artisti Yasin Qarayev:
   - 1974-cü ildə bir qrup gənc İncəsənət İnstitutunu bitirib Gənc Tamaşaçılar Teatrına gəldik. Rahiblə ilk oynadığım tamaşa “Hacı Qəmbər” tamaşası oldu. Mən aşıq Vəlini, Rahib Əliyev Cəbini oynayırdı. Çox duzlu, məzəli, koloritli rol oynayırdı və hər dəfə də onun ifası alqışlarla qarşılanırdı. İsi Məlikzadənin “Sağlıq olsun” tamaşasında da mən Əziz rolunu, o isə müdir rolunu oynayırdı. Rahib tamaşaçılar tərəfindən sevilən və alqışlanan aktyordur. Rahib həm də Allah adamıdır, sözün bütün mənalarında. Ürəyində hansı arzusu varsa, qoy hamısı yerinə yetsin.
   
   Yazıçı-dramaturq Elçinin Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya qoyulan bütün əsərlərində rol alan Rahib Əliyev rejissor Loğman Kərimovdan razılıq edir: “Ona çox minnətdaram, o mənə yaxşı rollar verib” - deyir. Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” əsərində yaratdığı zabit rolu isə aktyorun çox sevilən rollarından biridir.
   
   Aktrisa Sona Babayeva:
   - Rahib müəllim təmiz qəlbli, güclü yumor hissi olan adamdır. Aktyor kimi onunla çox tamaşalarda oynamışam, “Mənim ağ göyərçinim” tamaşasında isə o zabiti oynayırdı, mən də onun arvadı rolunu. İnanın, bir adam tamaşadan gülüşsüz çıxmırdı. Onunla tamaşada tərəf-müqabil olmaq, olduqca xoşdur. Həm özü oynayır, həm tərəf-müqabili oynadır. Ona ən birinci cansağlığı arzulayıram. Rahib böyük sənətkardır.
   
   Teatrla yanaşı televiziya tamaşalarında bir-birinə bənzəməyən rollar yaradan Rahib Əliyev 12 filmə dəvət alıb. Bu filmlərdən əksəriyyətinin rejissoru Vaqif Mustafayevdir. Maraqlıdır, görəsən Rahib Əliyev özünü şanslı aktyor hesab edirmi?
   - Şanslı aktyor olmamışam, oynamışam da... mənim xarakterim elədir ki, heç özümü gözə soxmuram. Gedib xahiş-minnətlə rol almıram, mən rolları oynayıram, onunla da kifayətlənirəm...
   
   Gənc Tamaşaçılar Teatrının rejissoru Nicat Kazımov:
   - Mən balaca vaxtımdan Rahib müəllimi tanıyırdım. O zaman “Dəymədüşər-Gülməşəkər” adlı veriliş vardı, Rahib müəllim orda Dəymədüşəri, mərhum Mübariz Əlixanoğlu da Gülməşəkəri oynayırdı. Çox sevimli personajlar idi.
   Qismət elə gətirdi ki, 1991-ci ildə bu teatra gəldim və “Sirli dəyirman”, “Dördüncü təcavüz olmayacaq” tamaşalarında aktyor kimi Rahib müəllimlə tərəf-müqabil oldum. Rejissor kimi isə mənim bir tamaşamda - Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” tamaşasında Rahib müəllim Rəhim kişi obrazını oynayıb. “Pəri Cadu”da oynadığı roldan da yerdən-göyə razı qalmışam.
   Rahib müəllim o tipli aktyorlardandır ki, onun üçün rolun böyüyü kiçiyi yoxdur. Bütün rollarını eyni diqqətlə, eyni canfəşanlıqla, sevə-sevə oynayır...
   “Səhnədə özümü unudub başqa adam oluram, başqa adamın həyatını yaşayıram” - deyən sənətkar teatrı futbol komandasına bənzədir. Komanda güclüdürsə, hər kəs öz yerindədirsə, oyun uğurlu alınacaq. Təbii ki, məşqçidən də çox şey asılıdır. Son sözü isə oyunçular deyir...
   
   Ampluası olmayan aktyor
   
   Aparıcı səhnə ustası Vahid Əliyev:
   - 36 ildir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoruyam və səhnəyə gələn gündən bir çox tamaşalarda aktyor kimi Rahib Əliyevlə tərəf-müqabil olmuşam. Rahib Əliyev çox maraqlı aktyordur. Kimi onu dramatik, kimi komik aktyor kimi qəbul eləyir, amma mənə belə gəlir ki, Rahib məhz ampluası olmayan aktyordur. Yəni o təxəyyüllü aktyordur, hansı obrazı verirsənsə, o obrazın öhdəsindən ustalıqla gəlir. Yadımdadır, mən teatra gələndə heç kəsin rəqabətə girmədiyi Xalq artisti Hüseynağa Sadıqovla Cəbi rolunda dublyor idilər. Hər aktyor Hüseynağa Sadıqovla dublyor ola bilmirdi. Hüseynağa müəllim rolunu özünəməxsus çalarlarla oynayırdı, Rahib də özünə məxsus çalarlarla. 25 ildir ki, Novruz bayramlarında Azərbaycan televiziyasında Kosa-Keçəl kimi iştirak edirik. Olub ki, Kosanı başqa bir aktyorla da oynamışam, hər halda Rahib tam başqadır.
   Rahib müəllim həm də ailəcanlı bir insandır. Bu illər ərzində Rahib müəllim beş övlad böyüdüb boya-başa çatdırıb, onlara təhsil verib və bu övladlar həyatda öz yerlərini tutublar. Sənət dostuma cansağlığı arzulayıram.
   
   Görəsən sevdiyi sənət, müqəddəs saydığı səhnə Rahib Əliyevə nə qazandırdı?
   - Səhnə mənim üçün müqəddəs yerdir, teatr həyatımın bir parçasıdır. Beş övladım var, hamısı da ali təhsillidir. Səkkiz nəvəm var. Bunlar hamısı qazancdır, Allah verən paydır. Uzun illər ərzində teatrda yaxşı dostlar qazanmışam. Teatr mənə bunları verib. Həyatımdan razıyam.
   
   Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlı:
   - Rahib müəllimi 20 ilə yaxındır tanıyıram. Aktyor kimi çox istedadlı, çox təvazökar bir insandır. Heç vaxt məşqə gecikməz, məşqdən qalmaz. Çoxlu sayda rolları, hər rolunun da özünəməxsus ifaları var. Çox həlim xasiyyətli aktyordur. Öz işinə tələbkar aktyordur. Tamaşaya həmişə 2 saat əvvəl gəlir, qrimlənir, oturub öz çıxışını gözləyir. 65 yaşı tamam oldu, təbrik edirəm, yaradıcılıq uğurları arzulayıram.
   Çex dramaturqu Karel Çapek yazırdı: “Əgər sizlərdən biri aktyor olmaq istəyirsə, ilk növbədə, əsəblərinin gərginliyini yoxlasın. Görsün ki, yelçəkənlərə, kağız qırıntılarını yeməyə, nimdaş trikonu təzə kimi geyməyə, taxtabiti iyi verən lakı üzünə yaxmağa gücü çatırsa, onda gəlsin. Səhnə onu gözləyir”.
   Hər gün teatra üz tutan sakit, mülayim, mehriban Rahib müəllim 42 ildir ki, Karel Çapekin dediyinə əməl edir. Buyurun, Rahib müəllim, səhnə sizi gözləyir...
   
   Təranə Vahid