Xəbər verdiyimiz kimi, martın 10-da - Milli Teatr Günündə Akademik Milli Dram Teatrı 138-ci mövsümü görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında yeni quruluşda hazırlanmış “Qarabağnamə” tamaşası ilə açdı. 
   Həmin gün teatrın binasının əsaslı təmir və yenidən qurulmasından sonra tamaşaçılarla ilk görüşü idi. Açılışda baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.   

    O gün böyük sənət ocağına üz tutan teatrsevərlər mövsümün ilk tamaşasına gül-çiçəklə gəldilər. Bu dəfə onlar 14 il əvvəl teatrın repertuarında yer alan “Hökmdar və qızı” əsərinə yeni quruluşda və yeni adda tamaşa edəcəkdilər. Maraqlıdır, görəsən yeni quruluş 14 il bundan əvvəlki quruluşla nə ilə fərqlənir?
   Bu sualla əvvəlcə tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyova müraciət etik.
   - 14 il əvvəl mən İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına quruluş vermişdim. O tamaşa artıq neçə illərdir ki, teatrın repertuarında yer alıb. O zaman ümummilli liderimiz Heydər Əliyev gəlib tamaşaya baxdı və dedi ki, nə qədər Qarabağ problemi var, nə qədər torpaqlarından didərgin düşmüş insanlar var, “Hökmdar və qızı” tamaşası teatrın repertuarında olmalıdır. Böyük öndər bu əsər əsasında filmin də çəkilməsini istəmişdi. Film də çəkildi, tamaşa da teatrın repertuarda daimi yer aldı. Lakin teatr iki il yarım əsaslı təmirə dayanandan sonra, həmin əsəri yeni quruluşda və yeni adda hazırlamaq qərarına gəldik. Qarabağın tarixini gənclərimiz öyrənməli, bilməli, dönə-dönə bu tarixə baxmalıdırlar ki, başımıza gələn müsibətlərin mənbəyini, kökünü bilsinlər.
   Yeniliklər barədə konkret danışmaq istəməzdim. İstərdim ki, tamaşaçılar, xüsusilə vaxtı ilə “Hökmdar və qızı” səhnə əsərinə baxmış tamaşaçılar gəlib bu yeniliklərin şahidi olsunlar.
   
   Sevinc, həyəcan dolu anlar
   
   “Qarabağnamə” tamaşası Qarabağın tarixindən, tariximizin həqiqətlərindən bəhs edir. Əsərdə tarixi şəxsiyyətlərin obrazlarını yaradan aktyorlar da öz fikirlərini qəzetimizlə bölüşdülər. Tarixin, ədəbiyyatın yaddaşında ağlı, vətənpərvərliyi, uzaqgörənliyi ilə sevə-sevə xatırlanan Ağabəyim ağa obrazının yaradıcısı Əməkdar artist Məsmə Aslanqızı öz rolundan danışdı:
   - İnanmazdım ki, bu rolu mənə həvalə edəcəklər. Sənət dostlarım məni yeni roluma görə təbrik edəndə, elə bildim zarafat edirlər. Rol bölgüsündən sonra öz adımı siyahıda oxuyanda, gözümdən yaş axdı. Bilmirəm, nə dərəcədə alınıb, ancaq onu deyə bilərəm ki, doğrudan da çox böyük, məsuliyyətli roldur. Mənim üçün böyük fəxrdir ki, bu rolu oynayıram. Onu da qeyd edim ki, böyük dramaturqumuz İlyas Əfəndiyev “Hökmdar və qızı” əsərini şəhidlərimizin ruhuna həsr edib. Mən özüm də 20 Yanvar şəhidinin qızıyam, o ağrını, o acını yaşamışam. Ona görə də bu rolu oynamaq üçün əvvəlcə Bəsti Cəfərovanın xeyir-duasını aldım, çünki uzun illər bu rolu səhnəmizdə Bəsti xanım oyanıb. Ağabəyim ağanın xarakteri barədə mənə dolğun məlumat verdi, çox şeyləri ondan öyrəndim. Onun məsləhəti ilə “Qarabağnamə” kitabını oxudum. Bu rol haqqında kifayət qədər məlumatım var. Rol nə dərəcədə alınıbsa, bunu artıq tamaşaçılar deyəcəklər.
   Tamaşada İbrahim xan rolunu ifa edən Xalq artisti İlham Əsgərov da fikirlərini bizimlə bölüşdü:
   - Mən o vaxt “Hökmdar və qızı” tamaşasında Məhəmməd xan rolunu oynayırdım. Mərahim müəllim bu tamaşanı yeni quruluşda hazırlayanda mənə İbrahim xan rolunu tapşırdı. Yeddi aya yaxın biz bu əsər üzərində işləmişik. Uzaqdan baxana asan gəlir, amma obraz yaratmaq, obraz üzərində işləmək çətindir. Hər sözün, geyimimizin, qrimimizin üstündə əsmişik. Şükür Allaha ki, nəticə yaxşıdır.
   
   “Qarabağ mövzusu ağrılı yerimizdir”
   
   Axund Mirmöhsün ağa rolunun ifaçısı, Xalq artisti Rafiq Əzimov da tamaşadan əvvəl rolu barədə danışdı:
   - Əvvəla onu deyim ki, “Hökmdar və qızı” tamaşasının əvvəlki quruluşunda Axund Mirmöhsün ağa rolunu mərhum böyük sənətkarımız Həsən Məmmədov oynayırdı. Sonra elə oldu ki, biz Türkiyəyə səfərə gedəndə Həsən Məmmədovun çəkilişi olduğu üçün bu rolu mənə tapşırdılar. İnanın, bu rolu Türkiyəyə gedəndə avtobusda hazırlamışam. Bakıya qayıdandan sonra bu rolu mən oynadım.
   Qarabağ xanının vəziri Axund Mirmöhsün ağa tarixi bir şəxsiyyət olub, ağıllı dövlət adamı olub, beş dil bilib. İndi tamaşa “Qarabağnamə” adı ilə yeni quruluşda hazırlanıb. Tamaşanın yeni quruluşunda Qarabağ xəttinə daha çox yer verilir. Tamaşa Xan Şuşinskinin ifası ilə açılır. Bu gün “Hökmdar və qızı” tamaşasının “Qarabağnamə” adı ilə getməsi tamaşaçıya daha çox lazımdır. Çünki Qarabag mövzusu ağrılı yerimizdir. Allah İlyas Əfəndiyevə qəni-qəni rəhmət eləsin. Belə qiymətli, tarixi bir əsər yazıb. Bu əsərin özü də artıq bir tarixdir.
   
   “Qarabağnamə” alqışlandı
   
   Pərdələr açıldı. Səs xəzinəmizin ən qiymətli incilərindən biri - Xan Şuşinskinin ifasında “Şuşanın dağları” dalğa-dalğa ətrafa yayılıb tamaşaçıları Qarabağlı, Şuşalı günlərə apardı. Qarabağ xanlığının çal-çağırlı, xoşbəxt vaxtlarıdır. Əldə olunan xoşbəxtliyi qoruyub saxlamaq hər zaman qurban tələb edir. Bu qurban Ağabəyim ağadır. O, Vətən, torpaq üçün xoşbəxtliyindən, sevgisindən keçsə də, İbrahim xan öz xoşbəxtliyini yenə də qoruya bilmir. Tarix boyu xalqımızın çörəyini yeyib qanını içən erməni xəyanəti xoşbəxt bir xanlığı məhv edir. Maraqlı səhnə tərtibatı, gözəl rəssam işi, aktyorların mükəmməl ifası, əlvan Qarabağ geyimləri, zövqlü musiqi tərtibatı tamaşaçıları o aləmdən bir an da olsa belə ayırmır. Xatırladaq ki, tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistentləri Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. Tamaşada iki aktyor heyəti, ümumilikdə 25-ə yaxın aktyor iştirak edir.
   İki saat boyu tamaşaçıda torpağa, vətənə sevgi aşılayan “Qarabağnamə” sonda alqışlarla qarşılandı. Bir tamaşaçı kimi deyə bilərəm ki, hər kəs öz rolunun öhdəsindən məharətlə gəldi, hər kəs öz rolunu inandırıcı oynadı. Alqış səsləri və gül-çiçəklər isə “Qarabağnamə”nin uğurundan xəbər verirdi.
   Hər kəsi bu tamaşaya baxmağa, dönə-dönə baxmağa dəvət edirik.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar