Bakı Uşaq Teatrının Yeni il hədiyyəsi
   

   Bakı Uşaq Teatrı yanvarın 3-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə H.Sarabski adına Mədəniyyət Evində kütləvi informasiya vasitələri nümayəndələrinin uşaqları üçün pulsuz tamaşa nümayiş etdirdi. 
      
   Gənc yazar Asəf Bayramovun «Mikimausun toyu» ssenarisi əsasında hazırlanan tamaşa nağıl qəhrəmanlarının - Şrek-uzunqulaq, canavar-dovşan, Tıq-tıq xanım-siçanın şir Sinbanın ad gününə toplaşmasından bəhs edirdi.
   Teatrın bədii rəhbəri İntiqam Soltan tamaşanın ideyasını belə izah etdi: «Azərbaycan, rus, ingilis nağıl qəhrəmanlarını bir araya gətirməklə biz gələcəyimiz olan uşaqlara xalqların birliyini aşılamaq istəyirik. Ssenaridə Azərbaycandan gələn nağıl qəhrəmanları Sinbaya ad günü hədiyyəsi olaraq qılınc bağışlayır. Bu bizim xalq olaraq böyüklüyümüzü göstərir».
   Tamaşanın qısa müddətə hazırlandığını bildirən İ.Soltanın dediyinə görə, teatrın kollektivinin yüksək peşəkarlığı və çalışqanlığı nəticəsində az vaxtda belə uğurlu nəticə əldə edilib.
   Nağıllarımızda mənəvi dəyərlərimizin qorunub saxlanmasından və onların uşaqlara aşılanmasından danışan İ.Soltan bildirdi ki, teatrın kollektivinin əsas məqsədi uşaqların mənəviyyatlı və əxlaqlı böyüməsinə öz töhfələrini verməkdir. Bu məqsədlə uşaqlar üçün Azərbaycan nağıllarından ibarət audiotamaşalar da hazırlanıb: «Bizim bütün nağıllarımızda mənəvi dəyərlərimiz əks olunub. Xalq nağıllarımızın 30-nu audiotamaşa şəklində hazırlamaq niyyətindəyik. Bu audiotamaşaların 5-i yaxın günlərdə dinləyicilərə təqdim olunacaq. «Cırtdan», «Məlikməmməd», «Göyçək Fatma», «Şah Abbas və bostançı», «Ağ atlı oğlan» və sair nağıllarımız həmin audiodisklərdə yer alıb».
   Qeyd edək ki, bayram günlərində Uşaq Teatrının repertuarında «Üç ayı balası» və «Qəhrəman köpək» adlı iki tamaşa da vardı: «Repertuarda tamaşalarımız çoxdur. 152 saylı məktəblə birgə «20 Yanvar» haqqında tamaşa da hazırlayacağıq. Bundan başqa, narkomaniya əleyhinə mübarizəyə həsr olunmuş «Xaş-xaşın göz yaşı» və «Gücümüz birliyimizdədir» tamaşaları ən baxımlı səhnə əsərlərimizdəndir».
   Jurnalistlərin övladları üçün pulsuz tamaşa nümayişinə gəlincə, teatrın rəhbəri bildirdi ki, bu, onların mətbuat işçilərinə son sürprizi deyil. Həmsöhbətimiz jurnalistlərin özlərinin iştirakı ilə də tamaşa hazırlamaq niyyətində olduqlarını bildirdi: «Bu tamaşanın ssenari müəllifi də, iştirakçıları da KİV nümayəndələri özləri olacaq».
   Teatr cəmiyyətin aynasıdır. Uşaqlarla bağlı hazırlanan tamaşalar isə bu baxımdan daha çox həssaslıq tələb edir. Bakı Uşaq Teatrına da öz fəaliyyətində uğurlar arzulayırıq.
   
   Fəxriyyə Abdullayeva