Teatr “Aydın” tamaşasını teatrsevərlərə təqdim etdi
   
   Aprelin 11-də ölkəmizdə qastrol səfərində olan Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində C.Cabbarlının “Aydın” pyesini yeni quruluşda teatrsevərlərə təqdim etdi. Tamaşa sadəliyi, maraqlı musiqi tərtibatı və aktyor ifası ilə yadda qaldı.
   
   Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru, Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Şahlar Xalikov tamaşadan əvvəl doğma teatrlarının dünənindən və bugünündən danışdı.
   - Teatrımız Dağıstanın qədim teatrlarından biridir. 1904-cü ildə Dərbənd şəhərində Türk Teatrı kimi fəaliyyətə başlayıb, 1920-ci ildə Azərbaycan Dövlət Teatrı, 1931-ci ildə Musiqili Komediya Teatrı kimi fəaliyyət göstərib. 1949-cu ildən sonra maliyyə məsələlərinə görə teatr uzun müddət fəaliyyət göstərməyib. 1967-ci ildə Azərbaycan Xalq Teatrı kimi yenidən qapılarını tamaşaçıların üzünə açıb. 1998-ci ilin aprel ayından dövlət teatrı statusu qazanan teatr o gündən Dərbənd Azərbaycan Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərir. Teatrımız Rusiya Federasiyası ərazisində yeganə Azərbaycan teatrıdır.
   Teatrın rəhbəri repertuarlarında klassik əsərlərlə yanaşı, müasir əsərlərin də olduğunu qeyd etdi. Hazırda repertuarda 7-dək tamaşa var. Vaxtaşırı olaraq Azərbaycanın müxtəlif teatrlarında çalışan rejissor və aktyorlar teatra dəvət olunur. Müxtəlif illərdə xalq artistləri Vaqif Əsədov, Ağaxan Salmanlı, Tariyel Qasımov, Valeh Kərimov Dərbənd Azərbaycan Dövlət Dram Teatrında maraqlı tamaşalar hazırlayıblar.
   Teatrın direktoru Şahlar Xalikov fürsətdən istifadə edib teatrlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Mədəniyyət və Turizm Nazirliyinə kollektivləri adından təşəkkürünü bildirdi.
   
   Dərbənd Azərbaycan Dövlət Dram Teatrının quruluşçu rejissoru, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova da ürək sözlərini bizimlə bölüşdü:
   - Teatrın baş rejissoru kimi bir çox tamaşalara quruluş vermişəm. Rəvan Tohidoğlunun “Taleyin oyunu”, Rafiq Rəhimlinin “Sönmüş talelər”, Azərbaycan xalq nağılı “Göyçək Fatma” və neçə-neçə əsərlərə səhnə həyatı vermişəm.
   C.Cabbarlının “Aydın” pyesi klassik bir əsərdir. Hər bir teatr bu əsərə müraciət etməlidir. Bundan əvvəl də teatrımızda C.Cabbarlı yaradıcılığına müraciət olunub, Xalq artisti Ağaxan Salmanlı “Solğun çiçəklər” əsərinə quruluş verib.
   Martın 7-də Dərbənd şəhərində “Aydın” tamaşasının premyerası oldu. Biz qastrol səfərinə “Aydın” və Rəvan Tohidoğlunun “Taleyin oyunu” tamaşaları ilə gəlmişik.
   
   Aydın rolunun ifaçısı Səbuhi Əhmədov:
   - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Universiteti bitirəndə Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrına dəvət aldım. İki il ərzində 6-ya yaxın tamaşada rol almışam. Uşaqlıqdan arzum olub ki, Aydın obrazını oynayım. Zaman-zaman bu əsər səhnəyə qoyulub, böyük sənətkarlarımız bu obrazı oynayıb. “Aydın” ölməz əsərdir, mən bu əsəri Şərqin “Hamlet”i adlandırıram. Bu rolu mənə həvalə edəndə çox sevindim və sevə-sevə ifa edirəm.
   Gültəkin obrazının ifaçısı Mədinə Hacıağayeva:
   - Bu əsər çox xoşuma gəlir, gözəl əsərdir. Çox şadam ki, bu tamaşada oynayıram. Əsər bəşəri mövzuda yazılıb. Tamaşada bir-birini sevən insanların xoşbəxtliyinə kölgə salınır, bu da sonda faciə ilə nəticələnir.
   
   Tamaşa başlandı. “Aydın” pyesi bu dəfə yeni quruluşda, yeni aktyorların ifasında tamaşaçılara təqdim olundu və alqışlandı.
   Xatırladaq ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı iki həftə ərzində respublikamızın müxtəlif bölgələrində - Xırdalan, Xızı, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şəki və Göyçay rayonlarında Cəfər Cabbarlının “Aydın” dramını və Rəvan Tohidoğlunun “Taleyin oyunu” komediyasını tamaşaçılara təqdim edəcək.
   
   Təranə Vahid






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar