Xəbər verdiyimiz kimi, fevralın 21-də Moskvada, Böyük Teatrın səhnəsində böyük Azərbaycan bəstəkarı Qara Qarayevin «Yeddi gözəl» baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında yeni xoreoqrafik tərtibatda nümayiş olunub. 
   
   Əsər yeni tərtibatda ilk dəfə 2008-ci ilin sonunda Azərbaycan Opera və Balet Teatrında təqdim olunmuşdu. Balet tamaşasının quruluşçu baletmeysteri Vasili Medvedev, quruluşçu-rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirovdur. Tamaşada Bəhram şah rolunu Böyük Teatrın aparıcı solisti Mixail Lobuxin oynayıb. Gözəllər gözəli rolunda Azərbaycanın Əməkdar artisti Kamilla Hüseynova çıxış edib. Tamaşanı İstanbul Dövlət Opera və Balet Teatrının dirijoru Elşad Bağırovun rəhbərliyi ilə Azərbaycan Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib.
   Qara Qarayevin ölməz əsərinin Moskva premyerası Rusiya mədəni ictimaiyyətində böyük rezonans doğurub. “Yeddi gözəl”in yaratdığı təəssürat bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Baletin nümayişi Rusiyanın mədəni həyatında, Azərbaycan-Rusiya mədəni əməkdaşlığında əlamətdar hadisə kimi qiymətləndirilib.
   Rusiyanın «Mədəniyyət» (“Kultura”) telekanalında tamaşa ilə bağlı nümayiş etdirilən süjetdə əsərin tarixinə toxunulur və bildirilir ki, orta əsr Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin «Yeddi gözəl» əsərinin motivləri və XX əsr Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi əsasında 1952-ci ildə ərsəyə gələn balet sovet səhnəsində böyük məşhurluq qazanıb.
   “Mir” telekanalında “Azərbaycanın əfsanəvi baleti “Yeddi gözəl” Rusiya tamaşaçılarının qəlbini fəth etdi” adlı süjet efirə gedib.
   RBK agentliyi Qara Qarayevin «Yeddi gözəl» baletinin Moskvanın baş səhnəsində nümayişini, Azərbaycanda olduğu kimi, Rusiyada da böyük mədəniyyət hadisəsi olduğunu vurğulayıb.
   «Mədəniyyət xəbərləri» televiziya proqramının «Xudsovet» rubrikasının qonağı olan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə söhbətin mövzusu da bu mədəniyyət hadisəsi ilə bağlı olub.
   İTAR-TASS agentliyi tamaşanın işıqlandırılmasına daha geniş yer ayırıb. Tamaşa ilə bağlı məqalədə baletin süjet xəttindən, qəhrəmanlardan bəhs edilir və bildirilir: “Cəsarətlə demək olar ki, Qara Qarayev balet musiqisi janrında dünya səviyyəsində nailiyyətlər əldə edib”.
   «Exo Planetı» jurnalında dərc olunmuş ”Yeddi gözəl” Böyük Teatrda” adlı məqalədə vurğulanır: “Böyük Teatrın tamaşaçıları əsrarəngiz Şərq nağılının təsiri altına düşmüşdü. Burada Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin motivləri və XX əsr Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi əsasında yaradılan «Yeddi gözəl» baleti nümayiş etdirilirdi. Belə bir hədiyyəni isə moskvalılara Azərbaycan Dövlət Opera və Balet Teatrı təqdim etdi”.
   Rusiyanın tanınmış nəşrlərindən olan «Oqonyok» jurnalında qeyri-adi başlıqlı - “Gözəllər və sosializm” adlı məqalədə də maraqlı məqama toxunulub: «Müəllif balet əsərində özünün poeziyaya vurğunluğunu ifadə edir. Qara Qarayevin bu gözəl musiqisini sovet dövründə heç kəs dəyişdirə bilməyib”.
   «Muzıkalnoye obozreniye» qəzetində uzun müddət fasilədən sonra «Yeddi gözəl» baletinin yenidən 2008-ci ildə Bakı səhnəsinə qayıtmasından, 2011-ci ildə isə Moskvada nümayişindən bəhs edilir.
   «Veçernyaya Moskva» qəzetində baletdən bəhs edən məqalənin sərlövhəsi diqqəti cəlb edir: «Kişilərin tərbiyə olunması». Bu başlıqla rusiyalı müxbir baletin mahiyyətini açıqlayır. «Exo Moskvı» radiostansiyasında isə tamaşa ilə bağlı maraqlı fikir səsləndirilib: «Yeddi gözəl» baletinə baxan hər kəs hətta incəsənətdən uzaq olsa belə, o, baletin sadiq həvəskarına çevriləcək”.
   
   Mehparə