Hər il olduğu kimi, bu il də Novruz bayramı və məktəblilərin yaz tətili günlərində teatrlar uşaqları bayram şənlikləri ilə sevindirəcəklər. Düzdür, bəzi teatrlar binalarında təmir-bərpa işləri aparıldığından bu tədbirlərdən kənarda qalıblar.
   
   Bununla belə, uşaqların sevimli ünvanı olan A.Şaiq adına Dövlət Kukla Teatrı, eləcə də Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Bakı Uşaq Teatrı Novruza hazırlıq görüb. Hər üç teatr tətil günlərində uşaqları sevimli qəhrəmanları ilə görüşdürəcəklər.
   Dövlət Kukla Teatrı isə Novruz bayramı münasibətilə Abdulla Şaiqin «Gözəl bahar» əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Tamaşa martın 20-dən 27-dək hər gün 4 seans nümayiş olunacaq.
   Akademik Milli Dram Teatrı bayram hədiyyəsi olaraq uşaqlara Kosa, Keçəl və Bahar qızının macəralarından bəhs edən şənlik, həm də «Tülkü, tülkü, tünbəki» uşaq tamaşasını təqdim edəcək. Tamaşa və şənlik martın 20-21-də teatrın öz binasında deyil, Bakı Olimpiya Mərkəzində təqdim olunacaq.
   Gənc Tamaşaçılar Teatrı da Novruz bayramına lazımi səviyyədə tədarük görüb. Teatr martın 19-dan 27-dək hər gün iki seans Novruz şənliyi təqdim edəcək. Foyedə uşaqlar Novruz şənliyi izlədikdən sonra isə səhnədə Yevgeni Şvartsın «İfritin kələyi» tamaşasından bir parçanı izləyə biləcəklər.
   Bakı Uşaq Teatrı Novruz bayramı münasibəti ilə həm bayram şənliyi, həm də «Ağıllı tülkü» adlı tamaşa hazırlayıb. Teatrın rəhbəri İntiqam Soltanın sözlərinə görə, tamaşa öncə martın 19-da «Azərsun Holdinq»də kimsəsiz uşaqlar üçün göstəriləcək. Martın 23-dən 28-dək isə hər gün öncə Novruz şənliyi, daha sonra isə bu tamaşa təqdim olunacaq. Tətil günlərində Uşaq Teatrı repertuarı bununla yekunlaşmır. Martın 18-də Novruz bayramı ilə bağlı olan «Keçəlin kələyi», 22-də «Xan güldü» tamaşaları da göstəriləcək.
   Binası əsaslı təmirdə olan Musiqili Komediya Teatrı Novruz şənliyi hazırlamasa da, bayram günlərində repertuarını digər mədəniyyət ocaqlarının səhnəsində təqdim edəcək. Martın 26-də Ə.Əmirli və C.Quliyevin «7 məhbusə anası», martın 27-də R.Mirişli və M.Haqverdiyevin «Qısqanc ürəklər» tamaşaları oynanılacaq.
   Dövlət Pantomima Teatrı da bayram günləri üçün repertuar hazırlayıb. Teatr martın 19-da «Adsız», 20-də “Dejavyu», 26-da «Eşq», 27-də “Mən və mən» tamaşalarını paytaxt sakinləri və qonaqları üçün oynayacaq. Qeyd edək ki, Pantomima Teatrına gələnlər arasında xarici qonaqlar da çox olur.
   Akademik Opera və Balet Teatrı bayram günlərində paytaxtımıza xeyli xarici qonağın təşrif buyuracağını nəzərə alıb. Teatr repertuarı həmçinin II Beynəlxalq Muğam Festivalına uyğun hazırlayıb. Teatrın truppası martın 18-də Ü.Hacıbəylinin «Əsli və Kərəm» operasını musiqili kompozisiya şəklində təqdim edəcək. Martın 19-da Ü.Hacıbəylinin «Arşın mal alan», 23-də L.Vaynşteynin «Çəkməli pişik» operası, 24-də İ.Ştrausun «Düyməcik» baleti oynanılacaq.
   “Yuğ” Teatrı isə tətil günlərində «İlan dərisi» və «Kafkadan salam» tamaşalarını teatrsevərlərə təqdim edəcək.
   
   Gülər 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar