Mayın 25-də Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin «Aida» operasının tamaşası oynanılacaq. Teatrın rəhbərliyi bu tamaşanı idarə etmək üçün məşhur italyan dirijoru Canluka Marçianonu dəvət edib. Teatrdan verilən məlumata görə, C.Marçiano hazırda Londonda yaşayır və İngiltərə kamera orkestrinin dirijorudur. Həmçinin dünyanın ən qabaqcıl opera və balet teatrlarında tamaşaları uğurla idarə edir.
Mayın 25-də C.Marçianonun idarəsi ilə tamaşada Aida partiyasında ilk dəfə olaraq teatrın gənc və istedadlı solisti Çinarə Şirin debüt edəcək. Ramades rolunu Gürcüstan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Amneris rolunu isə Azərbaycanın Əməkdar artisti Fidan Hacıyeva ifa edəcəklər. Tamaşada həmçinin teatrın aparıcı solistləri, əməkdar artistlər Əli Əsgərov, Əvəz Abdullayev və Əkrəm Poladov da çıxış edəcəklər.
Gülər