Fevralın 5-də Dövlət Gənc Tamaşaçılar Teatrında “Göyçək Fatma” tamaşasının premyerası oldu. Eyniadlı xalq nağılının motivləri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımov, musiqi tərtibatı Cahangir Zülfüqarovdur.
Göyçək Fatma rolunu aktrisa Asya Atakişiyeva canlandırıb. Əməkdar artistlər Sərvər Əliyev, Kübra Dadaşova, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qəmər Məmmədova və Lətifə Əliyevanın ifalarında müvafiq nağıl personajlarının təqdimatı balaca tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Tamaşanın rejissor və xoreoqrafı Nicat Kazımov xalq nağılının səhnələşdirilməsini uşaqlarımız üçün də gərəkli olduğunu bildirdi: “Bizim teatrda “Yatmış gözəl”, “Çəkməli pişik”, “Pişiyin evi” Avropa nağılları, “Ələddinin sehirli çırağı”, “Əlibaba və qırx quldur” ərəb nağılları uğurla səhnələşdirilib. Xalq nağıllarından əvvəlki illərdə “Cənnətin üç alması” (“Məlikməmməd” nağılının motivləri əsasında) oynanılıb. “Göyçək Fatma” isə uşaqların hər birinin bildiyi və tərbiyəvi əhəmiyyəti böyük olan nağıldır. Tamaşada əsasən teatrımızın yaşlı aktyorları çıxış edir. Burada üç heyət var və onlarla işləmək təbii ki, asan iş deyildi. Tamaşa bir aydan da az bir zamana hazırlanıb. Amma qeyd etməliyəm ki, çox gözəl aktyor heyəti var”.
Tamaşada qəhrəmanların milli geyimdə olması, milli musiqinin işlənməsi də (“Qaytağı”, “Mirzəyi” və s.) “Göyçək Fatma” nağılının üslubunu tamamlayırdı. Bütün nağıl nəqledicinin dilindən söylənilir. Digər diqqət çəkən məqam Fatmanın anasının vəfat etməsi səhnəsinin tamaşaya daxil edilməsidir. Tamaşanın “yaxşı məhv olmur, yalnız formasını dəyişir” ideyası da ananın ruhunun qızıl inəyə keçməsində, inəyin kəsilməsindən sonra isə zınqırova keçərək daim Fatmaya kömək etməsində öz sübutunu tapır. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb sonda layiq olduğuna çatır.
Qeyd edək ki, “Göyçək Fatma” Gənc Tamaşaçılar Teatrında 2011-ci ilin ilk premyerası idi.
Reyhan