Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur rusiyalı dirijor, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Andrey Anixanovu teatrda çalışmağa dəvət edib. Dirijorla bağlanmış birillik müqavilə çərçivəsində o, klassik opera və balet tamaşalarını idarə edəcək, simfonik orkestrlə işləyəcək, solistlərlə fərdi şəkildə məşğul olacaq.
Anixanovun repertuarında 60-dan artıq opera və balet tamaşası, müxtəlif simfonik konsert proqramları var. O, fəal qastrol fəaliyyəti ilə məşğul olur və Yaponiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Polşa, Finlandiya, Böyük Britaniya və başqa ölkələrin simfonik orkestrlərinə uğurla dirijorluq edib. Görkəmli sənətkar Avropanın müxtəlif səsyazma firmaları üçün Sankt-Peterburq orkestrləri ilə rus və xarici bəstəkarların əsərlərindən ibarət 50-yə yaxın CD yazdırıb.
Opera və Balet Teatrının direktoru Akif Məlikov bildirib ki, məşhur dirijor, rejissor və xoreoqrafların müqavilə əsasında teatra dəvət olunması ilk növbədə yaradıcı kollektivlər üçün bir növ ustad dərsləri rolunu oynayır, aktyorlara kənardan öz fəaliyyətinə professional nöqteyi-nəzərdən baxmaq və onu qiymətləndirmək imkanı verir.
Rusiyalı rejissorun bu mövsümdə ilk çıxışı oktyabrın 24-də olacaq. Həmin gün o, teatrda J.Bizenin “Karmen” operasının tamaşasını idarə edəcək. Tamaşada Opera və Balet Teatrının solistləri ilə birlikdə Karmen rolunda Sankt-Peterburq Akademik Opera və Balet Teatrının (Marinski Teatrı) solisti, həmyerlimiz Reqina Rüstəmova çıxış edəcək.