Gənc Tamaşaçılar Teatrında yeni tamaşaya ictimai baxış oldu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu günlərdə yeni səhnə əsərinə ictimai baxış keçirildi. Tanınmış yazıçı-dramaturq Əli Əmirlinin əsəri əsasında Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa «M.S.S. Mən səni sevirəm» adlanır. Tamaşa sevgi üzərində qurulsa da, başlıca ideyası müasir cəmiyyətin bəlası olan rüşvətxorluqla mübarizəyə köklənib.
Ə.Əmirli bu əsərində göstərir ki, insanın həyatda öyrəndiklərinin təməli məktəbdə qoyulduğu kimi, təəssüf ki, bəzi mənfi məfhumlarla tanışlıq da elə məktəbdən başlanır. Şagirdlərdən alınan rüşvət sonradan həmin məktəblinin korrupsiyanın yayanlardan birinə çevrilməsinə səbəb olur.
Tamaşada hadisələr məktəbdə baş verir. Əsərin əsas qəhrəmanı Sabah müəllimədir. O məktəblilərdən rüşvət almır, onları doğru yola çəkir. Onun əksi olan Qətibə müəllimə isə məktəblilərdən qiymət əvəzinə aldığı pulla özünə xoş güzəran qurur. Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Rolları Mehriban Abdullayeva (Sabah), Qəmər Məmmədova (Qətibə), Sevinc Mehrəliyeva (Gülər), Kübra Dadaşova (Zümrüd), Sərvər Əliyev (Nəcəf), Lətifə Əliyeva (Səkinə), Kəmalə Hüseynova (Mələk), Mirzə Ağa Mirzəyev (Orxan), Günel Məmmədova (Reyhan), Nigar Məmmədova (Lalə), Elnur Hüseynov (Tofiq), Aybəniz Məmmədova (Nazı), Elşən Hacıbabayev (Marlen), Emin Sevdiməliyev (Səməd) ifa edirlər.
Tamaşanın rejissoru C.Səlimova: «Əli Əmirli çox gözəl və maraqlı əsər yazıb. Əslində bu tamaşada çoxlu mövzu var. Məhəbbət, məktəblərdəki arzuolunmaz vəziyyət, rüşvət və sairə. Əsas mövzu budur. Tamaşaçılar çox maraqlı və yumorlu anlardan zövq ala biləcəklər».
Əsərin müəllifi Ə.Əmirli: “Tamaşa valideyn, şagird və müəllim münasibətlərindən bəhs edir. Aktual, insanları, cəmiyyəti düşündürən mövzudur. Burada cəmiyyəti daima düşündürən məsələlər önə çəkilir. Tamaşada müəllim əxlaqı, şagirdin müəllimə inamı, gənclərin bir şəxsiyyət kimi formalaşması məsələsi var. Tamaşanı lirik komediya adlandırdıq. İstədik ki, ciddi problemi tamaşaçılara çatdıranda eyni zamanda onların haradasa əhvalına bir şuxluq gətirək. Tamaşanın qəhrəmanının adının Sabah seçilməsi də təsadüfi deyil. Tamaşa sabaha, gələcəyə ümidlə sona çatır. Yəni uşaqların həyatından Sabah müəllimə bir işıq kimi keçir. Əsər bunun üzərində qurulub».
Müəllif onu da vurğuladı ki, tamaşa ilə heç də kiməsə dərs vermək niyyətində deyillər: “Sadəcə şagirdlərin, müəllimlərin və valideynlərin diqqətini bu məsələyə yönəltmək istəyirəm. Bu gün cəmiyyətimizdə rüşvətxorluğa qarşı mübarizə gedir. Mən də istəmişəm ki, bir daha diqqəti həmin məsələyə yönəldim. Ola bilər ki, bu tamaşaya münasibətdə müxtəlif rəylər olsun. Bu mənada hesab edirəm ki, tamaşa birmənalı qarşılanmayacaq və onun tamaşaçısı çox olacaq».
Tamaşada Sabah müəllimə rolunu ifa edən Mehriban Abdulayeva obrazı canlandırmaqdan çox məmnun qaldığını bildirdi: «İlk dəfədir ki, teatrda müəllimə rolunu oynayıram. Sabah şagirdlərini sevən, onların qayğısına ana kimi qalan müəllimədir. Şagirdləri də onu çox sevirlər. Bu tamaşa vasitəsilə artıq özümü müəllimə kimi hiss edirəm və bu hissin nə demək olduğunu anlayıram. Mənim üçün həmişə maraqlı olub ki, görəsən mən müəllimə ola bilərəm? Səhnədə müəllimə oynamaq həqiqətən çox maraqlıdır».
Tamaşada əsas personajlardan biri Orxandır. Bu obrazın ifaçısı Mirzə Ağa Mirzəyev bildirdi ki, rolu ifa etmək onun üçün heç də çətin olmadı: «Orxan mənim üçün çox maraqlı obraz oldu. Başqa məktəblilərdən düşüncə tərzinə görə seçilir. Orxan imkanlı ailənin övladıdır. Lakin özünə arxalanan və öz gücünə oxumaq istəyən bir gəncdir, rüşvətxorluğa qarşı çıxır. O bir qızı dəli kimi sevir və qızın valideyninin kim olduğu onun üçün önəmli deyil. Hər iki gəncin başına problemlər gəlir. Çünki valideynlər aralarındakı maddi imkanlar fərqinə görə bu izdivaca razı olmurlar. Lakin Sabah müəllimənin yardımı ilə məsələ müsbət həll olunur”.
Qeyd edək ki, «M.S.S. Mən səni sevirəm» tamaşasının premyerası aprelin 22-də olacaq.
Gülər Nizamiqızı