10 mart Milli Teatr Günüdür
   
   1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin (Adıgözəlov) təşəbbüsü ilə M.F.Axundovun \"Lənkəran xanının vəziri\" əsəri Bakı Realnı Məktəbinin şagirdlərinin iştirakı ilə \"Nəciblər klubu\"nda oynanıldı və o gündən Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. 
   
   Teatra getmək də, teatra baxmaq da, hətta teatr haqqında düşünmək də maraqlıdır. Odur ki, milli teatrımızın keçdiyi yola nəzər salmamış teatr tarixinə qısa bir nəzər salaq.
   
   “Böyüklər üçün məktəb” - teatr
   
   Teatrın vətəni qədim Yunanıstan olsa da, tezliklə yunan dilində “tamaşa yeri” mənasını verən teatr bütün dünyaya yayıldı. Teatrı çox sevən yunanlar onu həm də “böyüklər üçün məktəb” adlandırırdılar. Qədim yunan əfsanələri teatra olduqca zəngin mövzu verdikcə ilk tragediyalar adlanan pyeslər yaranırdı. “Tragediya” sözü isə yunanca “keçilər mahnısı” deməkdir. Tragediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə, onların iztirabları, faciəsi təsvir edilirdi.
   Gülməli səhnəciklərdən isə şən və məzəli pyeslər - komediyalar yarandı. Yenə də yunan sözü olan “komediya” “şən sakinlərin mahnısı” deməkdir. Yunanlar tamaşa günündə sübh tezdən yemək-içmək götürüb teatra toplaşardılar. Tamaşa qurtardıqda xüsusi komissiya tamaşaçıların rəyini nəzərə alaraq qələbəni ən yaxşı pyes müəllifinə və ən yaxşı aktyorlara verərdi. Onlar çələng və qiymətli hədiyyələrlə mükafatlandırılardılar.
   Teatr sonralar qədim Romada, Şərq ölkələrində - Çində, Hindistanda, Yaponiyada geniş yayıldı. 1948-ci ildə teatr ictimaiyyəti rəsmi olaraq UNESCO-nun himayəsi altında Beynəlxalq Teatr İnstitutunda birləşdi.
   Dünya teatr xadimləri və təşkilatlarının iştirakı ilə 1961-ci il martın 27-də Vyanada ilk teatr konqresi toplandı. Konqres iştirakçıları belə qərara gəldilər ki, martın 27-də ilk dəfə dünya teatr xadimləri bir araya toplandığı üçün həmin gün Beynəlxalq Teatr Günü kimi qeyd olunsun.
   Bəlkə də təsadüfdür, bəlkə də təsadüf deyil, Beynəlxalq Teatr Günü də, Azərbaycanda Milli Teatr Günü də mart ayının payına düşür.
   
   Milli teatrımızın anları...
   
   1873-cü ilin 10 martında \"Lənkəran xanının vəziri\" tamaşası Bakıda səhnəyə qoyuldu...
   1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərilir...
   1880-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı, sevildi, teatr tariximizdə yeni bir səhifə açdı.
   1896-cı ildə Həsən bəy Zərdabi Bakıda \"Birinci müsəlman dram truppası\" adlı ilk professional teatr kollektivini təşkil etdi...
   1897-ci ildə Bakıda ilk dəfə \"Artistlər ittifaqı\" yaradıldı...
   1906-cı ildə Bakıda \"Müsəlman dram artistləri\" şirkəti quruldu...
   1908-ci il yanvarın 12-də Bakıda ilk milli opera - Ü.Hacıbəylinin \"Leyli və Məcnun\" əsərinin tamaşası ilə Azərbaycanda professional musiqili teatrın əsası qoyuldu...
   1910-cu ildə \"Səfa\" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı...
   1917-ci ildə Bakıda \"Müsəlman artistləri ittifaqı\" yaradıldı...
   Teatr tariximizlə bağlı kifayət qədər belə faktlar var...
   
   Akademik Milli Dram Teatrı
   
   ... Böyük sənət məbədimiz - Akademik Milli Dram Teatrı teatr tariximizi özündə yaşadır. Əvvəllər müxtəlif truppalar şəklində «Nicat», «Səfa», «Həmiyyət» mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrilə, həmçinin «Müsəlman Dram Artistləri İttifaqı», «Hacıbəyov qardaşları müdiriyyəti» şəklində tamaşalar verən teatr 1919-cu ildən Dövlət Teatrı statusu ilə fəaliyyətə başlayır.
   Sonrakı dövrdə mədəniyyət və incəsənət sahəsində Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Hüseyn Ərəblinski və digər sənət fədailərinin şəxsi təşəbbüsləri, yorulmaz zəhməti sayəsində Azərbaycan teatrı öz simasını formalaşdırmağa başlayır. Özünün dramaturgiyası, aktyor və aktrisaları ilə birlikdə milli teatr məktəbi böyük zəhmətlər, səylər və fədakarlıqlar nəticəsində təşəkkül tapır.
   Mirzəağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İskəndərov, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib, Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədiri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı və onlarla başqaları öz fədakarlıqları və sənətkarlıqları ilə milli teatrımızın inkişafında misilsiz xidmətlər göstərirlər.
   Teatr Texnikumu, M.Əliyev adına İncəsənət İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti), Tənqid-təbliğ və Tədris teatr-studiyalarının divarları arasından peşəkar səhnəyə Ağasadıq Gəraybəyli, Tofiq Kazımov, Mehdi Məmmədov, Həsənağa Turabov, Hökumə Qurbanova, Şəfiqə Məmmədova və neçə bu kimi möhtəşəm simalar çıxdılar. Bir qismi Moskvada təhsil alan, oranın son dərəcə teatral mühitində \"bişib\" vətəninə dönən bu sənətkarların, o cümlədən adlarını çəkmədiyimiz aktyor və rejissorların əksəriyyətinin istedadı, bacarığı keçmiş SSRİ və hətta dünya miqyasında tanınmağa layiq idi və tanınırdı da.
   Bu illərin repertuarında milli əsərlərlə yanaşı, xarici ədəbiyyat nümunələri də uğurla təqdim olunur. M.F.Axundovun, N.B.Vəzirovun, Ə.B.Haqverdiyevin, N.Nərimanovun, C.Cabbarlının, H.Cavidin, S.Rəhmanın, İ.Əfəndiyevin pyesləri ilə pərvəriş tapan Akademik Milli Dram Teatrı, müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Qaldoninin, A.Dümanın, V.Hüqonun, H.Hauptmanın, Moris Meterlinkin, Balzakın, H.Heynenin, Volterin, A.Ostrovskinin, L.Tolstoyun, N.Qoqolun, A.Çexovun və onlarca bu kimi dramaturqların əsərlərini repertuarına daxil edib. Ötən əsrin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada tamaşalar verən teatr dövlət statusu aldıqdan sonra dünyanın bir çox ölkələrində qastrollarda olub.
   1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkə mədəniyyətinin əsas tərkibi olan teatrların işinə xüsusi önəm verilib.
   Üstündən 138 il keçəndən sonra rejissor Vaqif İbrahimoğlu Akademik Milli Dram Teatrında “Lənkəran xanının vəziri”ni səhnəyə çıxarmağa hazırlaşır. İnşallah tamaşa hazır olanda bu barədə sizə ətraflı məlumat verəcəyik.
   Bu gün isə ölkəmizdə 27 dövlət teatrının fəaliyyət göstərməsi teatrı sevməyimizdən, hələ də teatrın cazibəsində olmağımızdan xəbər verir. Teatr aləmində çalışan, milli teatrımızın ənənələrini sevə-sevə yaşadan hər kəsi təbrik edirik. Alqış səslərini eşidirsinizmi?
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar